17 aprel 2025 16:32
144

Azərbaycan-Gürcüstan dostluğu hamıya örnəkdir

Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri böyük coğrafiya üçün önəmlidir.

Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır: Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr bu gün də yaşayır. 

Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Bu, onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini yatırırlar”.

Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır: Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa, səmərəli alternativ bağlantı yaradır. 

Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir.

Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. Getdikcə qaz ixrac coğrafiyamız genişlənəcək. Yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Bununla yanaşı, Azərbaycan Gürcüstanla birlikdə yaşıl enerji layihələrini də həyata keçirir. Bu gün yaşıl enerji bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür. Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Azərbaycan və Gürcüstan arasındakı bu əməkdaşlıq iki ölkəyə böyük uğurlar gətirəcək,  aralarında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yardımçı olacaq konkret planlara və qərarlara əsaslanır. Bu əməkdaşlıq qarşıdakı illərdə də eynilə bu cür fəallıq və dostluq ruhunda davam etdiriləcək və bölgədə sülhün, sabitliyin, dinclik və əmin-amanlığın əsas təminatçısı olacaq.

Əminə Ağazadə,

Milli Məclisin deputatı