07 aprel 2025 02:48
168

Aİ Rusiyanın hücumuna hazırlaşır: Tarix açıqlandı

"Avropa İttifaqı 2030-cu ilə qədər Rusiyanın hücumuna hazır olmalıdır".

“İki sahil” xəbər verir ki, bunu Aİ-nin müdafiə məsələləri üzrə tarixdə ilk komissarı Andrius Kubilius DW-ə müsahibəsində bildirib.

Onun fikrincə, hazırda Aİ-nin qarşılaşdığı iki əsas çağırış var:

"Birincisi Rusiyanın aqressivliyi ilə bağlıdır. Ukraynada davam edən münaqişə buna sübutdur. İkinci çağırış isə Çinin hərbi gücünün artması nəticəsində ABŞ-nin Avropa qitəsindəki mövcudluğunu azaltma ehtimalıdır. Biz buna hazırlaşmalı, təhlükəsizlik məsuliyyətinin daha çox hissəsini öz üzərimizə götürməliyik", - o bəyan edib.

Kubilius həmçinin qeyd edib ki, Aİ təxribatlara da cavab verməlidir:

"Baltik kabelləri, Almaniyanın dəmir yolları, infrastruktur obyektlərindəki diversiyalar - bütün bunlar hibrid müharibə aparmaq üçün xüsusi olaraq həyata keçirilir, lakin bu, NATO-nun 5-ci maddəsində (kollektiv müdafiə) nəzərdə tutulan səviyyəyə çatmır. Rusiyanın aqressiya təhlükəsi bütün ölkələr tərəfindən kifayət qədər dərindən anlaşılır", - deyə Kubilius vurğulayıb.