Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün bərpasının real hədəf olduğunu və bu məqsədə ardıcıl siyasət və səbr yolu ilə nail olmağın mümkünlüyünü bildirib.
“İki sahil” xəbər verir ki, Baş nazir bu barədə “İmedi” telekanalına verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, siyasətlə məşğul olan hər şəxs fəaliyyətinin ölkənin inkişafına uzunmüddətli təsir göstərməsini təmin etməlidir.
“Hesab edirəm ki, siyasətdə olan istənilən şəxs ölkənin inkişafında iz qoymağa çalışmalıdır. Hadisələr dinamik inkişaf edir və bu prosesin hara gedəcəyi indidən məlum deyil. Amma inanıram ki, istənilən məqsədə, o cümlədən əsas arzumuz olan ərazi bütövlüyünün bərpasına da ardıcıl siyasət və səbr yolu ilə çatmaq mümkündür”, - Kobaxidze bildirib.
O əlavə edib ki, bu məsələ bir sıra amillərdən asılı olacaq, lakin düzgün siyasət və səbr nəticəsində istənilən hədəfə nail olmaq mümkündür:
“Əgər mən bu işdə kiçik də olsa bir töhfə verə bilsəm, çox xoşbəxt olaram. Ümid edirəm ki, fəaliyyətimlə bu istiqamətdə müəyyən iz buraxacağam,” - hökumət başçısı vurğulayıb.