Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həsənriz, Umudlu və Suqovuşan kəndlərində mühüm sosial obyektlərin açılışında iştirak etdilər, Həsənriz kəndinə köçən bir qrup sakinlə görüşüb fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldular
Yurdumuza birlik, həmrəylik, xeyirxahlıq rəmzi olan Novruz gəlir. Tarixi Zəfərimizdən sonrakı dövrə nəzər salsaq dövlət başçısı İlham Əliyevin Novruz bayramında azad edilmiş torpaqlara səfər edərək bu məkandan xalqımızı bayram münasibətilə təbrik etdiyini görərik. Bundan qürurverici nə ola bilər? Prezident İlham Əliyev ötən il Novruz tonqalını Xankəndi şəhərində alovlandırdıqdan sonra xalqa təbrikində bildirdi ki, dördüncü dəfədir bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.
Bu il bu sıraya Ağdərə rayonunun Həsənriz kəndi də daxil oldu. Qeyd edək ki, bu il martın 3-də qayıdışın növbəti ünvanı Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi oldu. Həsənriz kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr idi. İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürüldü. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edir, bu yolda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirlər.
Ağdərə Silahlı Qüvvələrimizin həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən ərazilərimizdəndir. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycanın Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Bu mühüm məqam da xüsusi qeyd edilir ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsindən , onların yaratdığı reallıqlar əsasında işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, soydaşlarımızın Böyük Qayıdışından qürur hissi keçirir. Ötən ilin mühüm hadisələrindən biri məhz suverenliyimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımların atılması oldu. Belə ki, cənab İlham Əliyevin Sərəncamı ilə Dövlət Suverenliyi Günü təsis edildi. Həmçinin 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü kimi təsis edilib. Şanlı Qələbəmizdən sonra atılan hər bir addım bu Zəfərin əbədiləşdirilməsinə, onun yaratdığı reallıqların qəbuluna, təsdiqlənməsinə xidmət edir. Dövlət başçısı İlham Əliyevin ötən ilin sonunda imzaladığı Sərəncam ilə 2025-ci il ölkəmizdə «Konstitusiya və Suverenlik ili» elan edildi.
Bu gün keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün ölkə Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra edilir. Əsas hədəf Böyük Qayıdış proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ildək 140 min məcburi köçkün doğma yurd-yuvasına qayıdışıdır. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Prezident İlham Əliyev ötən il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimində çıxışı zamanı xalqımızın əyilməz ruhunu belə ifadə etmişdir: «Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar.»
Tarixi Zəfərimizdən dərhal sonra başlanan və hazırda geniş miqyas alan bərpa-quruculuq işləri, eyni zamanda, soydaşlarımızın qayıdış ünvanlarının sayının günbəgün artması ölkəmizin iqtisadi imkanlarının təqdimatı olmaqla yanaşı, bu torpaqların sahibinin məhz Azərbaycan xalqı olduğunun nümayişidir. Dövlət başçısı İlham Əliyev ötən ilin martında Xankəndi şəhərində Novruz tonqalını alovlandırdı, 20 sentyabr - Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak etdi, universitetin müəllim və tələbə heyəti ilə görüşdü. Ötən il, eyni zamanda, Xocalı şəhərinin sakinlərinə qovuşması ilə yadda qaldı. Suverenliyimizin bərpasından qısa zamanda görülən işlərin miqyası qayıdış prosesinin sürətində şpünün aydın ifadəsini tapır. Cənab İlham Əliyevin bu torpaqlara qaydıan sakinlərlə görüşü hər birimizdə böyük qürur hissi yaradır. Dövlət başçısı hər bir çıxışında tarixi Zəfərimizin qəhrəmanlarının qəhrəmanlığından, şücaətindən, vətənpərlik hissinin böyüklüyündən geniş bəhs edərək bildirir ki, onlar canları, qanları ilə tarix yazdılar. Dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordumuzun həyata keçirdiyi əməliyyatların oxşarı yoxdur. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir?! Bu, həqiqətdir: «Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.»
Tarixi Zəfərimizin qəhrəmanlarının hər biri bir dastan yazdı. İndiki və gələcək nəsillər bu dastana öyrənməli, qalib, bütövləşən, yeni Azərbaycanı sevməklə yanaşı, sevdirməli, daim ölkəmizin milli maraqlarını hər şeydən üstün tutmalıdırlar. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu çağırışı da edir ki, 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər, onlar da bu yolla getməlidirlər. İlk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Bizim bu 30 illik işğal dövrümüz onu göstərdi.
30 il mənfur düşmən bu torpaqları tamamilə dağıtmış, bütün tikililəri, tarixi və dini abidələri yerlə-yeksan etmiş və bununla özlərində belə bir fikir yaratmışdılar ki, bu torpaqların sahibi onlardır, vəziyyət sona qədər bu şəkildə davam edəcək. Tarixi və dini abidələrin tamamilə dağıdılmasında məqsəd Azərbaycan xalqının izlərini silmək, öz yalanlarına özləri kimi dünyanı da inandırmaq idi. Amma unudurdular ki, tarixi silmək mümkün deyil. Hər daşı, qayası tarix olan bu torpaqlarımız erməni vəhşiliklərinə şahidlik edəcək və zaman yetişəndə onların əsl simalarını dünyaya çatdıracaq. Bu gün işğaldan azad edilmiş ərazilərimizə səfər edən xarici qonaqlar gördüklərindən təəccüblərini gizlədə bilmirlər. Azərbaycan xalqının bu illər ərzində necə bir vəhşi ilə üz-üzə qaldıqlarının şahidinə çevrilirlər. Prezident İlham Əliyev daim bu çağırışı edir ki, bütün dünya görsün vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub, biz hansı vəhşilərlə üz-üzə idik, biz hansı vəhşiləri məğlub etmişik. Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar. Evlərimizi, kəndlərimizi dağıdıblar, torpaqlarımızdan istifadə ediblər. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam indi viranəyə çevrilmiş xarabalıqlardan ibarətdir. Ağdam şəhərində səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Cənab İlham Əliyev çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb: «Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib.» O da bildirilir ki, tezliklə azad edilmiş torpaqlarımıza ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma yurdlarına dönmüş insanların çöhrəsindəki xoşbəxt təbəssümlə qarşılaşacağıq. İcra edilən infrastruktur layihələrinin miqyası daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmağa imkan verir. Məlum olduğu kimi, sakinlərin bu il qaytarılacaqları şəhərlərdən Ağdam, Zəngilan, Qubadlı nəzərdə tutulur.
Tarixi Zəfərimiz, eyni zamanda, son dörd ildən artıq dövrdə imza atdığımız Zəfərlər dövlətimizin başçısının «Nəyi, necə və nə vaxt etmək lazımdır, mən bilirəm» çağırışının nümayişidir. Son 21 ildən artıq dövrdə Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı. Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının memarı kimi tarixə yazılan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd etdi ki, biz bu illər ərzində həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində güc topladıq. İqtisadiyyatımızı, ordumuzu gücləndirdik. «Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq» söyləyən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi vurğulayır ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi. İşğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər. Amma bu işğalı əbədi etmək istəyənlərin də məqsədi o idi ki, gələcək nəsil, gənc nəsil artıq müharibə istəməyəcək, biz Ermənistanla barışaq, işğal da yerində qalsın. Bax, bütün bu planları biz Azərbaycan xalqı darmadağın etdik, alt-üst etdik. Ona görə bu günə qədər bizə qarşı əsassız ittihamlar, təzyiqlər edilir. Bizə qarşı nə qədər əsassız ittihamlar işlədilir. Özü də müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib: “Bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir. Ölkə öz torpağını necə zəbt edə bilər?! Bizim müharibəmiz azadlıq müharibəsi idi. Bunu deyənlər, bizə qarşı ittihamlar irəli sürənlər də bunu yaxşı bilirlər. Sadəcə olaraq, ikili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir: «Çünki təbii olaraq siz o illəri yaşamamısınız və tarixi kitablardan oxuyursunuz. Ona görə həm orta məktəblərdə, həm də ali məktəblərdə müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Mən bu gün bizim müəllimlərimizi, onların işini xüsusilə qeyd etmək istəyirəm. Çünki bizim gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların çox böyük rolu olmuşdur, bu gün də var. İki tərbiyə mənbəyi var - ailə və müəllim… Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda, onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar. Ancaq yenə də bu Zəfəri təmin etmək üçün dayanmadılar.»
Azərbaycanın addım-addım hədəfə doğru irəliləməsində düşünülmüş siyasətin rolu xüsusi qeyd edilir. Bildirilir ki, bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.
2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladıq və davamlı uğurlara imza atdıq. 2024-cü ilin uğurları 2025-ci ili də müsbət göstəricilərlə başa vuracağımıza əminlik yaradır. Müasir tariximizin yeni dövrü məhz 2023-cü ilin 20 sentyabrından başlayır.
Reallıq budur ki, Azərbaycan bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdi ki, inamla yaşamaq lazımdır. «İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var» söyləyən cənab İlham Əliyev qeyd edir ki, Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən. O, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır: «Bu önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır, var. Cəmiyyətdə birlik olmalıdır, bu da var.»
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, işğaldan azad edilmiş ərazilərimizdən səsləndiridyi çağırışların hər biri tarixi Zəfərimizə gedən yolun təhlili olmaqla yanaşı, bu qələbəni şərtləndirən amillərin təqdimatıdır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşdü, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldular. Sonra dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırdılar. Cənab İlham Əliyev sakinlərlə görüşündə “Bu gözəl bayram günündə artıq sizinlə birlikdə burada olmaq mənim üçün də çox xoşdur. Həsənriz kəndi qədim Azərbaycan kəndidir, bilirsiniz. Burada Azərbaycan xalqı əsrlər boyu yaşayıb, hətta çar Rusiyası dövründə dərc edilmiş xəritələrdə Həsənrizin adı var - Həsənriz kəndi. Qanunsuz olaraq Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılandan sonra ermənilər başqa yerlərdən gətirilərək burada məskunlaşdırıldı və bunun adı da dəyişdirildi. Artıq adını da bərpa etdik, tarixi ədaləti də bərpa etdik, Azərbaycan xalqı da buraya qayıdıb, indi rahat, xoşbəxt yaşayacaq” söyləyərək bir daha bildirdi ki, biz tarixi ədaləti, beynəlxalq hüququ və öz haqqımızı bərpa etməli idik. Ona görə İkinci Vətən müharibəsindən keçən üç il ərzində gələcək planlarımız haqqında həm düşünürdük, həm çalışırdıq və əlbəttə ki, separatçıların hər hansı bir formada bu bölgədə qalmaları qeyri-mümkün idi. Biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq: “Bu gün də Xankəndi şəhərində erməni əhalisi var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı göstərirlər. Bax, bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışdılar, soyqırımı törətmişlər, Azərbaycan xalqına olmazın əzablar vermişdilər, xalqımızın böyüklüyü məhz bundadır. Biz haqlı olan tərəfik, həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu, bizim tarixi və hüquqi torpağımızdır.”
Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etdilər. Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib. Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yolda nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb. Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması da belə mühüm layihələrdən biridir. Həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim etdilər. Dövlətimizin başçısı sakinlərlə görüşündə vurğuladı ki, bu kənd İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. 44 gün ərzində Ordumuz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bunun çox böyük strateji əhəmiyyəti var. Bu kəndin və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən Suqovuşan kəndini işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq, həm də fədakarlıq tələb edirdi. Hərbçilərimiz öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsini və bir günlük antiterror tədbirlərini şərtləndirən amillərdən geniş bəhs edərək böyük qürur hissi ilə bildirdi ki, bu gün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamışınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə.
Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasimində iştirak ediblər. Məsciddə yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin təşəbbüsünə və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilir və ya əsaslı şəkildə bərpa olunur. Bu fakt da məlumdur ki, işğal zamanı məscidlərimiz də vəhşiliklə dağıdılıb, 67 məsciddən 65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeni məscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəki məscidin tikintisi eyni zamanda ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.
Göründüyü kimi, dövlətimizin həyata keçiridyi iqtisadi siyasətin əsasında azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın bu torpaqlara qayıdışı və yeni həyatın başlanması dayanır. Suverenliyimizin bərpasından sonra Xocalının, Ağdərənin sakinlərinə qovuşması üçün ilk addımların atılması, yaxın zamanlarda bü ünvanlar sırasında Xankəndi şəhərinin də yer alacağının bildirilməsi dövlətimizin qətiyyətinin bariz nümunəsidir. Qısa müddətdə bu torpaqlara qayıdışı reallışdırmaq böyük iqtisadi gücün, xalqımızın yenilməzliyinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin yeni dövrə qədəm qoyan Azərbaycanın reallıqlarından bəhs edərkən böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir. Dövlət başçısı İlham Əliyev Ağdərə rayonunun Həsənriz kənd sakinləri ilə görüşündə bir daha bu reallığı diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan tam məhv ola bilərdi. Əslində, 1993-cü ilə qədər gedən proseslər ona gətirib çıxarırdı. Həm torpaqlarımızın işğal altına düşməsi, həm daxili çəkişmələr, vətəndaş müharibəsi. Bütün bunların qarşısını Ulu Öndər almışdı və nizami ordu quruculuğu da onun adı ilə bağlıdır: “Biz - onun davamçıları, sadəcə olaraq, onun yolu ilə gedərək ölkəmizi daha da gücləndirdik, bütün gücümüzü səfərbər etdik, dəmir yumruğu yaratdıq, düşmənin başını əzdik, indi belə bayramları burada qeyd edirik. Bundan böyük xoşbəxtlik ola bilməz.”
Sonra dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həsənriz kəndindəki Bayraq meydanında oldular. Burada üçrəngli bayrağımız 17 metr hündürlüyündə dirəkdə dalğalanır. Bayraq meydanının yeri elə seçilib ki, buradan Həsənriz kəndi ilə yanaşı, digər kəndlərə də gözəl mənzərə açılır.
Yeganə Əliyeva, “İki sahil”