Rusiyanın Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı qərarlara təsir etmək hüququ yoxdur. Ukrayna torpağında xarici kontingent sülhün təminatıdır.
“İki sahil” "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində yazıb.
“Bu kontingentlə bağlı ruslara qulaq asmaq çox pis fikirdir. Kontingent Ukraynada yerləşdirilməlidir. Bu, Ukrayna və Avropa üçün təhlükəsizliyin təminatıdır”-deyə, o bildirib.
Eyni zamanda, Zelenski qeyd edib ki, əgər Vladimir Putin Rusiya ərazisinə hansısa xarici kontingenti yerləşdirmək istəyirsə, bu, onun işidir:
“Ancaq Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı nə isə qərar vermək onun işi deyil”.
Xatırladaq ki, ötən gün Ukrayna ABŞ-ın Rusiya ilə 30 günlük atəşkəs təklifini qəbul edib. Artıq martın 13-də ABŞ rəsmiləri Rusiya tərəfi ilə bu məsələni müzakirə etməyə başlayıblar. Lakin Moskva hələlik yekun cavab verməyib.