15 mart 2025 22:22
91

Zelenski ukraynalı hərbçilərin Kursk bölgəsində mühasirəyə alınmadığını deyib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün heç olmasa ilk addımların atılması üçün qətiyyətli tədbirlərin görülməli olduğunu bildirib və bu kontekstdə Rusiyaya qarşı sanksiyaların artırılmasına çağırıb.

İki sahil”in məlumatına görə, Zelenski “X” hesabından yaydığı açıqlamada, dünya liderlərinin Ukrayna məsələsini müzakirə etdiyi İngiltərənin ev sahibliyi etdiyi onlayn görüşün açılışında danışdığını bildirib.

Rusiyanın sülhə doğru addımlar atmalı olduğunu vurğulayan Ukrayna lideri dünya liderlərini Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb: "Müharibənin dayandırılması istiqamətində ən azı ilk addımların atılması üçün qəti tədbirlər görülməlidir. Buraya sanksiyalar da daxildir".

Rusiya prezidenti Vladimir Putinin Kursk bölgəsində baş verənlərlə bağlı yalan danışdığını iddia edən Zelenski, ukraynalı hərbçilərin Kursk bölgəsində mühasirəyə alınmadığını bildirib.

O, ABŞ və Rusiya rəsmiləri arasında Moskvada keçirilən atəşkəs görüşündə nəyin müzakirə olunduğunu dəqiq bilmədiyini, lakin Rusiyanın prosesi uzatmaqla Ukraynanı çətin vəziyyətə salmaq istədiyini deyib.

Avropa silahlı qüvvələrinin yaradılması ilə bağlı fikirlərini təkrarlayan Zelenski qeyd edib ki, Putinin Ukraynada xarici hərbi birləşmələrin yerləşdirilməsi ilə bağlı qərar vermək hüququ yoxdur.

Zelenskinin sözlərinə görə, üç il ərzində Ukraynanın və bütün Avropanın müdafiə qabiliyyətini gücləndirmək mümkün olacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”