12 mart 2025 22:23
105

Siyasi həmrəyliyin Azərbaycan nümunəsi

Bu günlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası respublikamızda fəaliyyət göstərən siyasi partiyaları nümayəndələrinin, eyni zamanda, tanınmış politoloq və siyasi şərhçilərin, jurnalistlərin işğaldan azad olunan müqəddəs torpaqlara birlikdə səfərini təşkil etmişdi. Kiçik radikal kəsimdən başqa demək olar ki, bütün partiya və əsas siyasi təşkilatlar növbəti dəfə qeyri rəsmi formada bir araya gəldilər. Bu dəfəki səfərin ünvanı Xankəndi, Əsgəran və Xocalı idi. Sözün əsl mənasında hakim partiya ilə müxaliflərin bir yerdə olması, dövlət, dövlətçiliyimiz naminə bir yumruq ətrafında birləşib bir hədəfə vurmasından gözəl nə ola bilər. Bu birliyi siyasi həmrəyliyin Azərbaycan nümunəsi adlandırsaq yerinə düşər.

İlk baxışdan kiməsə sadə görünə bilən, amma əslində bunu düzgün müəyyənləşdirilmiş strategiyanın zərgər dəqiqliyi ilə həyata keçirilməyinin məntiqi nəticəsi kimi xarakterizə etmək lazımdır. Burada mürəkkəb, amma həm də incə bir prosesin görünməyən tərəfində aylarla, illərlə çəkilən əziyyət dayanır. Kimyaçılar yaxşı bilir: üzvi kimyanın zərif üzvi sintez deyilən bir alt bölümü var. Bu sintezi aparan təcrübəçidən olduqca çox dəqiqilik, böyük səbr və iradə tələb olunur. Ölkəmizin yeni siyasi konfiqurasiyasının yaradılmasında eynilə bir-biri ilə üzvi əlaqələndirilmiş dəqiqliklə siyasi iradənin necə sinergetik effekt yaratmasınının bir daha şahidi oluruq. Təbii ki, dövləş başçısı İlham Əliyevin ideya müəllifi olan analoqsuz bu siyasi strategiyanı yüksək bilik və bacarıqla, böyük ustalıqla ən əsası da özünəməxsus, təkrarsız siyasi gedişlərlə həyata keçirən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rolu xüsusi qeyd edilməli və təqdir olunmalıdır.

Səmimi etiraf etmək istəyirəm ki, əgər 5-10 il bundan əvvəl desəydilər təmsilçisi olduğum hakim partiya ilə müxaliflərimiz bu formada bir yerdə işgüzar görüşlərdə birlik nümayiş etdirəcəklər, inanmazdım. Çünki ikincilər əvvəl həmişə birincilərin xalq, millət naminə gördüyü işləri görməzdən gəlir, ancaq ağa qara deməklə məşğul idilər. Ancaq indi hamı dərk edir ki, hakimiyyətə müxalif olmaq olar, dövlətə və dövlətçiliyə müxalifətçılik etmək isə qətiyyən olmaz. Onun bir adı var, o da XƏYANƏT! Deməli, dövlət və dövlətçilik naminə bütün siyasi-ictimai qüvvələrindən tutmuş sıravi vətəndaşına qədər hamının ölkənin birinci şəxsinin ətrafında “Dəmir yumruq” kimi birləşməsi bizə 44 günlük Vətən müharibəsinin bəxş etdiyi ərazi bütövlüyü və üstəgəl 1 günlük antiterror əməliyatı ilə müstəqillik və suverenliyin tam bərqərar olmasını gətirir.

Qısa müddətdə siyasi həmrəyliyin gətirdiyi “ilklər”i saymaqla qurtarmaq olmur. Halbuki 5 il bundan əvvələ qədər həmrəyliyin iki tərəfi olan siyasi partiyalardan bir-birinin ünvanına ancaq qarşılıqlı ittihamlar səsləndirilirdi. İndi biz həmin etibarsızlıq mühitindən açıq, şəffaf müzakirələrlə rasional münasibətlərin formalaşdığı mühütə keçidi görürük.

Həqiqətən də diqqət cəlb edən faktlardır: VII çağrış Milli Məclisə seçilən deputatlardan 68-i hakim partiyanın təmsilçisidirsə, 13-ü müxalifət partiyalarının nümayəndələridir. Bununla iş bitmir. Yəni, biz bu gün müxaliflərimizi sadəcə sıravi millət vəkili kimi görmürük. Milli Məclis sədrinin 1 müavini, 1 komitə sədri, 5 komitə sədrinin müavini, 1 komissiya sədrinin müavini müxalifət partiyalarından seçiliblər. Bu, o deməkdir ki, siyasi həmrəylik partiyaları olmalı olduğu yerə - yəni, millətin məclisinə gətirib.

Qisa zaman kəsiyində baş verənlərdən gəldiyimiz qənaət ondan ibarətdir ki, ölkəmizin və regionumuzun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası (YAP) avanqard siyasi qüvvə olaraq, ölkədə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getməklə, Azərbaycan siyasi sisteminə də yeni yanaşmanı gətirməyi bacarıb. Məhz bu yanaşma müasir dövrün reallıqlarına uyğun olan yeni çağırışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaratmışdır.

Birmənalı qeyd etmək olar ki, məhz iqtidar-müxalifət siyasi dialoqunun və siyasi partiyalarla sağlam əməkdaşlığın qurulması nəticəsində siyasi partiyanın dövlət qeydiyyatına alınmasındakı pərakəndəlik aradan qaldırılmış, tamamilə şəffaflıq yaranmışdır. Artıq siyasi partiyaların ofislə təmin edilməsi, siyasi fəaliyyət üçün bütün lazımi şəraitin yaradılması, hətta parlamentdə təmsil olunmayan partiyalara dövlətin maliyyə dəstəyinin göstərilməsi hakim partiya və onun Sədri cənab İlham Əliyevin oponentlərinə qarşı humanist davranış sərgiləməsinin ən bariz nümunəsidir.

Heç kəs iddia edə bilməz ki, uğurla həyata keçirilən yeni siyasi konfiqurasiya və ölkədə aparılan islahatların strateji hədəfləri hakim partiyanın hansısa maraqları ilə bağlıdır. Burada bir məqsəd, bir amal var: ölkədə dayanıqlı demokratik ənənələrin dərinləşməsi, cəmiyyətin inkişafı naminə iqtidar-müxalifət münasibətlərinin konstruktiv əməkdaşlıq formatına transformasiyası. Bu gün biz düşmənlərimizə hərbi müstəvidə qalib gəlib, aktiv müharibəni bitirmişik. Göründüyü kimi, siyasi müstəvidə mübarizə başa çatmayıb və ölkəmizə qarşı qarayaxmalar getdikcə artır. Cənab Prezidentin vurğuladığı kimi, biz elə daşları yerindən tərpətmişik ki, bunu asanlıqla qəbul etməyəcəklər. Ona görə ölkə rəhbəri və onun hakim partiyasının siyasəti ilə iş bitmir. Burada ikiqat həmrəylik nümayiş etdirmək üçün bütün siyasi partiyaların beynəlxalq fəaliyyətinin güclənməsinə ehtiyac var.

Bizə yaxın və uzaq olan inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, siyasi partiyalar cəmiyyətlə dövlət arasında əlaqədir. Onların əsas vəzifəsi ayrı-ayrı vətəndaşların, sosial təbəqələrin maraqlarını vahid siyasi marağa çevirməkdən ibarətdir. Bu vəzifənin həyata keçirilməsi, ilk növbədə, dövlət və partiyaların müxtəlif for­malarda həyata keçirilən sıx qarşı­lıqlı əlaqəsi, intensiv aparılan siyasi dialoq sayəsində mümkündür. Siyasi dialoq hər bir dövlətin əsaslarının möhkəmləndirilməsi və beynəlxalq siyasi rəqabət sahəsində uğurların artırılması üçün əsas şərtlərdən biri­dir. Bununla yanaşı, siyasi fəaliyyətin bütün iştirakçılarının bu mühüm amili dərk etməsi, bütövlükdə, ölkənin siyasi mühitini daha fəal və dolğun edir. Sevindirici haldır ki, hazırda Azərbaycanda iqtidarla müxalifət arasında fəal siyasi dialoq gedir və siyasi dialoqun inkişafına və sosial mühitdə müsbət dəyişikliklərə dinamizm verən görüşlər keçiri­lir. Belə görüşlər, əlbəttə ki, iqti­darla bir çox partiyalar arasında münasibətlərin konstruktiv müstəvidə inkişaf etməsinə şərait yaradır.

Bir halda ki, siyasi partiyalar müasir siyasi sistemin tərkib hissəsi olmaqla, vətəndaş cəmiyyəti ilə dövlət arasında əlaqə rolunu oy­nayır, zaman dövlətlə siyasi partiyaların da qarşılıqlı əlaqəli şəkildə effektiv fəaliyyət göstərməsi bundan sonra da nəyin bahasına olursa olsun, davam etməlidir. Çünki unutmayaq ki, bütün dönəmlərdə güclü iqtidarın güclü müxalifəti olanda nəticə etibarilə dövlət sarsılmaz olur.

Əfsun Sucayev,
YAP İdarə Heyətinin üzvü,
professor