Ermənistanın şərti sərhədlər boyunca ağır hərbi texnika və artilleriya vasitələri cəmləməsi, döyüş məntəqələrində şəxsi heyətin sayını artırması, bu ölkədə revanşistlərin rahat şəkildə yenidən baş qaldırması, Azərbaycan əleyhinə radikal bəyanatlar verilməsi, “Qarabağ klanı” rəhbərlərinin yenidən “xortlaması”, Nikol Paşinyan hakimiyyətinin də onlara meydan tanıması qarşıdurma riskinin böyüdüyündən xəbər verir
Ermənistanda revanşist əhval-ruhiyyənin güclənməsi və işğalçı ölkənin sürətlə hərbiləşməsi göstərir ki, bölgə yeni bir müharibənin astanasındadır. Ermənistan artıq müharibəyə hazırlığını gizlətmir. Belə ki, ötən həftə hökumət iclasında 1 aprel - 13 iyun tarixlərində ehtiyatda olan hərbçilər üçün təlim toplanışlarının keçiriləcəyi elan edilib. Bu təlimlər rekord səviyyədə – 10 həftə davam edəcək ki, bu da standart hazırlıq müddətlərini əhəmiyyətli dərəcədə üstələyir. “Caliber”də dərc olunan məqalədə bildirilir ki, İrəvan müharibəni aprel ayında başlatmağı planlaşdırır. Yazıda daha sonra deyilir ki, eskalasiya prosesində xüsusi rolu Avropa İttifaqının (Aİ) rəsmi olaraq "müşahidə" kimi təqdim edilən, lakin tamamilə fərqli məqsədlərə xidmət edən missiyası oynayır: “Sərhəd boyunca kəşfiyyat fəaliyyətləri aktivləşdirilib - xüsusilə mümkün toqquşma bölgələrində. Avropalı "müşahidəçilər" sistemli şəkildə ərazini tədqiq edir, Azərbaycanın hərbi mövqelərini öyrənir, zəif nöqtələri müəyyənləşdirir. Əslində, monitorinq adı altında Ermənistan hərbi komandanlığına məlumat ötürülməsi baş verir ki, bu da neytrallıq prinsipinin kobud şəkildə pozulması deməkdir.
Görünüdüyü kimi, burada əsas məqsəd sərhəddə vəziyyəti sürətlə dəyişmək, Azərbaycanı məcburi şəkildə reaksiya verməyə vadar etmək və beləliklə, öz təcavüzünü ört-basdır etməkdir. Bu tip planları həyata keçirmək üçün ciddi resurslar tələb olunur. Son iki ildə Ermənistanın hərbi alışları kəskin şəkildə artıb – Fransa və Hindistandan milyardlarla dollar dəyərində silah alınıb. 2022-ci ildə Ermənistan Hindistandan 15 ədəd “Akash” zenit-raket kompleksinin satın alınması üçün 710 milyon dollarlıq müqavilə imzalayıb. Bu sistemlər döyüş təyyarələrini, qanadlı raketləri və pilotsuz uçuş aparatlarını 25 km məsafədə məhv edə bilir. Həmçinin Ermənistan Fransadan “CAESAR” 155 mm-lik özüyeriyən artilleriya qurğuları, “Pantserfaust 3” tank əleyhinə sistemləri, “R511” və “R530” hava-hava raketləri, “ERYX” tank əleyhinə raketləri, “Apilas” reaktiv qumbaraları və “BGM71-TOW” tank əleyhinə raket kompleksləri əldə edib. Daha bir kritik element isə Lori bölgəsində Yunanıstanın fəal dəstəyi ilə tikilən Harkop körpüsüdür. Bu körpü Ermənistanın hərbi texnikasını və canlı qüvvəsini qısa müddətdə sərhədə cəmləşdirməyə imkan verəcək. Üstəlik, Ermənistanla Fransa-Almaniya müştərək silah konserni olan KNDS arasında hərbi-texniki əməkdaşlığa dair müqavilənin imzalanması da yaxın tarixin hadisəsidir. “Leopard 2”, “Leclerc” tanklarının, “PzH 2000”, “CAESAR” haubitsalarının, zirehli transportyorların, hava hücumundan müdafiə sistemlərinin və mühəndis texnikasının istehsalçısı olan şirkətin Ermənistanla imzaladığı müqavilənin detalları açıqlanmasa da, şübhə etmirik, bu şirkət İrəvana “sülh göyərçini” ixrac etməyəcək.
Reallıq budur ki, Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır! İşğalçı ölkədəki revanşizm əhval-ruhiyyəsi, Fransanın təhriki ilə Ermənistanın sürətlə silahlanması və yeni müharibəyə hazırlaşması bölgəni növbəti dəfə od-alova qərq edə bilər. Ancaq Paşinyan və komandası bu təhlükənin miqyasını anlamır. Xatırlayırıq, 2020-ci ildə “yeni ərazilər uğrunda” müharibəyə hazırlıq gedirdi, başları əzildi, ordu darmadağın edildi. Amma sonrakı dönəmdə Azərbaycanın qələbəsini həzm edə bilməyən paytaxtların, mərkəzlərin səfərbərliyi, “hamımız erməniyik” platforması çərçivəsində Ermənistanın hərbiləşdirilməsi, onun yenidən savaşa sövq edilməsi istiqamətində fəaliyyətləri təhlükəli vəziyyət yaradıb. Azərbaycan qalib tərəf olsa da, Ermənistandakı terrorçuların, revanşistlərin, daşnak tör-töküntülərinin, uşaq, qadın, qoca qatillərinin birdəfəlik məhv edilməsi istiqamətində bir sıra ölkələrin nümunəsində olduğu kimi addımlar atmadı. Dövlətimiz humanist davrandı, məsələlərin sülh yolu ilə həllinə önəm verdi, 3+3 formatında uzunmüddətli əməkdaşlıq təklif etdi. Bunun əvəzində, nəfəs dərmək imkanı qazanan Ermənistan silahlanmaya girişdi, heç olmasa “pir qələbəsi” qazanmaqla sülh müzakirələrinə “əli güclü” gəlməkdən ötrü. Nikol Paşinyan kiçik də olsa, üstünlük qazanmağa çalışır ki, hakimiyyətinin ömrünü uzatsın. Ona görə də Nikol Paşinyan Ermənistana ayrılan vəsaitləri silah alışına yönəldir.
Gerçəklik budur ki, Paşinyanın reytinqi getdikcə aşağı düşür və bunun qarşısını almaq üçün onun yeniliyə ehtiyacı var. Hətta “saqqal yükü”ndən də xilas oldu, amma nəticə əldə edə bilmədi. Odur ki, bəzən anlaqsız vəziyyətdə çıxış yolları arayır. Ermənistan hakimiyyəti yeniliyi hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa qələbə qazanmaqda görür. Bir müddət əvvəl açıqlandı ki, Aİ tərəfindən Ermənistana göstərilən yardımın maksimal məbləği 12 milyon 900 min avrodur. Avropa Sülh Fondunun ayırdığı milyonları belə, Ermənistan silah-sursata xərcləyirsə, bu, artıq növbəti savaşa verilən “xeyir-dua”nın aşkar göstəricisidir.
Sevinc Azadi, “İki sahil”