13 mart 2025 00:43
81

30 günlük dərhal atəşkəs

Ukrayna razılaşdı.

ABŞ “Top hazırda Rusiyanın meydançasındadır” dedi.

Kreml isə hələ “hə” və ya “yox” deməyə tələsmir…

Martın 11-də Səudiyyə Ərəbistanın ikinci böyük şəhəri və maliyyə mərkəzi olan Ciddədə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşdə rəsmi Kiyev nəhayət, 30 günlük atəşkəsə razılıq verdi. 6 saatdan artıq davam edən danışıqlardan sonra iki ölkənin nümayəndə heyətlərinin görüşünün yekunlarına dair birgə bəyanat qəbul edildi.

Bəyanatda vurğulanır ki, Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir. Nümayəndə heyətləri, həmçinin sülh prosesinin bir hissəsi kimi humanitar səylərin əhəmiyyətini, xüsusilə atəşkəs dövründə, o cümlədən hərbi əsirlərin mübadiləsi, saxlanılan mülki şəxslərin azad edilməsi və məcburi köçkün olan ukraynalı uşaqların geri qaytarılmasının vacibliyini müzakirə ediblər.

Ciddə görüşündən sonra ABŞ bəyan edib ki, Rusiya artıq bu qərar əsasında sülhə hazır olduğunu nümayiş etdirməlidir. Bir məsələni xüsusilə vurğulamq lazımdır ki, Ukrayna tərəfi bir daha Avropa tərəfdaşlarının sülh prosesinə cəlb olunacağını vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp martın 11-də Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqların nəticələrini şərh edərkən xüsusilə Rusiyanın atəşkəsə razı olacağına ümid etdiyini bildirib: “İndi biz Rusiyaya getməliyik və mən həqiqətən ümid edirəm ki, Prezident Putin bununla da razılaşacaq. Ümid edirəm ki, razılığa gələ bilərik. Biz Ukraynada müharibəyə son qoymaq istəyirik”. 

Ağ Evin rəhbəri əlavə edib ki, əgər Rusiya Federasiyası ilə razılığa gəlmək olarsa, o zaman “gözəl olacaq”. Əgər Rusiyanı atəşi dayandırmağa məcbur etmək mümkün deyilsə, o zaman “sadəcə döyüşməyə və Ukraynanı təchiz etməyə davam etdirəcəyik”.

Ukrayna Prezidenti Volodimir Zelenski razılaşma haqqında danışarkən bildirib ki, atəşkəs bütün cəbhə xətti boyunca döyüşlərin dayandırılmasını, uzaqmənzilli raket və pilotsuz təyyarələrin zərbələrinə moratoriumun qoyulmasını, Qara dənizdə əməliyyatların dayandırılmasını əhatə edəcək və bütün bunlar yalnız Rusiya Amerikanın təklifi ilə razılaşdıqdan sonra başlayacaq.

ABŞ Dövlət katibi Marko Rubio öz növbəsində bildirib ki, Birləşmiş Ştatlar təklif barədə bir neçə diplomatik kanal vasitəsilə Rusiyanı məlumatlandıracaq. O, “topun hazırda Rusiya tərəfində olduğunu” vurğulayıb. Dövlət katibi qeyd edib ki, ABŞ administrasiyası Ukraynada atəşkəslə bağlı təklifi Rusiyaya çatdırmağı planlaşdırır və Moskvadan müsbət cavab alacağına ümid edir: “Biz onlara deyəcəyik: Masada olan budur. Ukrayna atəşi dayandırmağa və danışıqlara başlamağa hazırdır və indi ruslar “hə” və ya “yox” deməli olacaqlar”. Prezident D.Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolts da öz növbəsində yaxın günlərdə Rusiya rəsmiləri ilə danışacağını diqqətə çatdırıb.

Ciddə danışıqlarında iştirak edən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında yazıb ki, Rusiyanın razılaşacağı halda Ukraynanın qəbul etdiyi 30 günlük dərhal müvəqqəti atəşkəs heç bir halda münaqişənin dondurulması demək deyil: “Bu müvəqqəti atəşkəs nə üçün vacibdir? Burada söhbət dondurulmuş münaqişədən getmir. Söhbət yalnız müharibəni ədalətli şəkildə bitirmək üçün yol axtarmağa çalışmaqdan gedir. Bu, həm də sülhdə kimin həqiqətən maraqlı olduğunu nümayiş etdirən bir addımdır”.

A.Sibiqa, həmçinin qeyd edib ki, bundan başqa, bəyanat mineral ehtiyatlar üzrə sazişin imzalanması ilə bağlı birbaşa Ukrayna və ABŞ liderlərindən müsbət siqnalları əks etdirir: “Üstəlik, bəyanata əsasən, bu razılaşma Ukraynanın uzunmüddətli rifahını və təhlükəsizliyini birbaşa ABŞ-ın təmin etməsi ilə əlaqələndirilir. Ukrayna tərəfi elə məhz buna çalışırdı”.

Artıq avropalı liderlər də 30 günlük atəşkəs haqında razılığa münasibət bildiriblər. Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen, Böyük Britaniyanın Baş naziri Keir Starmer və Fransa Prezidenti Emmanuel Makron bunun həyata keçirilib-keçirilməməsinə görə məsuliyyətin artıq Rusiyanın üzərinə düşdüyünü vurğulayıblar. 

Amma iş orasındadır ki, rəsmi Moskva məsələyə hələ də rəsmi münasibət bildirməyib.  Yalnız Kremlin sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirib: “Bir az tələsirsiniz. Biz tələsmək istəmirik. ABŞ Dövlət katibi Marko Rubio və ölkə Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bu məsələ ilə bağlı bizə məlumat verəcəklərini bildiriblər. Şərh verməzdən əvvəl ABŞ tərəfini dinləməliyik, onlarla görüşə ehtiyac yaranarsa, çox tez təşkil olunacaq. Amerika ilə əlaqə üçün mövcud kanallar bunu kifayət qədər qısa müddətdə etməyə imkan verir”.

Bəzi rusiyalı ekspertlər, bloqerlər, Dövlət Dumasının deputatları, Aleksandr Duqin başda olmaqla bir çox ultramillətçi tanınmışlar bildiridlər ki, Rusiya 30 günlük atəşkəslə bağlı qəbuledilməz təkliflə razılaşmamalıdır.  Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev ABŞ-la Ukrayna arasında mümkün atəşkəslə bağlı razılaşmanı şərh edərək, Moskvanın Vaşinqtonun şərtlərini qəbul etməyəcəyini bildirib. K.Kosaçev “Telegram”-da yazıb: “Rusiya irəliləyir və buna görə də Rusiya ilə hər şey fərqli olacaq. Onun sözlərinə görə, istənilən razılaşma “Amerikanın şərtləri ilə deyil” Rusiyanın şərtləri əsasında əldə edilməlidir: “Bu gün orada-cəbhədə real müqavilələr yazılır. Vaşinqtonun da anlamalı olduğu bu olmalıdlr. Qələbə bizim olacaq”.

Görünən odur ki, bu xəmir hələ çox su aparacaq…

Zahid Rza, “İki sahil”