09 oktyabr 2026 13:17
93

Bir məktubla başlayan yol...

Dəyişən dünya, dəyişməyən dəyər: Poçtun təməlində dayanan etibar

Elə yollar var ki, onları xəritələrdə görmək mümkün deyil. Bu yollar bir məktubun üzərindəki ünvandan başlayır, sərhədləri aşır, şəhərləri və ölkələri bir-birinə bağlayır, bəzən isə minlərlə kilometr uzaqda olan insanları eyni duyğunun ətrafında birləşdirir. Zaman dəyişir, rabitə vasitələri yenilənir, məsafələr rəqəmsal dünyanın imkanları ilə kiçilir. Ancaq bir həqiqət dəyişmir: məlumatın, sənədin, bağlamanın və etibarın doğru ünvana çatdırılması cəmiyyətin fasiləsiz fəaliyyətinin əsas şərtlərindən biridir.

Bu gün poçta yalnız keçmişdən qalan rabitə vasitəsi kimi baxmaq müasir dünyanın iqtisadi və texnoloji reallıqlarını düzgün qiymətləndirməmək olardı. Çünki poçt sistemi artıq sadəcə göndərişlərin daşındığı şəbəkə deyil. O, elektron ticarətin son nöqtəsi, beynəlxalq logistikanın mühüm halqası, rəqəmsal xidmətlərin fiziki dünyaya açılan qapısı və dövlətlə vətəndaş arasında əlçatanlığın təminatçılarından biridir. Ümumdünya Poçt Günü məhz bu dəyişimin mahiyyətini anlamaq, ənənə ilə innovasiyanın kəsişdiyi nöqtədə poçtun gələcəyini dəyərləndirmək üçün əhəmiyyətli fürsətdir.

Tarixin sınağından keçən qlobal şəbəkə

Poçtun beynəlxalq miqyasda vahid sistemə çevrilməsi XIX əsrin ən mühüm kommunikasiya yeniliklərindən biri idi. 1874-cü il oktyabrın 9-da İsveçrənin Bern şəhərində imzalanan müqavilə müxtəlif ölkələrin poçt sistemləri arasında əməkdaşlığın hüquqi əsaslarını formalaşdırdı. Sonradan Ümumdünya Poçt İttifaqı (ÜPİ) adlandırılan bu təşkilat beynəlxalq göndərişlərin daha sistemli və uzlaşdırılmış qaydada həyata keçirilməsinə imkan yaratdı. 1969-cu ildə Tokioda keçirilən ÜPİ Konqresində oktyabrın 9-nun Ümumdünya Poçt Günü elan edilməsi isə bu sahənin qlobal əhəmiyyətinin rəsmi şəkildə tanınmasının ifadəsi oldu.

Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan ÜPİ bu gün də beynəlxalq poçt əlaqələrinin təşkili, vahid qaydaların təkmilləşdirilməsi və üzv dövlətlər arasında əməkdaşlığın inkişafı istiqamətində fəaliyyət göstərir. Təşkilatın qarşısında duran vəzifə yalnız məktub və bağlamaların sərhədləri keçməsini təmin etmək deyil, həm də dəyişən iqtisadi münasibətlərə uyğun, təhlükəsiz və etibarlı qlobal xidmət mühiti formalaşdırmaqdır.

Lakin tarixin yaratdığı bu nəhəng sistem indi yeni mərhələyə qədəm qoyub. Rəqəmsal texnologiyalar istehlakçı davranışlarını dəyişdirib, elektron ticarət bazarları genişləndirib, beynəlxalq daşımaların təşkilinə isə daha mürəkkəb tələblər gətirib. Belə bir şəraitdə poçt xidmətlərinin gələcəyi keçmişin uğurlarını qorumaqla deyil, yeni çağırışlara çevik cavab verməklə müəyyənləşir.

Qlobal poçt sektorunun qarşısında duran əsas sual: inkişaf, yoxsa geriləmə?

ÜPİ-nin 2025-ci ildə dərc etdiyi Poçt sektorunun vəziyyəti – 2025 hesabatı bu sahədəki ziddiyyətləri aydın göstərir. Hesabata əsasən, 2006–2023-cü illərdə qlobal iqtisadiyyat təxminən 75 faiz böyüdüyü halda, poçt sektorunun gəlirlərində artım cəmi 4 faiz təşkil edib. Bu fərq ənənəvi biznes modellərinin yeni iqtisadi şəraitə uyğunlaşdırılmasının vacibliyini ortaya qoyur. Bu rəqəmlər ilk baxışda təəccüblü görünə bilər. Axı onlayn alış-veriş genişlənir, insanlar dünyanın müxtəlif ölkələrindən məhsullar sifariş edir, kiçik sahibkarlar rəqəmsal platformalar vasitəsilə xarici bazarlara çıxırlar. Bütün bunlar daşınma və çatdırılma xidmətlərinə tələbatı artırmalıdır. Ancaq sifarişlərin sayının çoxalması avtomatik olaraq poçt operatorlarının gəlirlərinin eyni sürətlə yüksəlməsi demək deyil.

Problemin kökündə bazarın parçalanması, logistika xərclərinin artması, rəqabətin güclənməsi və ənənəvi məktub göndərişlərinin azalması dayanır. Elektron ticarətin genişlənməsi yeni imkanlar yaratsa da, bu bazarın iqtisadi səmərəsini əldə etmək üçün yalnız çatdırılma şəbəkəsinə sahib olmaq kifayət etmir. Operatorlar sürət, qiymət, izlənmə imkanları, gömrük prosedurlarının idarə olunması və müştəri məmnuniyyəti baxımından da rəqabətədavamlı olmalıdırlar. ÜPİ-nin təhlillərində vurğulanan əsas istiqamətlərdən biri beynəlxalq poçt və logistika kanallarının daha sıx inteqrasiyası, digəri isə xidmətlərin şaxələndirilməsidir. Başqa sözlə, poçt operatorları yalnız göndəriş qəbul edən və çatdıran qurumlar kimi deyil, bütöv rəqəmsal ticarət zəncirinin iştirakçıları kimi fəaliyyət göstərməlidirlər.

Burada strateji məsələ aydındır: poçtun gələcəyi təkcə neçə məktubun və bağlamanın daşınması ilə ölçülməyəcək. Əsas meyar yaradılan iqtisadi dəyər, xidmətlərin əlçatanlığı, əməliyyatların etibarlılığı və dəyişən bazar tələblərinə uyğunlaşma qabiliyyəti olacaq.

Süni intellekt, rəqəmsal təhlükəsizlik və çatdırılmanın yeni fəlsəfəsi

Poçt sektorunda rəqabətin növbəti mərhələsini müəyyənləşdirən amillərdən biri texnologiyaların əməliyyat proseslərinə nə dərəcədə səmərəli inteqrasiya olunmasıdır. Süni intellekt vasitəsilə göndəriş axınlarının təhlili, avtomatlaşdırılmış çeşidləmə, marşrutların optimallaşdırılması və tələbatın əvvəlcədən proqnozlaşdırılması həm vaxta, həm də resurslara qənaət etməyə imkan verir. Bu texnologiyaların əsas üstünlüyü yalnız iş proseslərini sürətləndirmək deyil, qərarların daha dəqiq məlumatlar əsasında qəbul edilməsinə şərait yaratmaqdır.

Məsələn, sifarişlərin mövsümi dəyişikliklərini əvvəlcədən müəyyənləşdirən sistemlər yükün hansı istiqamətlərdə artacağını proqnozlaşdıra, nəqliyyat və işçi qüvvəsinin planlaşdırılmasını asanlaşdıra bilər. Avtomatlaşdırılmış çeşidləmə isə göndərişlərin düzgün istiqamətləndirilməsində insan amilindən qaynaqlanan səhvləri azaltmağa kömək edir. Müştərinin bağlamasının hərəkətini real vaxt rejimində izləyə bilməsi də xidmətə inamı gücləndirən mühüm amildir. Bununla belə, texnoloji yenilənmə yalnız avadanlıq və proqram təminatının alınması ilə məhdudlaşmamalıdır. Rəqəmsal infrastrukturun təhlükəsizliyi, şəxsi məlumatların qorunması, kibertəhdidlərin qarşısının alınması və əməkdaşların yeni texnologiyalarla işləmək bacarıqlarının inkişaf etdirilməsi eyni dərəcədə vacibdir. Poçt operatorları ünvanlar, əlaqə məlumatları, ödənişlər və sifariş tarixçələri kimi həssas informasiyalarla işlədiklərindən informasiya təhlükəsizliyi onların fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib.

ÜPİ-nin 2026–2029-cu illəri əhatə edən yeni strategiyasında da rəqəmsal iqtisadiyyata inteqrasiya, qlobal poçt şəbəkəsinin səmərəliliyinin artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Bu yanaşma göstərir ki, müasir poçt sisteminin rəqabət qabiliyyəti fiziki infrastrukturla rəqəmsal imkanların nə dərəcədə uzlaşdırılmasından asılıdır.

Beləliklə, texnologiya poçtun ənənəvi mahiyyətini aradan qaldırmır, əksinə, onun imkanlarını genişləndirir. Məktubun çatdırılması ilə başlayan xidmət anlayışı indi sifarişin qəbulundan son istifadəçiyə təhvil verilməsinədək bütöv prosesin idarə olunmasını əhatə edir.

Azərbaycan poçtu: beynəlxalq nüfuzdan real xidmət keyfiyyətinə

Azərbaycanın poçt sektorunun inkişafına nəzər salarkən iki mühüm istiqaməti fərqləndirmək lazımdır: ölkənin beynəlxalq poçt sistemində iştirakının genişlənməsi və bu imkanların ölkə daxilində xidmət keyfiyyətinə çevrilməsi. Birinci istiqamət əməkdaşlıq və təmsilçilik imkanlarını artırırsa, ikinci istiqamət həmin imkanların vətəndaşlar, sahibkarlar və bütövlükdə iqtisadiyyat üçün konkret nəticələr verməsini təmin edir.

Azərbaycanın milli poçt operatoru “Azərpoçt” MMC bu prosesdə xüsusi yer tutur. Ənənəvi göndərişlərin qəbulu və çatdırılması ilə yanaşı, elektron ticarət, logistika və maliyyə xidmətləri poçt şəbəkəsinin fəaliyyət dairəsini genişləndirən istiqamətlərdir. Bu sahələrdə dayanıqlı inkişaf üçün xidmətlərin əlçatanlığı, əməliyyatların çevikliyi, müştəri müraciətlərinə operativ cavab verilməsi və rəqəmsal imkanların genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

2025-ci ildə ÜPİ-nin 28-ci Konqresində Azərbaycanın təşkilatın Administrativ Şurasına və Poçt Əməliyyatları Şurasına 2026–2029-cu illər üzrə üzv seçilməsi ölkənin beynəlxalq poçt əməkdaşlığında təmsilçiliyi baxımından əlamətdar hadisədir. Administrativ Şura təşkilatın fəaliyyətinin davamlılığını və idarəetmə məsələlərini təmin etdiyi halda, Poçt Əməliyyatları Şurası poçt xidmətlərinin texniki, kommersiya və əməliyyat məsələləri ilə məşğul olur. Bu strukturlarda iştirak Azərbaycana beynəlxalq qaydaların, xidmət standartlarının və sektorun inkişaf prioritetlərinin müzakirəsində fəal mövqe tutmaq imkanı yaradır. Lakin beynəlxalq təmsilçiliyin əsl əhəmiyyəti onun gündəlik xidmətlərdə hansı nəticələr doğurması ilə ölçülür. Qlobal təcrübənin öyrənilməsi, qabaqcıl texnologiyaların tətbiqi, beynəlxalq daşımaların səmərəliliyinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılması bu imkanların praktik nəticələrə çevrilməsi üçün vacibdir.

Poçt şöbələrinin yenilənməsi də məhz bu baxımdan qiymətləndirilməlidir. Müasir poçt məntəqəsi sadəcə göndərişlərin qəbul edildiyi ünvan deyil, müxtəlif xidmətlərin bir məkanda təqdim olunduğu, rəqəmsal həllərdən istifadənin asanlaşdırıldığı və müştərinin vaxtına qənaət edən xidmət nöqtəsi olmalıdır. Bakının İçərişəhər ərazisində oktyabrın 7-də istifadəyə verilən AZ1005 indeksli yeni poçt şöbəsi bu şəbəkənin inkişafı ilə bağlı diqqətçəkən yeniliklərdəndir. Tarixi şəhər mühitində fəaliyyət göstərən belə məntəqələr ənənəvi poçt xidmətləri ilə yanaşı, filateliya məhsullarının təqdimatı baxımından da əhəmiyyət daşıyır. Poçt markası burada yalnız göndərişin üzərindəki nişan deyil, ölkənin tarixini, mədəni irsini və milli yaddaşını əks etdirən kolleksiya nümunəsi kimi çıxış edir.

Bununla yanaşı, modernləşmənin əsas göstəricisi təkcə yeni şöbələrin açılması olmamalıdır. Xidmətlərin hansı müddətdə göstərilməsi, göndərişlərin vaxtında çatdırılma səviyyəsi, müraciətlərin həlli, rəqəmsal xidmətlərdən istifadə imkanları və regionlar üzrə əlçatanlıq da qiymətləndirilməlidir. Məhz bu göstəricilər poçt şəbəkəsinin real səmərəliliyini müəyyənləşdirir.

Bakıdan Avropaya uzanan əməkdaşlıq xətti

2026-cı il oktyabrın 7-də Bakıda keçirilən “PostEurop”un Baş Assambleyası və onunla əlaqəli Biznes Forumu Azərbaycanın beynəlxalq poçt gündəliyindəki iştirakına yeni məzmun qazandırıb. Avropa poçt operatorlarının nümayəndələrini bir araya gətirən tədbirdə rəqəmsal transformasiya, elektron ticarət, transsərhəd logistika, gömrük tələbləri, süni intellekt və ekoloji-sosial məsuliyyət kimi məsələlər diqqət mərkəzində olub.

Bu tədbirin əhəmiyyəti yalnız beynəlxalq nümayəndələrin Bakıda görüşməsi ilə məhdudlaşmır. Belə platformalar müxtəlif ölkələrin operatorları arasında təcrübə mübadiləsinə, ortaq problemlərin müzakirəsinə və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə şərait yaradır. Xüsusilə elektron ticarətin sərhədləri aşdığı, gömrük prosedurlarının mürəkkəbləşdiyi və istehlakçıların daha sürətli çatdırılma gözləntilərinin artdığı bir dövrdə beynəlxalq koordinasiya strateji əhəmiyyət kəsb edir.

Məsələnin digər tərəfi Azərbaycanın regional logistika imkanlarıdır. Ölkənin Şərqlə Qərb arasında nəqliyyat və ticarət əlaqələrindəki mövqeyi poçt və bağlama daşımalarının inkişafı üçün də əlavə imkanlar yarada bilər. Lakin coğrafi mövqe öz-özlüyündə rəqabət üstünlüyü demək deyil. Bu üstünlük səmərəli infrastruktur, etibarlı əməliyyatlar, sürətli gömrük prosedurları, rəqəmsal məlumat mübadiləsi və beynəlxalq tərəfdaşlarla uyğunlaşdırılmış standartlar vasitəsilə reallaşa bilər. Başqa sözlə, Azərbaycanın beynəlxalq poçt əməkdaşlığında qazandığı təcrübə ölkənin logistika imkanlarının inkişafına töhfə vermək potensialına malikdir. Əsas məsələ beynəlxalq tədbirlərdə müzakirə olunan yanaşmaların konkret layihələrə, yeni xidmətlərə və ölçülə bilən nəticələrə çevrilməsidir.

Yaşıl logistika: sürətin deyil, məsuliyyətin də sınağı

Poçt sektorunun gələcəyini müəyyənləşdirən məsələlərdən biri də ekoloji dayanıqlılıqdır. Bağlamaların daşınması, nəqliyyat vasitələrinin istismarı, qablaşdırma materiallarının istifadəsi və anbarların fəaliyyəti ətraf mühitə təsir göstərir. Elektron ticarətin genişlənməsi ilə göndərişlərin sayının artması bu təsirin idarə edilməsini daha vacib edir.

Burada əsas vəzifə çatdırılma sürətini qorumaqla resurslardan daha səmərəli istifadə etməkdir. Marşrutların optimallaşdırılması, nəqliyyat vasitələrinin yük tutumundan düzgün yararlanılması, təkrar emal edilə bilən qablaşdırmanın tətbiqi və elektrik nəqliyyatına mərhələli keçid emissiyaların azaldılmasına kömək edə bilər. Eyni zamanda, uğurun qiymətləndirilməsi üçün yalnız ekoloji təşəbbüslərin elan olunması deyil, onların nəticələrinin ölçülməsi də vacibdir.

Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 çərçivəsində poçt və nəqliyyat şəbəkələrinin ekoloji dayanıqlılığına diqqət yetirilməsi bu mövzunun beynəlxalq əhəmiyyətini bir daha önə çıxarıb. İqlim gündəliyi poçt operatorları qarşısında yeni məsuliyyətlər yaratmaqla yanaşı, innovasiya və səmərəlilik üçün də imkanlar açır.

“Azərpoçt”un COP29-a həsr olunmuş, təkrar emal edilmiş kağızdan hazırlanan poçt markasını təqdim etməsi də bu kontekstdə simvolik məna daşıyır. Belə təşəbbüslərin daha geniş təsir yaratması üçün onların davamlı ekoloji proqramlarla, resurs istifadəsinin azaldılması və nəticələrin qiymətləndirilməsi mexanizmləri ilə tamamlanması məqsədəuyğundur. Poçt sektorunda yaşıl transformasiya yalnız təbiətin qorunması ilə bağlı məsələ deyil. O, uzunmüddətli xərclərin azaldılması, resurslardan səmərəli istifadə və şirkətlərin dəyişən beynəlxalq standartlara uyğunlaşması baxımından da əhəmiyyətlidir. Deməli, ekoloji məsuliyyət gələcək poçt sisteminin əlavə xüsusiyyəti deyil, onun rəqabət qabiliyyətinin mühüm tərkib hissəsidir.

Poçtun görünməyən sosial missiyası

Rəqəmsallaşma poçt sektorunun iqtisadi əhəmiyyətini artırdığı kimi, onun sosial funksiyasını da yenidən dəyərləndirməyi zəruri edir. Böyük şəhərlərdə bir çox xidmətlər internet vasitəsilə əlçatan olsa da, bütün vətəndaşların texnologiyalardan istifadə imkanları eyni deyil. Ucqar yaşayış məntəqələrində, rəqəmsal xidmətlərə çıxışın məhdud olduğu ərazilərdə və texnoloji bacarıqları zəif olan insanlar üçün fiziki poçt şəbəkəsi mühüm əhəmiyyət daşıyır.

Poçt şöbələri bu baxımdan yalnız göndərişlərin qəbul edildiyi məntəqələr deyil, insanların müxtəlif xidmətlərə çıxışını asanlaşdıran sosial infrastruktur elementləridir. Maliyyə xidmətləri, ödəniş imkanları və rəqəmsal həllər düzgün təşkil edildikdə, bu şəbəkənin cəmiyyət üçün faydası daha da arta bilər.

ÜPİ-nin rəqəmsal xidmətlərə dair təşəbbüsləri arasında 2030-cu ilədək hər bir poçt şöbəsinin internetə qoşulmasını hədəfləyən Connect.Post proqramı da yer alır. Bu yanaşma poçt şəbəkəsinin mövcud fiziki imkanlarından rəqəmsal inklüzivliyin genişləndirilməsi üçün istifadə etməyə yönəlib.

Bu məqam xüsusilə əhəmiyyətlidir: rəqəmsal inkişaf ənənəvi xidmətlərin birdən-birə aradan qaldırılması demək olmamalıdır. Əksinə, yeni texnologiyalar insanların seçim imkanlarını artırmalı, xidmətlərə çıxışı asanlaşdırmalı və heç kimin inkişaf prosesindən kənarda qalmamasına şərait yaratmalıdır.

Poçt işçilərinin əməyini də bu mənzərədən kənarda təsəvvür etmək mümkün deyil. Çeşidləmə məntəqələrində, anbarlarda, nəqliyyat vasitələrində və xidmət şöbələrində çalışan əməkdaşların gündəlik fəaliyyəti qlobal şəbəkənin fasiləsiz işləməsini təmin edir. Ən müasir texnologiyalar belə peşəkar təşkilatlanma, məsuliyyət və insan əməyinin düzgün qiymətləndirilməsi olmadan gözlənilən nəticəni vermir.

ÜPİ-nin 1971-ci ildən təşkil etdiyi Beynəlxalq Məktub Yazma Müsabiqəsi də poçtun sosial və mədəni missiyasını xatırladan təşəbbüslərdəndir. Uşaqların və yeniyetmələrin yazı bacarıqlarını, yaradıcılığını və ünsiyyət mədəniyyətini təşviq edən bu müsabiqə texnologiyaların sürətləndirdiyi dünyada yazılı ifadənin və şəxsi ünsiyyətin dəyərini qorumağa xidmət edir.

Gələcəyin poçtu: daha ağıllı, əlçatan və etibarlı sistem

Poçt sektorunun gələcək inkişafı bir-biri ilə sıx bağlı olan bir neçə istiqamətdən asılı olacaq: rəqəmsal texnologiyaların tətbiqi, beynəlxalq logistikanın təkmilləşdirilməsi, xidmətlərin şaxələndirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi və ekoloji məsuliyyətin artırılması. Bu istiqamətlərdən hər hansı birinin digərindən təcrid olunmuş şəkildə inkişafı uzunmüddətli uğur üçün kifayət etməyəcək. Azərbaycan üçün də əsas hədəf poçt şəbəkəsinin ənənəvi funksiyalarını qorumaqla onu müasir iqtisadiyyatın tələblərinə uyğunlaşdırmaqdır. Bunun üçün elektron ticarət iştirakçıları ilə əməkdaşlığın genişləndirilməsi, göndərişlərin izlənməsinin təkmilləşdirilməsi, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və regionlarda xidmət keyfiyyətinin davamlı yüksəldilməsi mühüm istiqamətlər kimi çıxış edir.

Beynəlxalq təmsilçilik, yeni poçt şöbələrinin açılması və beynəlxalq forumların təşkili bu inkişafın əhəmiyyətli elementləridir. Lakin onların uzunmüddətli nəticəsi xidmət keyfiyyətində, iqtisadi səmərəlilikdə və vətəndaş məmnuniyyətində görünməlidir. Məhz bu göstəricilər poçt sektorunun yenilənməsinin real miqyasını müəyyənləşdirəcək.

Oktyabrın 8-də Cenevrədə ÜPİ-nin Poçt sektorunun vəziyyəti – 2026 hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransının keçirilməsi də mövzunun hazırkı aktuallığını göstərir. Təqdimatın diqqət mərkəzində parçalanmış beynəlxalq poçt idxalı siyasətlərinin yaratdığı xərclər və sektorun dayanıqlılığının gücləndirilməsi üçün həll yolları dayanıb. Bu müzakirələr bir daha göstərir ki, poçtun gələcəyini təkcə texnoloji yeniliklər müəyyənləşdirməyəcək. Beynəlxalq qaydaların uzlaşdırılması, sərhədlərarası əməkdaşlıq və iqtisadi baxımdan dayanıqlı fəaliyyət modeli də eyni dərəcədə vacibdir.

Ünvan dəyişir, etibarın dəyəri dəyişmir

Bir vaxtlar məktublar uzaq məsafələri qət edərək insanların ən səmimi sözlərini, mühüm xəbərlərini və gözləntilərini daşıyırdı. Bu gün həmin yollarla yanaşı, rəqəmsal sifarişlər, elektron ticarətin məhsulları, sənədlər və iqtisadi münasibətlərin yeni imkanları da hərəkət edir. Poçtun forması dəyişir, fəaliyyət dairəsi genişlənir, texnologiyalar yenilənir. Ancaq onun təməlində dayanan etibar ehtiyacı əvvəlki kimi qalır.

Ümumdünya Poçt Günü bizə yalnız keçmişin kommunikasiya tarixini xatırlatmır. Bu tarix həm də gələcəyə ünvanlanan sualdır: sürətlə dəyişən dünyada poçt insanlara və iqtisadiyyata daha nə verə bilər? Cavab innovasiyanın imkanlarını sosial məsuliyyətlə birləşdirməkdə, beynəlxalq əməkdaşlığı real nəticələrə çevirməkdə və hər bir göndərişin arxasında dayanan etimadı qorumaqdadır.

Çünki poçtun əsl gücü yalnız qət etdiyi kilometrlərlə, daşıdığı bağlamaların sayı ilə və ya istifadə etdiyi texnologiyalarla ölçülmür. Onun əsl gücü məsafəni əlaqəyə, ünvanı imkana, göndərişi isə etibara çevirmək bacarığındadır. Dünya dəyişdikcə bu missiya da yeni məzmun qazanır. Və hər yeni dövrün poçtu, əslində, eyni məqsədə xidmət edir: insanları, cəmiyyətləri və iqtisadiyyatları bir-birinə daha yaxın etmək.

Yaqut Ağaşahqızı, “İki sahil”