Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin maliyyə sektorunda gender bərabərliyinin artırılması və korporativ idarəetmənin gücləndirilməsi istiqamətində yeni addımlar atmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin (İH) sədr müavini Gülər Paşayeva bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan banklarında, sığorta və investisiya şirkətlərində rəhbər şəxslərin cəmi 10-15 %-i qadınlardır.
Bundan başqa, G.Paşayeva bildirib ki, maliyyə institutlarında gender bərabərliyinin artırılması məqsədilə yeni siyasət və strategiyaların hazırlanması nəzərdə tutulur.
"Artıq tövsiyə sənədi qəbul etmişik. Bu sənəddə qeyd olunub ki, ölkənin aparıcı banklarının və digər maliyyə institutlarının İH-də azı bir qadın olsun" – deyə o vurğulayıb.
AMB rəsmisi gender bərabərliyi ilə bağlı beynəlxalq təcrübəni öyrənmək üçün Böyük Britaniyaya səfər edəcəyini, bu ölkənin paytaxtı Londonda yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında görüşlər keçirəcəyini deyib: "Hazırda AMB-nin İH-də beş kişi var və bəlkə də, onları bu məsələnin əhəmiyyətinə inandırmaq çətin olacaq. Buna görə də güclü arqumentlərə ehtiyacım var. İnkişaf etmiş ölkələrin gender siyasəti sahəsində hansı yolları keçdiyini öyrənərək, əldə etdiyim bilikləri ölkəmizdə tətbiq etmək istəyirəm".
O, qadınların peşəkar inkişafına dəstək vermək üçün müxtəlif təlim və mentorluq proqramlarının həyata keçirilməsinin planlaşdırıldığını da qeyd edib: "Maliyyə sektorunda çalışan qadınlar üçün liderlik təlimlərini artıq planlaşdırmışıq. Bundan əlavə, icraçı direktor kimi çalışdığım dövrdə AMB-də qadınların rəhbər vəzifələrə irəli çəkilməsini aktiv şəkildə dəstəkləmişəm."
G. Paşayeva Azərbaycanda qadınların təhsil sahəsində aktivliyinin yüksək olduğunu, lakin ailə qurduqdan sonra onların peşəkar fəaliyyətlərini davam etdirməkdə çətinliklərlə üzləşdiyini qeyd edib: "Qadınlara lazımi imkanlar yaradıldıqda onların uğur qazandığını görürük. Təhsildə və universitetlərə qəbulda qadınların fəallığı var. Lakin ailə həyatı qurduqdan sonra vəziyyət dəyişir, çünki qadınlar övladlarına baxmaq məsuliyyətini üzərlərinə götürürlər. Cəmiyyətin bu sahədə daha inklüziv yanaşması üçün qadınların peşəkar fəaliyyətdə daha çox iştirakını təşviq etmək lazımdır. Mən ailələrin düşüncə tərzini dəyişə bilmərəm. Amma qadınlar üçün pozitiv rol modelləri yaradaraq onların iş həyatına münasibətini dəyişməkdə kömək edə bilərəm".