Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “İki sahil"ə BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 000 ədəd istiqraza 414 investor 220 milyon dollarlıq 510 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub. Təmin edilmiş sifarişlərin 4 %-i hüquqi, 96 %-i isə fiziki şəxslərə məxsus olub.
Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-dir.
İstiqrazlardan əldə olunacaq vəsait “SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək.
Xatırladaq ki, SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib.
SOCAR İstiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır.