23 fevral 2025 23:09
97

“Exit-poll”: Almaniyada keçirilən ümumi seçkilərdə CDU/CSU liderdir

Almaniyada keçirilən ümumi seçkilərdə ilk “exit-poll” nəticələrinə görə, Xristian İttifaqı (CDU/CSU) partiyaları 29 faiz səslə birinci olub.

İki sahil” xəbər verir ki, Almaniyada təxminən 59,2 milyon seçicinin səsvermə hüququna malik olduğu erkən ümumi seçkilərdə səsvermə yerli vaxtla saat 18:00-da başa çatıb.

Almaniyanın ARD telekanalının dərc etdiyi ilk exit-poll nəticələrinə görə, Xristian Demokratik Birlik (CDU) Partiyasının lideri Fridrix Mersi baş nazirliyə namizəd kimi irəli sürən Xristian Birlik (CDU/CSU) partiyaları 29 faiz səs toplayıb.

Xristian Demokrat İttifaqı (CDU) və onun Bavariyadakı müttəfiq partiyası Xristian Sosial Birlikdən (CSU) ibarət olan CDU/CSU, 2021-ci il seçkiləri ilə müqayisədə səs payını 4,9 bal artırıb.

İfrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası əvvəlki seçkilərdən 9,1 bal çox, 19,5 faizlə ikinci olub.

Hazırkı kansler Olaf Şoltsu yenidən baş nazirliyə namizəd kimi irəli sürən Sosial Demokrat Partiyasının (SPD) səs payı əvvəlki seçkilərlə müqayisədə 9,7 bal azalıb. SPD 16 faiz səslə üçüncü yerdədir.

Bu nisbət eyni qalsa, SPD İkinci Dünya Müharibəsindən bəri ümumi seçkilərdə ən aşağı səs faizini əldə etmiş olacaq.

Yaşıllar Partiyasının səs nisbəti 2021-ci il seçkiləri ilə müqayisədə 1,2 bal azalaraq 13,5 faizə düşüb.

Uğurlu seçki kampaniyası aparan Sol Partiyanın səsləri əvvəlki seçki ilə müqayisədə 4,7 bal artıb. Parlamentə girəcəyi dəqiq hesab edilən Sol Partiya exit-poll-un nəticələrinə görə 8,5 faiz səs toplayıb.

Hökuməti tərk edərək ölkədə növbədənkənar ümumi seçkilərə səbəb olan Azad Demokrat Partiyası (FDP) bu seçkilərdə SPD ilə birlikdə böyük itkilər verib.

2021-ci il seçkiləri ilə müqayisədə səsləri 6,5 bal azalan FDP ilk exit-poll-da 4,9 faiz olaraq görülür. Seçki baryerinin 5 faiz olduğu ölkədə nəticələr bu şəkildə yekunlaşarsa, FDP az fərqlə parlamentdən kənarda qalacaq.

Ümumi seçkilərə ilk dəfə qatılan "Sahra Vaqenknext Alyansı - Anlaşma və Ədalət naminə" (BSW) Partiyası 4,7 faiz səs toplayıb.

FPD və BSW-nin 5 faizlik seçki baryerini keçib-keçməyəcəyi maraq doğurur.

İlk exit-poll nəticələrinə görə, Almaniya Bundestaqında yerlərin bölgüsü belədir: CDU/CSU 211, AfD 142, SPD 116, Yaşıllar 98, Sol Partiya 62

Bundan başqa, Danimarka azlığının təsis etdiyi və xüsusi tənzimləmə ilə seçki baryerindən azad edilən Cənubi Şlezviq Seçici Birliyi (SSW) parlamentdə 1 deputatla təmsil olunacaq.

Digər tərəfdən, seçkilərdə iştirak nisbətinin 84 faiz ilə 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatdığı bildirildi.

Məhərrəm Ağalaroğlu, “İki sahil”