Ömrün vəfa etmədiyi istedadlı sənətkar
Azərbaycan Prezidenti İlham Əliyev məşhur rəssam və rənggarlıq sənətinin banisi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.”
Bəs biz Mirzə Qədim İrəvani barədə nə bilirik? Məlumdur ki, o, 1825-ci il dekabrın 4-də Azərbaycanın İrəvan şəhərində sənətkar ailəsində dünyaya gəlib. O, görkəmli rəssam olmaqla bərabər, Azərbaycan dəzgah boyakarlığının banisi hesab edilir. Sənətkarlığı yüksək qiymətləndirilərək İrəvanın Xan sarayında bərpa işlərinin bir qismini həyata keçirilməsi ona tapşırılmışdı.
Atası ailənin yeganə övladının təhsil alması üçün Mirzə Qədimi kiçik yaşlarında Tiflisə aparmışdır. Mirzə Qədim 15 yaşında Tiflisdəki progimnaziyanı bitirmişdir. Burada fars, rus və fransız dillərini mükəmməl öyrənən Mirzə Qədim İrəvana qayıtdıqdan sonra ömrünün sonunadək poçtda teleqrafçı vəzifəsində çalışıb. Onun atası Məhəmmədhüseyn xanlıqda məşhur xarrat,ağac üzərində oyma və şəbəkə ustası idi. Mirzə Qədimdə rəssamlığa meyil hələ Tiflisdə progimnaziyada oxuduğu vaxt yaranmışdı. Əvvəlcə şüşə və parça üzərində şəkillər çəkən Mirzə Qədim sonralar portret və ornamental kompozisiyalar ustası kimi tanınmışdı. Kollec asessoru, yəni zadəgan əslindən olan şəxslərə verilən mülki rütbəsi vardı. Mütaliəni və rəssamlığı çox sevən Mirzə Qədimin Qərbi Avropa, Şərq və rus yazıçılarının əsərlərindən ibarət zəngin kitabxanası vardı. Çəkdiyi portretlər və boyakarlıq işləri hələ gənc yaşlarında ikən xanlıqda ona şöhrət qazandırmışdı.
Sənətinin mahir bilicisi kimi İrəvan Xan sarayının Güzgülü zalındakı portretlərin və ornamental kompozisiyaların bərpası məhz Mirzə Qədimə etibar edilmişdi. O, Güzgülü zaldakı divar rəsmlərinin əksəriyyətini bərpa etməyə müvəffəq olmuşdu. Ehtimal var ki, 1867–1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim yerinə yetirmişdir. Rəssamın yağlı boya ilə çəkdiyi portretlər bugünümüzə qədər gəlib çıxmışdır. “Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal” portretləri hazırda Gürcüstanda Tbilisi Dövlət İncəsənət Muzeyində, “Abbas Mirzə” portreti isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
Onun yaratdığı obrazların bədii həllinə, fərdi əlamət və ifadəliliyinə görə bir-birindən əsaslı surətdə fərqlənirlər. Bu əsərlər həm rəssamın, həm də dövrün estetik normalarını, gözəllik idealını əks etdirir. “Oturmuş qadın” və “Gənc qadın” portretlərində xalq yaradıcılığı və şair Molla Pənah Vaqifin poeziyasında tərənnüm olunan şux, nikbin, gözəl qadın obrazı yaradılmışdır. Mirzə Qədim İrəvaninin “Oturmuş qadın” portreti təkcə Azərbaycanda deyil, ümumiyyətlə, XIX əsr Orta Şərq rəssamlığında ideal qadın gözəlliyini əks etdirən on görkəmli əsərlərdən biri sayılır.
Haqqında olan məlumatlardan aydın olur ki, Mirzə Qədim İrəvaninin sənətkarlığı geniş spektri əhatə etmişdir. Sənətkar əsasən, tikmələr üçün olan bəzək rəsmləri, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə də tanınır. Demək olar ki, İrəvani bir qayda olaraq, bütün əsərlərini Azərbaycan və rus dillərində imzalayaraq özünü «Mirzə Qədim İrəvani», ya da bəzən «kollec asessoru» imzası ilə təqdim edir, ya da özünü sadəcə «Qədim bəy» adlandırırdı.
Mirzə Qədim İrəvaninin «Gənc qadının portreti», «Gənc oğlanın portreti», «Fətəli şahın portreti», «Rəqqasələr», «Molla» əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, «Mah Tələtin portreti» Gürcüstan Dövlət İncəsənət Muzeyində, «Quş və çiçəklər» rəsmi Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitajda saxlanmaqdadır. Rəssam 1850-ci illərdə, İrəvandakı Sərdar sarayının divarlarında, yağlı boya ilə çəkilmiş dörd böyük (1 metr x 2 metr) portretin müəllifidir.
Görkəmli sənətkarın digər əsərləri ilə bağlı məlumat yoxdur. Ola bilər ki, taleyi naməlum qalan həmin əsərlər ya xarici ölkələrə aparılmış, ya da düşmənlərimiz tərəfindən məhv edilmişdir.
Elmi ədəbiyyatda adı ilk dəfə 1954-cü ildə, sənətşünas Natalya Miklaşevskayanın İrəvaniyə həsr olunan məqaləsində çəkilib. Miklaşevskayanın sözlərinə görə, “Mirzə Qədimin atası, Məhəmmədhüseyn adi xarrat yox, bədii ağac işləməsi üzrə xüsusi bacarığa malik usta olub.” Məqalədə deyilir: “Məhəmmədhüseyn ornament sənətini, öz yeganə oğluna lap kiçik yaşlarından öyrədib. Məhəmmədhüseynin oğluna təhsil vermək imkanı var idi və onu Tbilisi progimnaziyasına yolladı. Erkən yaşlarından, rus mədəniyyəti ilə yaxın təmasda olan Mirzə Qədim rəssamlıq bacarıqlarını dərinləşdirmək imkanını qazandı.”
Geniş bədii təxəyyülə malik sənətkar Azərbaycan panel rəssamlığının banisidir. Yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində yadda qalmışdır. Təəssüf ki, istedadlı sənət adamı həyatdan erkən getmişdir. Mirzə Qədim İrəvani əlli yaşında, 1875-ci ildə, yaradıcılığnın çiçəkləndiyi bir dövrdə vəfat etmişdir. Özündən sonra Azərbaycan xalqına qiymətli mədəni irs qoymuşdur. Bu gün Azərbaycanda onun sənətini yüzlərlə davamçısı yaşadır. Mirzə Qədim İrəvaninin adı sənət tariximizdə əbədi qalacaqdır.
Vəli İlyasov, “İki sahil”