Bu təşkilatda dünyanı qarışdırmaq və ölkələrin daxili işlərinə müdaxilə etmək planları üzərində baş sındırılır
Son günlər Ermənistan ictimaiyyətində gərginlik artmaqdadır. Gərginliyin yüksəlməsi təkcə Ermənistanın Avropa İttifaqına (Aİ) üzv qəbul edilməsi ilə bağlı deyil, bunun arxasında başqa məqsədlərin də durmasıdır. Hayastan parlamentində “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildikdən dərhal sonra Brüsseldən böyük bir nümayəndə heyəti İrəvana “təşrif buyurub.” Avropa İttifaqı nümayəndə heyətinə Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğunun, Genişləndirilmiş Qonşuluq Danışıqları üzrə Baş Direktorluğunun, Avropa Xarici Fəaliyyət Xidmətinin və “Frontex”in sərhəd və sahil mühafizə xidmətinin nümayəndələri daxildir.
Xatırladaq ki, Ermənistan parlamentində 63 nəfər deputat sözügedən sənədin “lehinə”, 7 nəfər “əleyhinə” səs verib, müxalifət isə prosesi boykot edib. Sabiq prezident Robert Koçaryanın “Hayastan” fraksiyası isə səsvermədə bitərəf qalıb.
Avropa ilə quru sərhədi olmayan, imkanları məhdud, təbii ehtiyatları zəif, hər il dövlət borcu artan, iqtisadiyyatı Rusiyanın monopoliyasında boğulan Ermənistanın bu quruma üzvlük perspektivinə möcüzə kimi baxılır. Üstəlik Rusiya Ermənistanı Aİ-yə aparan yolun üstündə keçilməz əngəl kimi durur. Bütün bunlara baxmayaraq Aİ rəsmilərinin dərhal İrəvanda peyda olmaları maraq və təəccüb doğurur. Onların gəlişi təbii ki, hər yerdən fərqli olaraq Moskvada qəzəblə qarşılanıb.
Ermənistan hökumətinin qərarını bundan xeyli əvvəl saf-çürük edən Kreml bəyan edib ki, eyni zamanda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Aİ-yə üzv olmaq mümkün deyil. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Rusiya qanun layihəsinin müzakirəsinə İrəvanın Aİİ-dən çıxmasının başlanğıcı kimi baxır. Məcazi mənada o, Ermənistanın bu gedişini İrəvanın “Titanik”ə bilet almaq qərarı ilə müqayisə edir. Overçukun açıqlaması açıq-aşkar təhdid kimi də qəbul edilə bilər. Çünki xarici işlər naziri Sergey Lavrov bundan bir qədər əvvəl Nikol Paşinyanı Moskvaya çağıraraq ona hədə-qoxu gəlmiş, ultimativ şəkildə bu ayrılmanın onun ölkəsinə fəlakət gətirəcəyini bildirmişdi.
Şübhəsiz ki, Aİİ-dən çıxış və Aİ ilə daha yaxın münasibətlər qurmaq zəminində enerji və ərzaq, xüsusən də buğdanın qiymətində ciddi artım olacaq. Rusiyanın qəzəbli mövqeyindən əlavə, İranın da narazılığını qeyd etmək lazımdır. Uzun illər Ermənistanın etibarlı tərəfdaşı sayılan rəsmi Tehran da İrəvanın Aİ-yə üzvlük perspektivinə ikiəlli səs vermir. İran rəhbərləri hesab edirlər ki, gəlib orada kök salan Avropanın təcavüzkar qüvvələri günlərin birində İran sərhədlərində onlara qarşı təhdid mənbəyinə çevriləcəklər. Yəni, gələcəkdə Qərbin İranla labüd müharibəsi qapının kandarına yaxınlaşır.
Unutmayaq ki, hazırda Ermənistan avropalılar üçün Cənubi Qafqazda yeganə dayaq məntəqəsi rolunu oynayır. Ona görə də Qərbin regionda öz mövcudluğunu qorumaq baxımından Nikol Ermənistanı onlara hava-su kimi lazımdır. Avropalılar Gürcüstanda bunu tam şəkildə bacara bilmədikləri üçün son ünvan kimi nəzərləri Ermənistana dikilib. Amma bu ölkənin belə tezliklə quruma üzvlüyü sadəcə mümkün deyil. Çünki Ermənistanın kifayət qədər ciddi problemləri var və heç kim o problemlərin həllini öz üzərinə götürmək istəməz.
Onu da nəzərə almaq lazımdır ki, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkiları (KTMT) və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Yəni, Rusiyanın forpostu, iqtisadi hegemonluğu altında qalmaqdadır. Qərbin planı sadəcə, az itki ilə Ermənistanı Rusiyanın çəngindən qurtarmaqdır və hazırda bu istiqamətdə iş aparılır. Rəqiblər hesab edirlər ki, Rusiyanın Ukrayna ilə apardığı müharibə səbəbindən strateji mübarizədə gücü zəifləyib, yəni, keçmiş forpost ölkəni onun təsir dairəsindən uzaqlaşdırmağın vaxtıdır. Ancaq anlamaq istəmirlər ki, Rusiya hətta zəifləmiş vəziyyətində belə Ermənistana güclü təzyiq edəcək qədər iqtisadi imkanlara və hərbi arsenala malikdir.
Bütün bunların ölkəmizə “istisi-soyuğu” varmı? Siyasi ekspertlər bu suala birmənalı cavab vermirlər. Onların əksəriyyəti hesab edir ki, Ermənistanın Aİ-yə qoşulmaq istəyi Azərbaycanı narahat etmir, sadəcə, burada bir nüans nəzərə alınmalıdır. Ermənistan Avropaya inteqrasiyanı seçən ölkədir. Bu, ermənilərin öz seçimidir. Amma Qərbin bizə qarşı ədalətsiz və qərəzli münasibəti hələ də dəyişməyib. Avropa İttifaqının sərhədlərimizdə vurnuxan və “müşahidə missiyası” adlandırılan hərbi və mülki mütəxəssislərinin ölkəmizə qarşı xoş məramda olmadıqlarını bilirik. Bizim üçün Ermənistanın harada olması ciddi narahatlıq doğurmur, sadəcə, bizə qarşı siyasət yürüdülməsinə diqqət yetirməliyik. Əgər bu fəaliyyət Azərbaycana qarşı təhdidlər yaradarsa, təbii ki, adekvat addımlar atmalıyıq. Hər halda yaxın bir vaxtda “qara pərdə” arxasında oynanılan oyunların mahiyyəti üzə çıxacaq, onda biz də nə edəcəyimizi biləcəyik. Ona az qalıb.
Vəli İlyasov, “İki sahil”