21 fevral 2025 15:44
150

Birinci vitse-prezidentlik institutu çevik, effektiv, funksional təsisat olaraq çoxşaxəli fəaliyyət həyata keçirir

Suveren Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlar zəminində ölkə modern inkişaf xəttinə yönəlik strateji yolu seçib. Azərbaycanda məhz daxili ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi mövcuddur.

XXI əsrin üçüncü onilliyində respublikanın inkişaf mənzərəsi Prezident İlham Əliyev siyasi iradəsindən və praqmatizmindən irəli gələn “Güclü Azərbaycan” modeli paradiqması ilə yeni innovativ tərəqqini gerçəkləşdirən islahatlarla səciyyələnən reallıqlardır.

Konstitusiyaya, həmçinin 2020-ci il Vətən müharibəsinin Zəfərlə bitməsindən sonra postmüharibə dövrünün tələblərinə uyğun ardıcıllıqla həyata keçirilən yeniliklər də çoxşaxəlidir. XXI əsr dünyanın dəyişən yeni nizamında dövlət, dövlətçilik institutunda idarəetmə metod və formaları da oxşar və fərqlidir. Dövlət idarəetmə sistemi onun tərkib hissəsi olan icraedici, qanunverici və məhkəmə hakimiyyətlərindən ibarətdir. Bütün xalqlar xaos, özbaşınalıq, anarxiyanın öz ölkəsində qarşısını almaq üçün sabit idarəetmə sistemi və onun tərkib hissələrini təsis edirlər.

Dünyada dövlət idarəetməsində prezidentlik institutlarının fərqli modelləri olmasına baxmayaraq, bu təsisat dünyada siyasi qüvvələrin mübarizəsindən yuxarıda olan, konstitusiyaya riayət olunmasını, xalqın ehtiyac və maraqlarının təminatçısı və milli birliyin rəmzi kimi qəbul olunur. Dövlətlərin idarəçilik sistemində prezidentlik institutu idarəetmə formasından asılı olaraq siyasi, tarixi dövlətçilik yolunu, siyasi mədəniyyətini və s. ehtiva edərək bir sıra amil və hakimiyyət sistemində də müxtəlif yer, rol və xüsusiyyətləri əks etdirir.

Prezidentlik institutuna aid islahatlardan ən əsası Azərbaycanda ilk dəfə vitse-prezidentlik institutunun yaradılmasıdır. Vitse-prezidentlik institutunun formalaşması dövlət siyasi idarəetməsində yeni və  mühüm prosesdir. Bu institut yeni islahatların getdiyi müasir dövrdə dövlətçilik sistemində siyasi-hüquqi idarəetmədə effektivliyin artırılması, ictimai-humanitar-mədəni vəzifələrin reallaşdırılmasında səmərəli inkişaf yoludur. Vitse-prezidentlik institutunun konstitusion əsaslarla təsis olunması respublikada siyasi dövlət idarəetməsinin təkmilləşdirilməsi paradiqmasıdır.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə yeni təsis olunmuş Birinci vitse-prezident vəzifəsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təyin edilibdir. Öncüllük, birincilik Tanrı yazısı, İlahi qismətin seçilmişlərindən biri olma şansıdır. Bu, həm də hər bir şəxsin gələcək həyat yolunda daxili keyfiyyətlərindən qaynaqlanan yaşam fəlsəfəsidir.

21 fevral 2017-ci il tarixində Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev Mehriban xanım Əliyevanın müasir Azərbaycanın ictimai-mədəni,siyasi həyatında vacib rol oynadığını apardığını, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini olaraq səmərəli və əhəmiyyətli işlər aparmasını, çoxistiqamətli beynəlxalq fəaliyyətini, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həm Azərbaycan, həm də bölgənin ən böyük ictimai təşkilatı olmasını, ölkədəki bir çox qlobal tədbirlərin təşkilində müstəsna xidmətlər göstərdiyini, Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” Ordeni ilə təltif olunmasını qeyd edərək, bu çoxşaxəli fəaliyyəti Mehriban Əliyevanın ali statuslu təyinatında mühüm rol daşımasını qeyd etmişdir.

Dövlət siyasi idarəetməsində Birinci vitse-prezidentlik institutu da məhz “Güclü Azərbaycanın” inkişafı aspektində effektivliyi əks etdirir.

Mehriban xanım Əliyevanın gərgin fəaliyyəti nəticəsində ötən 8 ildə ölkədə Birinci vitse-prezidentlik təsisatı çevik, formalaşmış funksional yeni bir təsisat olaraq çoxşaxəli fəaliyyət aparır. Bu təsisat ilk Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə çoxşaxəli fəaliyyəti, bacarığı, Ulu Öndər Heydər Əliyev məktəbindən mənimsədiyi çoxillik idarəçilik təcrübəsi vacib rol daşıyır. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban Əliyevanın bu kimi keyfiyyətlərinə nəzər yetirərək vurğulayıb: “Mehriban Əliyev uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Bu illərdə Azərbaycan xalqı Birinci vitse-prezidentin çoxistiqamətli fəaliyyətinə müsbət yanaşaraq, güvənc və inam yeri hesab etdikləri, məhəbbətlə etimad bəslədikləri Mehriban xanım Əliyevanın bu məsuliyyətli statusda da ölkə üçün yorulmaz ictimai-humanitar fəaliyyətini təqdir edərək, daim müxtəlif problemlərin həllində ona müraciət edirlər. Birinci vitse-prezident xalqın müxtəlif qruplarının məsələlərinin həllinə, valideyn qayğısından məhrum olan uşaqlara, xüsusi diqqət göstərməyə, çoxəsrlik mədəni irsimizin təbliğinə və s. sahədə çoxsaylı sosial-humanitar-mədəni yeni layihələrin reallaşdırılmasını həyata keçirir.

Birinci vitse-prezident təyinatından sonra Mehriban Əliyevanın ilk tədbiri də keçmiş qaçqın və məcburi köçkünlərin problemlərinin çözülməsi məsələsi idi. Birinci vitse-prezidentin məhz yeni statusda ilk iclası 9 mart 2017-ci ildə Bakı və Sumqayıt şəhərlərində müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkün ailələri ilə keçirildi. Bu fakt göstərirdi ki, dövlət siyasətinin vacib xətti olan sosial məsələ Birinci vitse-prezidentlik təsisatının da fəaliyyətində prioritet istiqamətdir.

XXI əsrin ötən dövründə müstəqil Azərbaycan bir sıra beynəlxalq miqyaslı tədbirlərə, ev sahibi etmişdir. Bu kimi mötəbər tədbirlər məhz Mehriban xanım Əliyevanın təşkilatı rəhbərliyi ilə hazırlanmışdır. Belə ki, “Evrovision-2012” musiqi yarışması, 2015-ci il Birinci Avropa Oyunları məhz bu silsilədəndir. Azərbaycanın ev sahibi olduğu bu tədbirlərin hər biri yüksək standartlar göstəricisində baş tutub. “Evrovision-2012” musiqi yarışması vacib bir mədəni hadisə idi. Həmçinin Birinci Avropa Oyunları hazırlıq mərhələsi də çox az vaxtda reallaşsa da həmin vaxtadək dünyada baş tutan Olimpiya Oyunları səviyyəsində həyata keçirildi.

Bu silsilədən 2017-ci il Azərbaycanın  yenə ev sahibliyi ilə baş tutan IV İslam Həmrəyliyi Oyunları da Birinci vitse-prezidentin bacarıqlı təşkilatçılığı və qabiliyyətini bir daha əks etdirdi. 10 gün müddətində bu idman yarışı ölkədə əsl bayrama döndü. İslam oyunları yüksək səviyyədə keçirildi.

Dövlət başçısı İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında müxtəlif ölkələrdən olan  qalib idmançıları, onların məşqçilərini, İslamiadanın Təşkilat Komitəsinin işini yüksək qiymətləndirərək demişdi: “Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın.”

Birinci vitse-prezident fəaliyyətində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, maraq və mənafelərinə, istək və arzularına, humanistliyə əsaslanır. Bu  xoşməramlı humanist fəaliyyət Türkiyə, Pakistan, İtaliya, Rusiya, Küveyt, Özbəkistan, Serbiya və s. ölkələrin ali mükafatları ilə təltif edilmişdir. Prezident İlham Əliyev Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda yüksək qiymətləndərilməsi haqqında bildirib: “Öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir”.

Postmüharibə dövründə Birinci vitse-prezidentlik institutunun Qarabağın işğaldan azad edilən ərazilərində həyata keçirilən dirçəliş, yenidənqurma, bərpaetmə istiqamətli çoxsaylı tədbirlərdə də fəaliyyəti  təqdirəlayiqdir.

Yekunda qeyd edək ki, bu gün müstəqil, suveren və qalib Azərbaycanda Birinci  vitse-prezidentlik Konstitusion ilk innovativ ictimai-siyasi – “güc” institutudur.

Rəna Mirzəzadə,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu 
Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor