21 fevral 2025 22:13
124

Qarabağ və Şərqi Zəngəzur bölgələri dirçəlir

Prezident İlham Əliyevin Ağdama, Xankəndiyə səfəri zamanı istifadəyə verilən obyektlər, Xocalı rayonunun Ballıca kəndinin yeni büsatı Böyük Qayıdış Proqramının uğurlu həllinin nəticəsidir

İkinci Qarabağ müharibəsində, ondan sonrakı dövrdə Ermənistana havadarlıq edən Qərbin özü can üstündədir. Cənubi Qafqazda möhkəmlənmək naminə yeritdikləri beynəlxalq hüquqa zidd siyasətləri, qeyri-qanuni müdaxilələri, «humanitar yardımları» ilə rəsmi İrəvana hərbi texnikalar, silah-sursatlar göndərənlərin bütün cəhdləri iflasa uğradı. Havadarlarının öyrətmələrinə uyğun «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”» deyən Ermənistan baş naziri Nikol Paşinyan kapitulyasiya aktını imzalamaqla Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləsə də hələ də sözünə əməl etməyə qətiyyəti çatmır. Beynəlxalq ictimaiyyət Şərqi Zəngəzuru, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanısa da, Xankəndidə Azərbaycan Bayrağı dağalansa da Paşinyana «çe» dedirdirlər. Avropa İttifaqının (Aİ) Mülki Müşahidə Missiyasının əməkdaşları «biz də varıq» deyiminə uyğun olaraq Ermənistanla Azərbaycanın şərti sərhəddində göbələk kimi baş qaldıraraq torpaqlarımıza həsrətlə baxırlar.

2020-ci ilin sentyabrın 27-də başlayan, 44 gün davam edən İkinci Qarabağ müharibəsinin xronologiyasına, dövlət başçımızın aforizmə çevrilən müraciətlərindəki, çıxışlarında bəzi məqamlarına qısa nəzər salaq. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasına Suqovuşandan xeyir-dua verdi. Düşmənin çox böyük canlı qüvvəsinin yerləşdirdiyi Talış kəndinin və Suqovuşan qəsəbəsinin işğaldan azad olunmasının əhəmiyyətini qeyd etməklə, Ermənistanın baş naziri Nikol Paşinyana, eks-prezidentlər robertlərə, serjiklərə ciddi mesajlarını da çatdırırdı.

«Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun «metirkası»nda, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya «Serj», necə deyərlər, məqbul bir addır» sözləri ilə Ermənistanı korrupsioner dövlətə çevirən, hərbi cinayətkar, Xocalı soyqırımının iştirakçısı, uşaq qatili Serjikə mesajını da göndərdi.

«Bax, mən burada dayanmışam. Sənin «Madagiz» adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən… Bu gün İrəvanda oturub, öz çirkin ağzını açıb mənim atamın haqqında söz demək ona çox baha başa gələr. Artıq onun qulağından tutub dartmağımıza az qalmışdı… Odur ki, bir də deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi.»
 söyləyən Ali Baş Komandan İlham Əliyev Paşinyana və bütün haylara onu da xatırlatdı ki, ağlınızı başınıza yığın. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir.

İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşdırılan Bəyanatı hansısa qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə, eyni zamanda öz xoşuna deyil, dəmir yumruğun hesabına imzalayan Ermənistanın baş naziri Nikol Paşinyan quyruğunda dolandığı Avropa İttifaqına, ABŞ-a, Fransaya bel bağlayırdı.

2020-ci ilin noyabrın 8-də Şuşanın azad edilməsi ilə əlaqədar «Bax belə. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik… Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki dayanmasa, biz də dayanmayacağıq» sözləri ilə Nikolun Gəbrayıla çəkdirmək istədiyi yolda da Ali Baş Komandan kimi qürurla addımlayan Preziden İlham Əliyev «Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq» sözləri təqaüdə göndərilmiş Minsk qrupunu diriltmək, erməniləri Qarabağa köçürmək istəyən amerikalı, avropalı Şeyx Nəsrullahlara son sözünü çatdırdı. Təcrübə göstərdi ki, Ermənistan kimi onun havadarları da qələbə əzmini ortaya qoyan Azərbaycan xalqının iradəsi, Silahlı Qüvvələrimizin rəşadəti qarşısında diz çökməyə məhkumdur.

Kəlbəcərin, Laçının işğaldan azad edilməsi, Laçında sərhəd –buraxılış məntəqəsinin açılması isə erməni separatçılarına ciddi qulaqburması oldu. «Qarabağ Azərbaycandır və nida işarəsi» ifadəsi artıq Azərbaycan xalqının Qələbə rəmzinə çevrilib. Prezident İlham Əliyevin Xocalı şəhərində Soyqırımı Memorialının təməlini qoyması, 32 ildən sonra burada Xocalı qurbanlarının xatirəsinin yad edilməsi bu qanlı cinayəti törədənlərin ədalət qarşısında vicdan məhkəməsi idi. Dövlət başçımızın daimi tezisi bu idi ki, Xocalısız, Xankəndisiz bizim işimiz yarımçıq qalardı. Xocalı da daxil olmaqla Qarabağda aparılan antiterror tədbirləri ilə separatizmin kökünü kəsən Silahlı Qüvvələrimiz, bu gün Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verən separatçıları zərərsizləşdirən təhlükəsizlik orqanlarımızın əməkdaşları xalqımızın «Xocalıya ədalət!» tələbini kökündən həll etdilər. Günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Hazırda Azərbaycan Bayrağı qaldırılan bu şəhər doğmalarını qəbul edir. Xocalıda, Xankəndidə, Malıbəylidə, Kərkicahanda, Şuşanın kəndlərində həyat yenidən canlanır.

Abadlaşan Xocalı son olmadı. Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılması ilə Ermənistana dünya xəritəsində nöqtə boyda yeri göstərildi. Bu şəhərdə alovlanan Novruz tonqalı, keçirilən futbol yarışı Paşinyanın başqalarına rəva bildiyi «nöqtə»yə «nida»lı cavab oldu. İlk dəfə respublikaya rəhbərliyə başlayanda and içən, torpaqlarımızın işğaldan azad edilməsi üçün hədəflərə doğru inamla addımlayan, Azərbaycan xalqının gözlədiyi sevinci insanlara yaşadan Prezident İlham Əliyev illərdən bəri görülən işlərin hesabatını da verdi: «Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın» sözlərinin əminliyini reallaşdıran Ali Baş Komandan İlham Əliyevin dünya azərbaycanlılarının arzusunun ifadə olunduğu «İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır» sözləri daim qürur mənbəyimizdir. Xankəndinin mərkəzində yer alan Dövlət gerbimiz, dalğalanan üçrəngli Bayrağımız Ermənistana və havadarlarına əbədilik məğlubiyyət dərsidir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başlamışdı. Fransada «Dağlıq Qarabağın müstəqilliyi» ilə bağlı məsələ qaldıran separatçılar bu gün eyni koordinatla hərəkət etmək istəsələr də, mənfur niyyətlərini reallaşdırmaları mümkün deyil. Artıq Cənubi Qafqazda at oynatdıqlarını zənn edən Aİ-nin Fransa, Almaniya kimi üzvləri dünyada baş verən yeniliklərlə razılaşmalı olurlar.

Verdiyi bütün vədləri yerinə yetirən Prezident İlham Əliyevin qətiyyətli siyasəti, reallığı əks etdirən sözləri Ermənistanda baş qaldıran revanşistlərə, haylara dəstək olan Fransaya, ABŞ-a, Avropa İttifaqına daha ciddi mesaj, rəsmi İrəvana ayrılan «yardım paketi»ndə nəzərdə tutulan bütün silahlardan kəsərli, ədalətlidir: «Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»

Bu günlərdə Qarabağa növbəti səfəri çərçivəsində Ağdamda, Xankəndidə, Xocalı rayonunun Ballıca kəndində olan, bir sıra obyektlərin açılışında iştirak edən Prezident İlham Əliyevin vurğuladığı kimi, mindən artıq tələbənin təhsil aldığı Qarabağ Universiteti artıq fəaliyyət göstərir. Ali məktəbdə yeni korpuslar inşa olunacaq. Şəhərdəki tikiş fabrikində 200-dən artıq qadın çalışır.

Dövlət başçımızın Ballıca sakinləri ilə görüşü də tarixi məqamlarla yadda qaldı. 2023-cü ilin sentyabrında işğaldan azad edilən Ballıca artıq xoşbəxt günlərini yşayır. Kənddə həyat qaynayır. Keçmiş köçkünlərlə görüşən, onlar üçün yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin vurğuladığı kimi, Böyük Qayıdış Proqramının icrası ilə belə büsatlı kəndlərimizin sayı daha çox olacaq «Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük.»

Qeyd olundu ki, Birinci Qarabağ müharibəsindən ən çox əziyyət çəkən xocalılılar olmuşdur. Xocalı ilə birgə Xankəndi, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir.

Artıq doğmalarını qəbul edən Ballıca bərpa olunan və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada 500-ə yaxın insan yaşayır. Hazırda təkcə əvvəllər bu kənddə yaşayanlar deyil onların övladları, nəvələri, nəticələri də Ballıcada məskunlaşırlar.

Əvvəllər ata-baba yurdlarının əsrarəngiz gözəlliklərini valideynlərindən eşidən gənclər doğma torpağa həvəslə qayıdırlar, işləyirlər, özləri üçün gün-güzəran qururlar.

«Öz torpaqlarına qayıdan keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında həmişə gənclərdən soruşuram ki, siz darıxmırsınız burada? Deyirlər, yox, darıxmırıq. Çünki doğma Vətən, doğma torpaq bizi çəkir və bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir» sözləri ilə insanların yüksək əhval-ruhiyyədə olduğunu bildirən Prezident İlham Əliyev qeyd etdiyi kimi, Böyük Qayıdış Proqramının reallaşması ilə yüzlərlə ailə doğma yurdlarına qovuşacaq, təhlükəsiz və xoşbəxt həyat sürəcəklər.

Xuraman İsmayılqızı, «İki sahil»