Yaxud Kiyev təslim olacaqmı?
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Əldə olunan əsas razılaşmalar arasında Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlar qrupunun yaradılması, Moskva və Vaşinqtondakı səfirliklərin əməkdaşlarının bərpası, həmçinin prezidentlər Vladimir Putin və Donald Tramp arasında görüş üzərində iş yer alıb.
Əldə edilən məlumatlara görə, Rusiya və ABŞ-ın yüksək səviyyəli nümayəndə heyətlərinin ikitərəfli görüşündə Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə olunmayıb. ABŞ-ın Dövlət katibi Marko Rubio danışıqların başqa məqsədinin olduğunu da qeyd edib. Lakin heç bir təfərrüat verməyib. O, əlavə edib ki, görüşdə Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsi qaldırılmayıb. Rubio qeyd edib ki, söhbət hələ o mərhələyə çatmayıb. Dövlət katibi, həmçinin Ukrayna münaqişəsini Rusiya ilə ABŞ arasında əməkdaşlığa maneə adlandırıb.
Bəzi mənbələrə görə, Ər-Riyad görüşündən əvvəl də ABŞ və Rusiya rəsmiləri Ukraynadakı münaqişəni müzakirə etmək üçün son aylar İsveçrədə bir sıra gizli danışıqlar aparıblar. “Reuters” agentliyinin məlumatından aydın olur ki, görüşlər Prezident Co Baydenin dövründə başlanıb. Mənbələr danışıqlarda iştirak edənlərin adlarını açıqlamaqdan imtina ediblər. Sadəcə qeyd ediblər ki, bunlar indiki dövlət qulluqçuları deyil, diplomatiya və təhlükəsizlik sahəsində təcrübəsi olan şəxslərdir. O da bildirilir ki, görüşlər barədə D.Trampın bəzi müşavirlərinə məlumat verilib. Nəşr qeyd edir ki, ən azı belə bir görüş keçən həftə Münxen Təhlükəsizlik Konfransı ilə paralel olaraq Cenevrədə baş tutub.
Prezident Donald Tramp Florida ştatındakı malikanəsində jurnalistlərlə görüşdə danışıqlar barədə nikbinliyini ifadə edib. O, Ukraynanın dəvət olunmalı olması ilə bağlı tənqidlərlə razılaşmayıb: “Düşünürəm ki, bu müharibəni bitirmək gücüm var. Düşünürəm ki, çox yaxşı gedir, amma bu gün eşitdim ki, “Biz dəvət olunmamışdıq” Üç ildir ki, oradasınız. Bunu üç ilə bitirməli idin. Sən buna heç başlamamalıydın. Siz razılaşa bilərdiniz”.
Ukrayna Prezidenti Volodimir Zelenksi Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində Ankarada ölkəsinin yeni səfirlik binasının açılış mərasimindəki nitqində ABŞ və Avropa İttifaqı (Aİ) dövlətlərindən müharibəni bitirmək üçün təhlükəsizlik zəmanəti istəyib: “Ukrayna müharibənin diplomatiya yolu ilə və qan tökülmədən həllini istəyir, lakin heç vaxt ərazi bütövlüyü və suverenliyinə güzəştə getməyəcək”.
Məlum olduğu kimi, Prezident D.Tramp fevralın 15-də rəsmi Kiyevə ABŞ-a Ukraynanın nadir torpaq ehtiyatlarının 50 faizinə çıxış imkanı verəcək razılaşma təklif edib. Ukrayna Prezidenti isə hesab edir ki, Vaşinqtonun 500 milyard dolları faydalı qazıntılar şəklində qaytarılması tələbi “qeyri-ciddi söhbətdir”. O, nadir metallar və faydalı qazıntılar qarşılığında Vaşinqtondan təhlükəsizlik zəmanətləri istədiyini bildirib. V.Zelenski Ukraynanın nadir torpaq resurslarına girişin Vaşinqtona verilməsinə dair razılaşmanın ABŞ ilə müzakirəsi çərçivəsində bəyan edib ki, dövlətini satmaq niyyətində deyil.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə mətbuat konfransı zamanı bildirib ki, müharibə Ukraynaya 320 milyard dollara başa gəlib. Bunun 120 milyardını ukraynalılar, 200 milyardını isə ABŞ və Avropa İttifaqı ödəyib. “Biz bu rəqəmləri dəqiqləşdirməliyik. Təəssüf ki, onlar reallıqla üst-üstə düşmür. Müharibə bizə 320 milyard dollara başa gəldi - 120 milyard dollar Ukrayna vergi ödəyiciləri tərəfindən ödənildi, 200 milyard dollar isə ABŞ və Aİ tərəfindən, əsasən də hərbi yardım olaraq verilib”.
Prezident Zelenski qeyd edib ki, ABŞ-ın faktiki dəstəyi 67 milyard dollar hərbi yardım və 31,5 milyard dollar birbaşa büdcə yardımı təşkil edir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti V.Zelenski barəsində aşağılayıcı ifadələr işlədib və onu sərt tənqid edib. Tramp deyib ki, komediya ustası Volodimir Zelenski ABŞ-ı qalib gələ bilməyəcəyi müharibəyə 350 milyard dollar xərcləməyə inandırıb. Ağ Ev rəhbəri bildirib ki, ABŞ Avropadan 200 milyard dollar çox xərcləyib: “Avropa pullarına zəmanət verilir, ABŞ-a isə heç nə qayıtmayacaq”. Tramp Zelenskini Ukraynada prezident seçkilərinin keçirilməsi təklifini rədd etdiyinə görə də suçlayıb: “Seçkiləri olmayan diktator Zelenski tez hərəkət etməlidir, əks halda onun ölkəsi qalmayacaq”. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens isə bildirib ki, Vaşinqton Ukraynada seçkilərin keçirilməsində israr edəcək: “Müharibə zamanı seçki keçirə bilməyəcəyiniz fikri gülüncdür. Və ABŞ Prezidenti Donald Tramp bunun baş verməli olduğunu açıq şəkildə bildirdi. Deməli, bilirsiniz ki, bu, Amerika siyasətidir. Kifayət qədər sadə və aydındır”.
Görünən odur ki, rəsmi Kiyevi oyundankənar vəziyyətdə qoyan Prezident D.Tramp açıq şəkildə ərazisinin 20 faizi Rusiya tərəfindən işğal edilən Ukraynanı təslim olmağa çağırır. Belə çıxır ki, Ukrayna Rusiya-ABŞ münasibətlərinin normallaşması və gələcək prespektivi üçün qurban verilir. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa öz “X” hesabında yazıb ki, Ukrayna müasir Avropa tarixində ən dəhşətli hərbi hücuma və üç illik total müharibəyə tab gətirib: “Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz, biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik. Ukrayna xalqı və onun Prezidenti Volodimir Zelenski Putinin təzyiqinə boyun əyməkdən imtina etdi. Heç kim Ukraynanı təslim olmağa məcbur edə bilməz. Biz mövcud olmaq haqqımızı müdafiə edəcəyik”.
Zahid Rza, “İki sahil”