"Rusiya Federasiyasının Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini və beynəlxalq hüququ açıq şəkildə pozaraq, Ukraynaya genişmiqyaslı işğala başlamasından üç il keçir. Bu faciəvi hadisədə ədalətli, davamlı və hərtərəfli sülhə təcili ehtiyac olduğunu bir daha təsdiq edirəm".
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş deyib.
"Bəsdir. Üç illik ölüm və dağıntıdan sonra mən bir daha təcili deeskalasiyaya və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıram", - BMT rəhbəri bildirib.
Quterreş vurğulayıb ki, BMT Nizamnaməsi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.
Sülhə nail olmaq üçün bütün səyləri alqışladığını söyləyən Quterres əlavə edib ki, BMT-nin bu cür səyləri dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyir.
BMT rəhbəri hesab edir ki, Ukraynadakı müharibə BMT-nin əsasları və fundamental prinsipləri üçün ciddi təhlükə yaradır: “İkinci Dünya Müharibəsinin başa çatmasından 80 il sonra Ukraynadakı müharibə təkcə Avropanın sülhü və təhlükəsizliyi üçün deyil, həm də BMT-nin əsasları və fundamental prinsipləri üçün ciddi təhlükə yaradır”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”