04 fevral 2025 00:37
85

Paytaxt Bakı ilə yanaşı, ətraf qəsəbələr, regionlarımız inkişafın yeni mərhələsinə qədəm qoyur

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı» qarşıdakı dövrün hədəflərini özündə ehtiva edir

Prezident İlham Əliyev çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi, yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar, təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park, bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.

Hazırda paytaxt Bakı ilə yanaşı, Bakıətrafı qəsəbələr, bölgələrimiz inkişafın yeni mərhələsini yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər, eyni zamanda, 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı» bütün bu məqamlara işıq salır.

Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini bildirdi və bu istiqamətdə ardıcıl addımlar atıldı. Regional inkişaf proqramları ilə yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət proqramları icra edildi. İnfrastrukturun yenilənməsi istiqamətində atılan addımlar paytaxt Bakının və qəsəbələrin simasında da özünü aydın şəkildə göstərir. Dövlət başçısı «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək ölkənin inkişafında təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin qorunmasını vacib amil kimi dəyərləndirdi. Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollara yaxın investisiya qoyulub ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.

Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. «Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq» söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.

Son 21 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Davamlı inkişafın əsası olan Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir.

Bu gün bölgələr arasında sağlam rəqabət gedir. Ölkə ictimaiyyəti irəli sürülən bütün təşəbbüsləri dəstəkləyir və bu, ümumilikdə hərtərəfli inkişafı daha da sürətləndirir. Hər dövrün öz tələbləri vardır. Zamana və dövrün tələblərinə uyğun olaraq təkmilləşmə islahatların davamlılığını, inkişaf strategiyasının təkmilləşdirilməsini bir zərurətə çevirir. Azərbaycan bütün sahələrdə uğurları, təcrübəsi ilə nümunə oldu. Tarixi Zəfərimiz yeni Dövlət Proqramının qəbulunu bir zərurətə çevirdi. 5 əsas hədəfi özündə ehtiva edən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» qalib, bütövləşən Azərbaycanın qarşısında dayanan çağırışların yüksək səviyyədə yerinə yetirilməsində yol xəritəsi kimi dəyərləndirilir. Tarixi sahibinə qayıdan torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri dövlətimizin iqtisadi siyasətinin əsas prioritetlərinin təqdimatında öz sözünü deyir. Cənab İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə də bu məqamlara diqqəti yönəltdi. «Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir» söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, 3400 kilometrə yaxın avtomobil yolu, hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir: «Göstərir ki, hansı ölçüdə biz nəqliyyat layihələrini icra etmişik. Əgər biz bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar bizim nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi. Amma yenə də deyirəm, həyat yerində durmur. Biz indi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb.»

Qeyd etdiyimiz kimi, «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı» qarşıdakı dövrün hədəflərini özündə ehtiva edir. Sənəddə qeyd edilir ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə ölkə Prezidentinə məlumat təqdim edilsin. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin, dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görsünlər.

Təbii ki, görülən işlərə nəzarət qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir. 2003-cü ildən bu günədək Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair 3, Regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı icra edilib. Cənab İlham Əliyevin bu sənədlərdən irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq məqsədilə Bakıətrafı qəsəbələrə, regionlarda olması, sonra bu ərazilərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər planını təsdiqləməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması və sair kimi mühüm addımlar da məhz bir məqsədə xidmət edir- Azərbaycan daha qüdrətli dövlətə çevrilsin, innovasiyalar ölkəsi kimi artan nüfuzuna yeni əlavələr etsin. Bakı şəhərində və ətraf qəsəbələrdə müasir tələblər səviyyəsində tikililər, yol infrastrukturu şəhərin simasını dəyişir. Bakı beynəlxalq səviyyədə də qədimliyi və müasirliyi özündə birləşdirən şəhər kimi tanınır. Cənab İlham Əliyev sözügedən müşavirədə onu da qeyd etmişdir ki, Azərbaycan şəhərləri arasındakı bağlantıları təmin etmək üçün bir neçə yeni qatar istiqaməti müəyyənləşdirilib. Qəbələ şəhərinə dəmir yolu xətti heç vaxt çatmırdı: «Biz onu inşa etdik və bu yol da çox lazımlıdır. Bakı-Balakən dəmir yolu fəaliyyətini bərpa etdi və Bakı-Ağstafa. Yəni, Azərbaycan coğrafiyasını bilənlər görürlər ki, bu yollar, əslində, ölkəmizi bizim qərb sərhədi ilə, şimal-qərb sərhədi ilə və Qəbələ şəhəri ilə bağlayır. Bütün bu yollar üzrə yerləşən şəhərlər də təbii olaraq əhatə olunur.»

Müşavirədə o da qeyd edildi ki, 2008-ci ildən bu günə qədər metronun yeddi yeni stansiyası tikilib və qəbul edilən Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulur. 266 yeni nəsil metro vaqonu alınıb və bu proses davam etdirilir. Ölkəyə yüzlərlə yeni sərnişin avtobusu gətirilib və bu ildən başlayaraq ilin sonunda elektrobusların yığımı, ondan sonra lokalizasiyanın artımı işləri də başlanacaq. Şəhərimizə artıq 161 yeni elektrik avtobusu gətirilib və yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər. Çünki havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə böyük nəqliyyat vasitələridir. Ona görə bu işdə də insanların narahatlığı nəzərə alınır.

İstər paytaxt Bakıda, istərsə də regionlarda görülən işlərin əsasında insanların rahatlığının təmin olunması, bir sözlə, vətəndaş məmnunluğunun artırılması dayanır. Cənab İlham Əliyevin çıxışlarında bu məqam xüsusi vurğulanır ki, insanlar görülən işlərdən razı qaldıqda mən də razı olacağam. Vətəndaş amili dövlət siyasətinin əsasında dayanır. Bu baxımdan Dövlət proqramları təsdiqlənmədən öncə bu məsələlər müzakirə edilir, ölkə Prezidentinə təqdim olunur. İctimaiyyət qarşıdakı dövrdə ölkəmiz üçün nələr gözlənildiyi, hansı illərdə hansı işlər görüləcəyi barədə aydın təsəvvürə malik olur. Yerlərdən də gələn təkliflər nəzərə alınır.

Günümüzün reallıqları fonunda bu əminliyi ifadə edirik ki, bütün inkişafın əsasında xalq-Prezident birliyi, həmrəyliyi dayanır. Cənab İlham Əliyevin hər bir təşəbbüsünün xalq tərəfindən dəstəklənməsi, qəbulu da bunun bariz nümunəsidir. 2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar vətəndaş amilinə verilən dəyəri daha aydın şəkildə nümayiş etdirir. Bunun üçün cənab İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirənin əvvəlində səsləndirdiyi fikirlərə diqqət yetirmək kifayətdir. «Bugünkü müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik. Buna ehtiyac var» söyləyən dövlət başçısı bu reallığı xüsusi qeyd etdi ki, son illər ərzində bu istiqamətdə bir çox işlərin görülməsinə, böyük infrastruktur layihələrinin icrasına baxmayaraq, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.

Cənab İlham Əliyev insanların rahatlığının təmin olunmasında nəqliyyatın xüsusi rolunu önə çəkdi. Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. 

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Bu gün Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu qurulur və irimiqyaslı layihələr həyata keçirilir. Paytaxt Bakıda, eləcə də regionlarda kənd və qəsəbələri birləşdirən yolların, yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsində yol şəbəkəsi genişlənir, infrastruktur yenilənir. Yeni Dövlət Proqramının uğurlu icrası nəticəsində Azərbaycanın nəqliyyat imkanları daha da genişlənəcək.

Yeganə Əliyeva, «İki sahil»