Azərbaycan dövləti öz bacarıqlarından istifadə edərək böyük uğurlar qazanmaq istəyən hər bir gəncin yanındadır
Bu gün tam əminliklə demək olar ki, Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.
2 fevral - Azərbaycan Gəncləri Günü ərəfəsində “İki sahil” olaraq gənclərlə həmsöhbət olduq.
Prezident İlham Əliyev Ulu Öndərin müəllifi olduğu gənclər siyasətini inkişaf etdirərək onlara gələcəyin qurucusu olmaq yolunda geniş imkanlar təqdim edir
İlk müsahibimiz Azərbaycan Dillər Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr, daha sonra Bakı Mühəndislik Universitetində MBA – Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili almış Rəna Süleymanlıdır. Onunla söhbətimizə Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmaqla başladıq. Həmsöhbətimiz qeyd etdi ki, haqqında danışdığımız günün, yəni, Azərbaycan Gəncləri Gününün təsis edilməsi Ulu Öndərin bu sahədə gördüyü ən gözəl işlərdən biridir: “Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti Azərbaycan gəncliyini yalnız bu günün deyil, gələcəyin vətənpərvər və təhsilli nəsli kimi hazırlamağa yönəlmişdir. Cənab Prezidentimiz İlham Əliyev Ulu Öndərin müəllifi olduğu gənclər siyasətini yaşadaraq, gənclərə gələcəyin qurucusu olmaq yolunda geniş imkanlar təqdim edir. Gənclər öz ideyalarını və təşəbbüslərini həyata keçirmək üçün lazım olan dəstək və şəraiti alırlar. Son illərdə bu sahədə həyata keçirilən Dövlət proqramları cəmiyyətdəki sosial problemlərin həllinə birbaşa təsir edir, gənclərin iqtisadiyyat, elm və texnologiyalarda önə çıxmasına şərait yaradır. Bu siyasət gənclərin inkişafını təmin edir”.
Müsahibimiz vurğuladı ki, Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı, onlar üçün yaradılmış şərait yalnız dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər: “Hazırda Azərbaycanın ən ucqar nöqtəsində yaşayan bir gənc belə öz biliyi və savadı ilə ölkənin ən nüfuzlu təhsil ocaqlarında təhsil alaraq inkişaf edə və bununla qarşısındakı yeni zirvələri fəth edə bilər. Azərbaycan dövləti isə öz bacarıqlarından istifadə edərək böyük uğurlar qazanmaq istəyən hər bir gəncin yanındadır”.
R.Süleymanlı qeyd etdi ki, gənclərin dövlətçiliyə bağlı olması ilk növbədə onların dövlətçilik ruhunda tərbiyə alması ilə bağlıdır. Qeyd etdiyimiz kimi, gənclər bu ruhda yetişməsəydilər, müxtəlif radikal ünsürlərin, marginal qrupların təsirinə düşə bilərdilər. Dünyada bunun kifayət qədər nümunəsi var ki, bu da millətin birbaşa genefonduna zərər verən bir faktora çevrilə bilər. Xoşbəxtlikdən Azərbaycan gəncliyi dövlətinə bağlıdır və dövlətin ucalığı, milli birliyimiz gənclik üçün hər şeydən öndə dayanır.
Bu gəncliyin döyüş meydanında qazandığı qələbə…
Həmsöhbətimiz vurğuladı ki, gənclik müasir dünyaya açıldıqca daha da vətənpərvər olmalıdır. Ona görə ki, bu gün ölkəmizin uğurlarını qəbul edə bilməyən qüvvələr var. Bu qüvvələri sözün əsl mənasında alovlandıran bizim şanlı Qələbəmizdir. Belə bir dövrdə isə gəncliyin Vətənə bağlılığı, vətənpərvər olması olduqca vacibdir və qürur hissi ilə deyə bilərik ki, Azərbaycan gənci Vətənə bağlıdır. Öncə qeyd etdiyimiz kimi, bu gəncliyin döyüş meydanında qazandığı qələbə də, onların informasiya müharibəsində bütün dünyaya meydan oxuması da Azərbaycan gəncinin ruhuna hopmuş Vətənə bağlılıq hissi ilə bağlıdır. Qarabağ Zəfəri Azərbaycan gənclərinin həm fiziki, həm də mənəvi cəhətdən bu torpaqlara bağlılığını və onların vətənpərvərlik ruhunu ortaya qoydu. Gənclərin bu müharibədəki rolu bir döyüşdən daha çox, Azərbaycanın gələcəyinə olan bağlılığın və istəklərinin əksidir. Məhz Vətən anlayışının müqəddəsliyini dərk edə bilən gənclik canı bahasına zəfər qazana bilərdi və qazandı...
Rəna Süleymanlı sonda gənclərə arzularını da çatdırdı: “Gənclərə belə bir gündə ən xoş arzularımı çatdırmaqdan qürur duyuram. Gənclik insan həyatının ən gözəl dövrüdür və bu, təkcə yaş dövrü deyil, həm də düşüncə tərzidir. Gənclərə hər zaman düşüncə tərzi ilə öndə olmağı, yeni hədəflərə çatmağı, yaradıcı olmağı, sevmək və sevilməyi arzu edirəm !”
Hər bir Azərbaycan gənci bu gün özü üçün individual olaraq milli inkişaf proqramı hazırlamalı və ölkənin sosial-iqtisadi inkişafının dayanıqlılığının təmin edilməsinə xidmət göstərməlidir
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi, Çin İqtisadçılar Cəmiyyətinin üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə mövzu ilə bağlı qəzetimizə açıqlamasında qalib xalqın gəncliyini təmsil etməsindən böyük qürur hissi keçirdiyini bildirdi: “Lakin bu qürurla paralel olaraq gənclərimizdə yüksək məsuliyyət hissi də formalaşmışdır. İkinci Qarabağ müharibəsi onu göstərdi ki, dinindən, etnik mənsubiyyətindən, siyasi-ideoloji düşüncəsindən asılı olmayaraq Azərbaycan gəncliyini birləşdirən magistral istiqamət məhz Vətəndir! Gənclərimizdəki yüksək vətənpərvərlik ruhu triumfal Zəfərimizin əsasını təşkil edən faktorlardan biri kimi səciyyələndirilə bilər”.
Bu amil Azərbaycan gəncliyinin əsas ideoloji istiqaməti olmalıdır
Aslan Əzimzadənin sözlərinə görə, bu gün hər bir Azərbaycan gənci Ulu Öndər Heydər Əliyevin bizlərə miras qoyduğu vətəndaşlıq modelini inkişaf etdirməlidir. Bunun üçün hər bir gənc öz sahəsində rəqabətqabiliyyətliliyini artırmalıdır. Xüsusən də elm və təhsil sahəsində bu faktorun reallaşdırılması zəruridir. Məhz bu istiqamətdə dövlətin apardığı mütərəqqi və effektiv gənclər siyasətini qeyd etmək vacibdir. Belə ki, bu gün Azərbaycan gəncliyi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində dünyanın TOP-500 reytinqində yer alan ali təhsil müəssisələrində oxuyur və elmi-tədqiqat ilə məşğul olurlar. Bu isə öz növbəsində resurs kapitalından insan kapitalına keçid üçün struktur amillərdən biri kimi şərtlənə bilər. Lakin burada gəncliyin öhdəsinə də müəyyən işlər düşməkdədir. Hər bir Azərbaycan gənci bu gün özü üçün individual olaraq milli inkişaf proqramı hazırlamalı və uzunmüddətli perspektivdə ölkənin sosial-iqtisadi inkişafının dayanıqlılığının təmin edilməsinə xidmət göstərməlidir. Məhz bu amil Azərbaycan gəncliyinin əsas ideoloji istiqaməti olmalıdır”.
Gənclərimiz artıq müzəffər xalqın gəncləri olaraq, böyük qürurla Ulu Öndərin adı ilə bağlı olan Azərbaycan Gəncləri Gününü - öz bayramlarını işğaldan azad olunmuş torpaqlarda qeyd edirlər
“İki sahil”in digər gənc müsahibi isə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyat”ı ixtisası üzrə bakalavr təhsili, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Menecment (musiqi)” ixtisası üzrə magistr təhsili almış, istedadlı muğam ifaçısı, ictimai fəal gənc Yusif Cəfərbəylidir. O qeyd etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq”.
Müsahibimiz bildirdi ki, gənclər siyasəti hər bir ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, onun müstəqil dövlət kimi möhkəmlənməsində olduqca mühüm əhəmiyyət kəsb edir: “Bu gün gənclərin fiziki baxımdan sağlam, mənəviyyatca təmiz, milli vətənpərvərlik ruhunda tərbiyəsi, onların dövlətçilik məfkurəsi ətrafında sıx birləşməsi kimi vacib və aktual vəzifələr dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Təsadüfi deyildir ki, gənclərin savadlı, geniş dünyagörüşünə malik olmaları üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Dövlətin qayğısından faydalanan gənclər yüksək səviyyədə təhsil alaraq dünyada gedən prosesləri dərindən bilməli, vətənpərvər olmalıdırlar ki, gələcəkdə Azərbaycanı daha da inkişaf etdirib irəliyə apara bilsinlər. Azərbaycan Prezidenti İlham Əliyev gənclərin xarici ölkələrdə təhsil almalarını ona görə təmin edir ki, bu gün qazanılan uğurlar qorunub saxlanılsın və ölkəmiz daim dinamik şəkildə inkişaf yolunda daha da böyük uğurlar qazansın. Son illər Azərbaycanda gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər ölkə gəncliyinin inkişafında əhəmiyyətli rol oynayıb. Bu gün gənclər dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Ümumiyyətlə, bu gün gəncləri və onları birləşdirən gənclər təşkilatlarını əhatə edən məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, onların sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər aktualdır. Bütün bu proseslərdə dövlətimiz Azərbaycan gəncliyinə böyük ümid bəsləyir. Gənclərimiz də fəaliyyət göstərdikləri hər bir sahədə dövlətin onlara bəslədiyi ümidləri yüksək səviyyədə doğruldurlar”.
Vətən müharibəsi Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri oldu
Y.Cəfərbəyli diqqətə çatdırdı ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən tarixi Vətən müharibəsi oldu. Eyni zamanda, 2023-cü ilin sentyabr ayının 19-da başlamış və cəmi bir sutkadan da az davam edən, Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələn antiterror əməliyyatında da şanlı Silahlı Qüvvələrimizin sıralarında Vətən uğrunda cəsarətlə döyüşən qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində qazanılan bu Zəfərlə Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra əzəli torpaqlarına qovuşdu. Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın qədim torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Bu gün artıq düşmən əsarətindən azad olan doğma yurdlarımız yenidən qurulur, dirçəlir. Gənclərimiz artıq müzəffər xalqın gəncləri olaraq, böyük qürurla Ulu Öndərin adı ilə bağlı olan Azərbaycan Gəncləri Gününü - öz bayramlarını işğaldan azad olunmuş torpaqlarda qeyd edirlər.
Sonda həmsöhbətimiz təbriklərini də çatdırdı: “Mən də öz növbəmdə nəinki Azərbaycanda, dünyanın müxtəlif nöqtələrində yaşayan bütün azərbaycanlı gəncləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı, yüksək əzmkarlıq və gələcək işlərində tükənməz müvəffəqiyyətlər arzulayıram”.
Əziz gənclər, biz də “İki sahil” redaksiyasının kollektivi olaraq sizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək işlərinizdə uğurlar arzulayırıq.
Yaqut Ağaşahqızı, “İki sahil”