ABŞ-nin səsdən sürətli təyyarəsi Oman körfəzinin neytral suları üzərində, İranın nəzarətində olan hava məkanının sərhədinə yaxın ərazidə dövrə vurur.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin aviasiya dispetçer xidmətlərindəki mənbə bildirib.
Söhbət ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Northrop T-38C Talon" təyyarəsindən gedir. "Təyyarə regiondakı hərbi bazalardan birindən havalanıb və hazırda Oman körfəzinin neytral suları üzərində, təxminən 7,5 km hündürlükdə dairəvi trayektoriya üzrə uçuş həyata keçirir", - deyə agentliyin həmsöhbəti bildirib.
O qeyd edib ki, reaktiv aviasiya pilotlarının hazırlanması üçün nəzərdə tutulmuş təyyarə İran dispetçerlərinin nəzarətində olan hava rayonunun sərhədinə yaxın ərazidə dövrə vurur: "Onun trayektoriyası həmçinin sərnişin təyyarələrinin və ümumi təyinatlı aviasiyanın uçduğu dəhlizləri də əhatə edir".
Agentliyin həmsöhbəti məlumat verib ki, hazırda "Northrop T-38C Talon" ilə eyni trayektoriya üzrə, lakin üç kilometr aşağıda ABŞ-yə məxsus "Boeing KC-46A Pegasus" hərbi-nəqliyyat tanker təyyarəsi də uçuş həyata keçirir.