04 fevral 2025 02:27
102

Düşünülmüş konsepsiya, siyasi iradə, iqtisadi təhlükəsizlik

Bu prinsiplər əsasında inkişaf edən ölkə iqtisadiyyatının dinamikliyini konsepsiyamızın əsas şərtləri adlandıran Prezident İlham Əliyev hədəfləri də göstərir: Şaxələnmiş iqtisadiyyat, potensialdan səmərəli istifadə, ixracın artırılması

«Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də qeyd olunduğu kimi, ən çətin məqamlarda belə sosial-iqtisadi inkişafda dayanıqlığını qoruyan Azərbaycanda müasir infrastruktur quruculuğu planauyğun və uğurla həyata keçirilir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları makroiqtisadi sabitlik və artıma mühüm töhfələr vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Qazanılan uğurlar isə 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın nəzərdə tutulan proqram əsasında həyata keçirilməsi üçün uzunmüddətli, davamlı və sürətli inkişaf konsepsiyasının tətbiqi ilə qazanılan nailiyyətlər beynəlxalq təşkilatların hesabatlarında da nümunə göstərilir. Dövlət büdcəsində özəl sektorun payı və rolu artır. Sahibkarlığa, biznes mühitinin təkmilləşdirilməsinə göstərilən diqqətin nəticəsidir ki, məşğulluğun başlıca mənbəyinə çevrilən kiçik və orta sahibkarlığa maraq, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artır. Azərbaycanın daim nümunə göstərilən inkişaf modeli bir daha təsdiqləyir ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır. Aparılan məqsədyönlü islahatların nəticəsidir ki, Azərbaycan iqtisadi nailiyyətləri ilə bir çox ölkələrin inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam isə respublikada qeyri-neft sektorunun 7 faiz artmasıdır. Bu statistika onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar və həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin daimi tövsiyəsi, çağırışı budur ki, dövlətçiliyimizin təməli sayılan iqtisadiyyatın səmərəli təşkili, təhlükəsizliyinin qorunması bütün sahələr də daim diqqətdə saxlanılmalıdır. Respublikamızda aparılan sosial-iqtisadi islahatların, dinamik, davamlı inkişafın təməlində isə şaxələndirmə prinsipləri ön planda saxlanılır.

Ölkəmizdə iqtisadiyyatın inkişafı üçün başlıca şərt olan Ulu Öndər Heydər Əliyevin neft strategiyasını davam etdirməklə qeyri-neft sektorunun tərəqqisinə göstərilən diqqət beynəlxalq səviyyədə etiraf olunur. Azərbaycana maraq artır. Prezident İlham Əliyev proqram xarakterli çıxışlarında inkişafın yeni mərhələ üzrə istiqamətlərini göstərməklə vurğulayır ki, yalnız düşünülmüş siyasət, qətiyyətli siyasi iradə, xalqla birliyin möhkəmlənməsi sayəsində qarşıya qoyulan möhtəşəm vəzifələrə nail olmaq mümkündür.

«Azərbaycanın 2030-cu ilədək Milli Prioritetləri»ndə və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft ixracında daha yüksək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirmək başlıca hədəflərdəndir. Beynəlxalq təşkilatların keçirdikləri sorğularda da bu amilə xüsusi üstünlük verilir. Ölkə üzrə idxalı əvəz edən yeni ixrac imkanlarının yaradılması, ən yeni avadanlıqlardan səmərəli istifadə ilə müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin sayının artırılması qeyri-neft sənayesinin inkişafını da sürətləndirir.

Son illərdə respublikamızda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə müasir qeyri-neft sənaye müəssisəsilərinin, sənaye parklarının yaradılması ölkə iştisadiyyatının inkişafında həlledi amil kimi diqqətdə saxlanılır. Başlıca məqsəd ölkənin ixrac imkanlarını artırmaq, yüksək ixtisaslı kadr potensialını formalaşdırmaq, Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici dövlətlərdən birinə çevirməkdir. Əsas hədəf iqtisadiyyatı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. Təxirəsalınmaz vəzifə isə hərbi sənaye kompleksinin inkişafını daha da yüksəltmək, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mövcud potensialdan daha səmərəli istifadə etməklə ölkə iqtsadiyyatının uğurlarını artırmaqdır.

Yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ölkə üzrə iqtisadi inkişafın dayanıqlığını uğurlu adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, ümumi daxili məhsulun 4 faizdən çox artması dünyanın iqtisadi mənzərəsi ilə müqayisədə müsbət sayıla bilər. Dinamikanın əsas göstəricisi isə qeyri-neft sektorunun inkişafıdır: «Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, 6 faizdən çox artıbdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.»

Uzun illər aparılan iqtisadi islahatların, şəffaflığın qorunmasının, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsinin, sərmayələrin cəlb edilməsinin, investisiya mühitinin yaxşılaşdırılması nəticəsində qazanılan uğurlar beynəlxalq aparıcı reytinq agentliklərinin hesabalarında yüksək qiymətləndirilir.

Rekord səviyyədə olan dövlət büdcəmizin möhkəmlənməsi sosial proqramların icrasını da şərtləndirir. Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün tələb olunan vəsaitlərin səfərbər olması üçün valyuta ehtiyatlarının artması başlıca şərtdir. Bunun üçün isə ilk növbədə ölkə iqtisadiyyatı, özəl sektor, qeyri-neft sənayesi inkişaf etdirilməlidir. «İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Çünki hər şey müqayisədə ölçülür. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ümumi daxili məhsulun xarici borca olan nisbəti ilə müqayisədə ölkəmizin dünya iqtisadiyyatında liderlər sırasında olması sevindirici haldır. Çünki ölkəmizin xarici borcu ümumi daxili məhsulun cəmi 7,2 faizini təşkil edir. Müqayisə üçün demək olar ki, əksər inkişaf etmiş ölkələrdə bu göstərici 100 faizdən də çoxdur. Valyuta ehtiyatları xarici borcu 14 dəfə üstələyən ölkədə davamlı inkişafdan söz açmaq mümkündür. «Yəni, əgər kimsə mənə ikinci belə ölkə, - söhbət inkişaf etmiş ölkələrdən gedir, - göstərsə, əgər kimsə bu rəqəmlər toplusunu təqdim edə bilsə, mən əlbəttə ki, minnətdar ola bilərəm. Amma inkişaf etmiş ölkələr sırasında belə analoqlar yoxdur. Yəni, bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur. Halbuki biz indi xarici borcumuzu bir qədər artırmaq üçün də səylər göstərməyə başlamışıq. Müəyyən dərəcədə arta bilər, çünki bu, əhəmiyyətli dərəcədə azalıbdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu rəqəm aparılan düzgün siyasətin nəticəsidir. Hazırda 5,2 milyard dollara bərabər olan xarici borcumuz illər keçdikcə daha da azalacaq.

Büdcə parametrləri də hər bir ölkənin iqtisadi potensialını əks etdirir: həm parametrlər, həm dinamika. Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amilləri sadalayaraq bir daha göstərmək olar ki, Azərbaycan yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışdır.

«Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır» deyiminin Azərbaycan nümunəsində, təcrübəsində özünü doğrultması görülən işlərin məntiqi nəticəsidir. Yəni, iqtisadi, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən.

İqtisadi uğurlar sosial islahatların həllini təmin edən başlıca amildir. Bu sahədə də statistik rəqəmlər uğurludur. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artırılaraq 400 manata, minimum pensiya 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. «Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir» sözləri ilə bir daha ölkəmizdə insan amilinə qayğının hər zaman diqqətdə olduğunu bildirən Prezident İlham Əliyev dövlətin sosial siyasətinin başlıca hədəflərini açıqlayır: «Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik.»

Xuraman İsmayılqızı, «İki sahil»