03 fevral 2025 22:58
106

Şagirdlərin dərs yükü NİYƏ ÇOXDUR? - Elm və Təhsil Nazirliyindən CAVAB/EKSKLÜZİV

“İki sahil” soruşdu, Elm və Təhsil Nazirliyi cavablandırdı…

Ümid edirik ki, bu inkişaf həmişə davam edəcək və dünyanın nüfuzlu reytinq sıralamalarında təmsil olunan universitetlərimizin sayı növbəti illərdə daha çox olacaq

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “İki sahil”in təhsilimizin uğurları, eləcə də bu sahənin infrastrukturunun daha da möhkəmləndirilməsi, təlim-tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr potensialının gücləndirilməsi və rəqəmsallaşdırma işlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı suallarını cavablandırdı.

- Azərbaycan Cənubi Qafqaz regionu üzrə “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025” də təmsil olunan yeganə ölkədir. İlk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub. Nazirlik olaraq təhsilimizin bu uğuru haqqında oxucularımıza məlumat verməyinizi istərdik...

- Reytinqlər ali təhsil müəssisələrinin bir neçə istiqamət (tədrisin keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq və s.) üzrə fəaliyyətinə əsaslanaraq onların sıralamasını müəyyən edən sistemdir. Reytinqlər, ali təhsil müəssisəsinin beynəlxalq məkanda nüfuzunun artırılmasına, o cümlədən tələbələr, müəllimlər və tədqiqatçılar üçün ali təhsil müəssisələri arasında seçim etməyə dəstək göstərir. Son illərdə Azərbaycan universitetləri beynəlxalq reytinq cədvəllərində uğurla təmsil olunur və bu göstərici ildən-ilə artır.

Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan hazırda Cənubi Qafqaz regionu üzrə “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025” də təmsil olunan yeganə ölkədir. Sözügedən reytinqdə dünyanın 107 ölkəsindən 1751 ali təhsil müəssisəsi təmsil olunur. Qeyd etmək lazımdır ki, ötən il yalnız 2 ali təhsil müəssisəmizin təmsil olunduğu bu reytinqdə yer alan Azərbaycan ali təhsil müəssisələrinin sayı 3,5 dəfə artıb. Azərbaycan sözügedən reytinqdə ilk dəfə TOP 1000-də Bakı Dövlət Universiteti (941-950) ilə təmsil olunur. Azərbaycan Dövlət İqtisad Universiteti 1081-1100-cü yerdə qərarlaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1351-1400), Bakı Mühəndislik Universiteti (1451-1500), Azərbaycan Texniki Universiteti (1501+), Azərbaycan Memarlıq və İnşaat Universiteti (1501+) və Xəzər Universiteti (1501+) isə ilk dəfə bu reytinqdə yer alırlar.

Bu rəqəmlərin arxasında böyük bir iş dayanır. Ali təhsil müəssisələrinin beynəlmiləllləşmə, elmi-tədqiqatlar, davamlı inkişaf istiqamətlərində reallaşdırdıqları genişmiqyaslı fəaliyyət nəticələrdə öz sözünü deyir və bu rəqəmlərin ildən-ilə daha da yaxşılaşması qeyd olunan  istiqamətlər üzrə görülən işlərin yüksələn xətlə davam etdiyini göstərir. Biz ümid edirik ki, bu inkişaf həmişə davam edəcək və dünyanın nüfuzlu reytinq sıralamalarında təmsil olunan universitetlərimizin sayı növbəti illərdə daha çox olacaq.

-2025-2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Bu Dövlət Proqramı haqqında zəruri informasiyaları, həmçinin bu Proqramın mahiyyətini  necə şərh edərsiniz?

Mədəniyyət və incəsənət sahəsi üzrə də bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək

- 2025-2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Məlumat üçün qeyd edək ki, Azırbaycan Respublikası Prezidentinin Sərəncamı rəhbər tutularaq Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunmuşdur ki, 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.  Təsdiq olunmuş təhsil proqramlarının siyahısında 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 32 ölkəsinə aid 221 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 4405 proqram yer alır. Bu il namizədlər dünyanın aparıcı reytinq cədvəllərində olan və ötən il əhatə olunmayan 11 ölkənin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edəcəklər. Siyahıda bakalavriat səviyyəsi üzrə 1311, magistratura səviyyəsi üzrə 3094 proqram yer alır. Siyahıda yer alan ali təhsil müəssisələrindən 15 prioritet ixtisas sahələri əsas götürülməklə doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına doktorantura səviyyəsi üzrə müraciət edə bilərlər.  Namizədlər “Times Higher Education” və "QS World University Rankings" reytinq cədvəllərində “TOP10”da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahələri üzrə bakalavriat, magistratura və doktorantura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər.  Mədəniyyət və incəsənət sahəsi üzrə də nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək. 

Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

- COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında şagirdlərin PISA çərçivəsində iqlim savadlılığını qiymətləndirmə üzrə birgə əməkdaşlıq haqqında saziş imzalanıb. Bu mühüm sənəd qlobal səylərin iqlim savadlılığının təhsilə inteqrasiyasına yönəlməsi baxımından mühüm addım kimi qiymətləndirilir…

- COP29 çərçivəsində Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilmiş tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər əlaqəli mövzularda müzakirələr aparılmışdır. Bu çərçivədə, həmçinin Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) vasitəsilə şagirdlərin iqlim savadlılığının ölçülməsinə dair Elm və Təhsil Nazirliyinin irəli sürdüyü təşəbbüs müzakirə edilmişdir. Təşəbbüsün əsas məqsədi şagirdlər arasında iqlim dəyişikliyi üzrə savadlılığın qiymətləndirilməsi və təşviqini təmin etməkdir. Əldə olunmuş razılaşmaya əsasən, 2029-cu ildə həyata keçiriləcək növbəti PISA tədqiqatı üçün Elm və Təhsil Nazirliyi tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə iqlim savadlılığına dair səriştəəsaslı ölçmə və qiymətləndirmə çərçivəsi hazırlanacaqdır.Tərəfimizdən irəli sürülmüş bu təşəbbüsün müxtəlif ölkələrin təhsil sistemlərində iqlim məlumatlılığının artırılmasına mühüm töhfə verəcəyi gözlənilir.

Təəssüf ki, bəzən müəllimlərin subyektiv qərarları ilə əlavə dərs vəsaitlərinin alınması və istifadəsi halları baş verir...

- Valideynlərin əsas şikayətlərindən biri də övladlarının dərs yükünün çox olması ilə əlaqədardır. Bununla bağlı nə kimi yeniliklər gözlənilir?

- Ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili (o cümlədən dərs saatlarının miqdarının müəyyən olunması), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” və Nazirlər Kabinetinin 2012-ci il 3 avqust  tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təhcizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” əsasında həyata keçirilir. Əlavə olaraq bildiririk ki, dövlət ümumi təhsil müəssisələrində istifadədə olan dərsliklər yuxarıda qeyd olunmuş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na və həmin sənədə əsasən hazırlanmış fənlər üzrə təhsil proqramlarına (kurikulumlara) uyğun hazırlanır. Eyni zamanda, dərsliklər Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”ndakı qiymətləndirmə meyarlarına uyğunluğu (o cümlədən təhsilalanların yaş xüsusiyyətlərinə uyğunluğu) yoxlandıqdan sonra təsdiq edilir.

Buna baxmayaraq, təəssüf ki, bəzən müəllimlərin subyektiv qərarları ilə əlavə dərs vəsaitlərinin alınması və istifadəsi halları baş verir ki, bu da şagirdlərdə izafi dərs yükünün yaranmasına səbəb olur.

Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır

- Azərbaycan müəlliminin inkişafı üçün sertifikatlaşdırmanın əhəmiyyətindən bəhs etməyiniziistərdik...

- Sertifikatlaşdırma dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə həyata keçirilir ki, bu da nəticədə şagirdlərin qarşısına peşəkar və müasir tələblərə cavab verən müəllim çıxarmaq, həmçinin bacarıqlı, hazırlıqlı, özünün biliyi ilə digər həmkarlarından seçilən müəllimlərə daha yaxşı əməkhaqqı verməyə imkan yaradır.  Qeyd edək ki, sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərə diferensial əməkhaqqı sistemi tətbiq olunur. Belə ki, sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərin vəzifə maaşlarına 35%, keçid balını toplamış digər təhsilverənlərin vəzifə maaşlarına isə 10% aylıq əlavələr edilir.

- İşğaldan azad edilmiş ərazilərdəki məktəblərdə işləyəcək müəllimlərin seçimi necə həyata keçirilir?

- Köç prosesində iştirak edən və hazırda ümumi təhsil müəssisələrində tədris aparan müəllimlərin iş yerinin dəyişdirilməsi vasitəsilə həyata keçirilir. Ehtiyac olduqda yaxın ərazilərdə yerləşən digər ümumi təhsil müəssisələrinin müəllimləri ikinci iş yeri kimi cəlb edilir. Bundan başqa, ehtiyac yarandıqda müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanmış şəxslər cəlb oluna bilər.

Yaqut Ağaşahqızı, “İki sahil”