03 fevral 2025 23:35
124

“Radikal dəlilər”in idarə etdiyi USAID-in ölümü reallaşır

Uzunmüddətli iqtisadi və sosial inkişafa, kənd təsərrüfatına, qlobal səhiyyəyə, ticarətə yardım göstərmək məqsədilə yaradılan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrin daxili işlərinə qarışmaq, qeyri-sabit, çevriliş, xaos üçün münbit şərait yaratmaq üçün ən çirkli üsul və vasitələrdən istifadə edir. Bu məkrli təxribat maşını vətəndaş cəmiyyətinin inkişafına töhfə verməkdən daha çox daim siyasi proseslərə müdaxilə etmək, cəmiyyətdə qarşıdurma yaratmaq, prosesləri manipulyasiya etmək məqsədi güdür. USAID-in 2023-2025-ci illərddə “vətəndaş cəmiyyəti” quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırması təşkilatın yeni məkrli planlarından xəbər verir.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda fəaliyyətə başlayan, USAID qeyri-şəffaflıq, qapaılılıq nümayiş etdirərək uzun illərdən bəri ölkəmizdə siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb. Məsələn, 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə 2,4 milyon dollar məbləğində qrant ayırıb və onları özlərinin təsir agentlərinə ötürüb. Aparılan araşdırmalar sübut edir ki, “Abzas media”nın, “Meydan TV”nin, “Toplum TV”nin Qərbin şəbəkəsinə daxil olan əməkdaşları və digərləri təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yanaşı, USAID-lə də yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər.

Ölkəmizə qarşı qərəzli və zərərli siyasi xətt tutan USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb. Deyəsən, artıq okeanın o tayında da bu təşkilatla bağlı əsl həqiqətləri dərk ediblər. ABŞ-ın yeni Prezidenti Donald Tramp administrasiyası 64 illik agentliyi ləğv etməyi planlaşdırır. “USAID”in “X” hesabı bir neçə gün əvvəl silinib. Qurumun vebsaytı da bağlanıb. Bazar ertəsindən etibarən onlarla USAID əməkdaşının işdən azad edildiyi barədə məlumat verilib. Gecə yarısı bir neçə USAID işçisi rəsmi e-poçtlarına daxil ola bilmədiklərini bildirməyə başlayıblar. Bu da daha çox USAID əməkdaşının işdən çıxarılacağına dair narahatlıqları artırıb.

Amerikalı milyarder, D.Trampın müttəfiqi “Tesla”, “SpaceX”, “Neuralink” və “The Boring Company” kimi yüksək texnologiyalı şirkətlərin təsisçisi və rəhbəri İlon Mask USAID-i cinayətkar təşkilat adlandıraraq onun ölüm vaxtının çatdığını bilidirib. “USAID-in sizin vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silah tədqiqatlarını maliyyələşdirdiyini bilirdiniz?”- yazan İ.Mask təşkilatın Əfqanıstanda heroin istehsalını maliyyələşdirməsi, USAID-in Sorosun maliyyələşdirdiyi prokurorlara nəzarət edən təşkilata 27 milyon dollar ayırması, təşkilatın bir sıra digər qanunsuzluqları ilə bağlı müxtəlif şəxslərin paylaşımları ilə razılaşaraq onları özünün sosial şəbəkə səhifəsində paylaşıb.

ABŞ Prezidenti D.Tramp USAID-in “radikal dəlilər” tərəfindən idarə olunduğunu bildirib. O, həmçinin təşkilatın idarəetmə üsullarını və inkişaf sahəsindəki təcrübələrini müsbət qiymətləndirmədiyini açıq şəkildə bəyan edib. Məlumatlara görə, D.Tramp USAID-nin ləğv edilərək ya daha güclü şəkildə Dövlət Departamentinə inteqrasiya edilməsini, ya da ciddi şəkildə struktur dəyişikliklərinin həyata keçirilməsini nəzərdən keçirir.

Dünyanın ayrı-ayrı bölgələrində, eləcə də Cənubi Qafqazda xaos, qeyri-sabitlik, qarşıdurma yaratmaq istəyən USAID təşkilatına qatı ermənipərəst Samanta Pauerin rəhbərlik etməsi isə ayrı mövzudur. Bu üzdəniraq, ermənidən çox ermənilik edən Samanta Pover haylara “öz möhtəşəm” sevgisini sübuta yetirmək üçün 24 aprel qondarma soyqırımı “gününü” özünün doğum günü elan edib. Əslində isə vikipedik məlumatlardan aydın olur ki, onun doğum günü 21 sentyabra təsadüf edir. Yeri gəlmişkən, 2015-ci ildə ABŞ-ın BMT-dəki nümayəndəsi xanım Pauer bu ölkənin ovaxtkı vitse-prezidenti Co Baydenlə birlikdə Vaşinqtonda qondarma “soyqırımı”nın 100-cü ildönümünə həsr olunmuş mərasimdə iştirak edib. O da var ki, bu gün USAID rəhbəri Ermənistan tərəfindən “dəyərli tərəfdaş” kimi qəbul edilir.  

Zahid Rza, “İki sahil”