01 fevral 2025 18:09
134

Qarsda Qərbi Azərbaycan İcmasının nümayəndəliyinin açılması Qayıdış Konsepsiyasına töhfə olardı

Türkiyənin Ermənistanla həmsərhəd olan Qars şəhərində Qərbi Azərbaycan İcması nümayəndəliyinin açılması Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsinə töhfə verərdi.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Türkiyənin Qars vilayətindəki baş konsulu Zamin Əliyev bildirib.

Diplomat Qərbi Azərbaycandakı tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların övladlarının hazırda Türkiyədə yaşadığını diqqətə çatdırıb.

“Qərbi Azərbaycandan deportasiya edilən bəzi soydaşlarımız bir vaxtlar Anadoluya gəliblər. Onların əhəmiyyətli bir hissəsi Qarsda məskunlaşıb. Bu gün həmin insanlar Türkiyə vətəndaşları kimi qardaş ölkənin inkişafına mühüm töhfələr verirlər”, - deyən diplomat Qərbi Azərbaycandan olan insanların öz tarixi vətənlərini heç vaxt unutmadıqlarını vurğulayıb.

“Bu gün Qərbi Azərbaycandan olan insanlar İcmanın fəaliyyətini diqqətlə izləyirlər”, - deyən Z.Əliyev ötən ilin dekabrında İzmirdə Qərbi Azərbaycan İcmasının ilk xarici nümayəndəliyinin açılmasını yüksək qiymətləndirib.

Baş konsul vurğulayıb: “İzmirdə ofis açmaq ən yüksək qiymətə layiq bir addımdır. Eyni zamanda, inanırıq ki, Qərbi Azərbaycan İcmasının Qarsda təmsil olunması həm də onun maraqlarına və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsinə töhfə verəcək”.