Elnur Soltanov: COP29-da Azərbaycan bütün qərarlara aktiv, şəffaf, tərəfsiz və neytral mövqe sərgiləməyi bacardı
Azrərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov “İki sahil” qəzetinin suallarını cavablandırır:
- Elnur müəllim, 2024-cü il energetika sahəsində hansı uğurlarla yadda qaldı?
- 2024-cü ilin energetika sahəsindəki uğurlarını COP29-la birbaşa əlaqələndirməliyik. Çünki hal-hazırda dünyada mövcud olan siyasi müzakirələr kontekstindən baxsaq COP29-dan daha əhəmiyyətli, daha böyük qlobal müzakirə platforması yoxdur. Bilirsiniz ki, COP-un əsas mövzusu istixana qazlarının nəzarət altına alınmasıdır. Mövcud elmi konsensus ondan ibarətdir ki, həmin qazlar nəzarətə götürülməsə, hazırkı halı ilə davam etsə Yer kürəsində həyat balansı fundamental və mənfi dəyişikliyə məruz qalacaq. Bildiyiniz kimi, istixana qazlarının 70 faizindən çoxunun mənbəyi energetika sahəsini əhatə edir. Bu mənada, 2024-cü ildə Energetika Nazirliyinin fəaliyyətinə, ümumiyyətlə, Azərbaycanın enerji sahəsinə COP29-un prizmasından baxılmalıdır.
Elektroenergetika sahəsində 3 dəyər zəncirinə diqqət yetirərdim: generasiya, ötürmə-paylama və istehlak. Generasiya mövzusunda ən böyük hadisə 2 qiqavat bərpaolunan enerjinin şəbəkəmizə qoşulması istiqamətində gedən proseslərdir. 2 qiqavat bərpaolunan enerji kifayət qədər böyük rəqəmdir. Bu, Azərbaycan əhalisinin yarısının elektrik enerjisi ilə tələbatını qarşılaya biləcək bir həcmdir. Eyni zamanda, bu layihələrlə təqribən 1 milyard kubmetr qaza qənaət etmiş oluruq. Energetika Nazirliyinin vəzifəsi əhalimizi, iqtisadiyyatımızı təhlükəsiz, dayanıqlı və səmərəli enerji ilə təmin etməkdir. Digər bir istiqamət ixrac imkanlarını dəyərləndirərək dövlətin gəlirlərinin artırılmasıdır. Hər iki məqsədin reallaşdırılmasında 2 qiqavat bərpaolunan enerjinin əhəmiyyəti böyükdür.
Generasiyada 2-ci vacib məqam səmərəlilikdir. Səmərəlilik özü yeni enerji mənbəyi hesab olunur. Məlum olduğu kimi, Azərbaycanda ən böyük elekrtik stansiyası Mingəçevir şəhərində 2.4 qiqavat gücə sahib “Azərbaycan” İstilik Elekrtik Stansiyasıdır (İES). Azərbaycanda ümumilikdə elektrik sisteminin qoyuluş gücü 8.3 qiqavatdır. “Azərbaycan” İES-də köhnə turbinlər, elektrik avadanlıqları italyan şirkətinin ən yeni texnologiyası ilə əvəzlənir. Bunun artıq bir qismi tamamlanıb. Modernizasiya başa çatandan sonra təqribən yarım milyard kubmetr qaza qənaət etmiş olacağıq.
Dəyər zəncirinin ikinci səviyyəsi olan elektrik enerjisinin paylanması və ötürülməsində itkilər səmərəli texnologiyalardan istifadə etməklə azaldılmaqdadır. Azalan itki artan gəlir deməkdir. Elektrik enerjisi sahəsində bu kimi ən mütərəqqi layihələr birinci növbədə işğaldan azad olunan ərazilərimizdə həyata keçirilir. Orada sınaqdan uğurla keçən texnologiyalar Azərbaycanın digər bölgələrində də tətbiq olunur.
Üçüncü dəyər zənciri istehlakdır. Məişətdə, iqtisadiyyatda enerji səmərəli avadanlıqlardan istifadə ciddi qənaətlə nəticələnir. Ancaq hal-hazırda ən böyük məsələ binaların izolyasiyasıdır. Yaxşı izolyasiya edilməyən binalardan həm yayda, həm qışda ciddi enerji itkisi yaşanır ki bu da həm vətəndaş, həm də iqtisadiyyat üçün artan maliyyə xərcləri mənasına gəlir. Bu istiqamətdə atılan addımlar yuxarıda qeyd edilən 1.5 milyad kubmetrlik qaz qənaətini 2 miyarda yüksəldə bilər.
Qaz karbohidrogen yanacaqların içərisində ən təmizidir. COP-larda alınan qərarlar çərçivəsində təbii qaza keçid yanacağı olaraq baxılır. Azərbaycan qazı kömürdən istifadə edən ölkələrə də satılmaqdadır. Onların kömürünü əvəz etdiyi ölçüdə təbii qaz dekarbonizasiya məqsədinə və COP-ların əsas missiyasına xidmət etmiş olur. Səmərəlilik tədbirlərimiz, bərpaolunan enerji layihələrimiz qaz ixracının həcminin artmasına kömək edəcək. Yeni qaz yataqları ixrac üçün əhəmiyyətlidir, lakin səmərəlilikdən və yaşıl enerji nəticəsində qənaət edilən qaz, yeni quyudan çıxarılan təbii qaz qədər əhəmiyyətli ola bilər. Hazırda “Abşeron” yatağından təqribən 1.5 milyard kubmetr qaz əldə edilməkdədir. Bərpaolunan layihələr və sadaladığım səmərəlilik tədbirləri nəticəsində “Abşeron” yatağından bir qədər də böyük yeni bir qaz yatağının istismara verilməsi kimi nəticə yaranmış olacaq.
COP tarixinin ən yaxşı ev sahibliyini nümayiş etdirdik
- COP29-un baş icraçı direktoru olaraq Tərəflər Konfransının ötən ilin noyabrında Bakıda keçirilən 29-cu sessiyasının yekun nəticəsini necə dəyərləndirirsiniz?
- COP29-da bir neçə məqamlardan ən əhəmiyyətlisi danışıqların nəticəsi idi. Çünki bütün COP prosesinin uğurunun ölçüsü iştirak edən 198 ölkənin iqlim müqaviləsinin icrası istiqamətində əhəmiyyətli qərarların qəbul edilib, edilməməsidir. Digər bütün proseslər talidir, və bu əsas məqsədə xidmət edir. Amma qərarvermənin uğurlu olması üçün ölkənin strategiyası, kommunikasiya baxışı və logistik effektivliyi olmalıdır. COP29-da nə baş verdi? Çox uğurlu qərarlar qəbul edildi. Onlardan üçünü xüsusi vurğulamaq istərdim. İqlim maliyyəsi 100 milyarddan 300 milyarda qaldırıldı. Düzdür, bu məbləğ İnkişaf Etməkdə olan Ölkələrin istəyindən az olsa da, İnkişaf Etmiş Ölkələrin vermək istədiyindən daha çox idi. Onu qeyd edim ki, COP çərçivəsində maliyyədən daha əhəmiyyətli və daha çətin bir mövzu yoxdur. Eyni zamanda, maliyyə heç bir vaxt sistematik müzakirə mövzusu olmamışdı. Çətin bir ilki uğurla başa vurduq: COP29-a ev sahibliyi edən, danışıqlara liderlik edərək qərarları verən tərəflərə şərait yaradan məhz Azərbaycan idi.
İkinci məsələ 2015-ci ildə imzalanan Paris Sazişinin 2024-cü ilə qədər icrası həyata keçməmiş olaraq qalan yeganə maddəsi, 6-cı maddə idi. Qlobal və ikitərəfli karbon bazarları ilə bağlı 10 ildir ki, davam edən danışıqlara nəhayət COP29-da yekun vuruldu. İllərdir həll olunmayan bu mövzu Azərbaycanda baş tutan COP29 çərçivəsində reallaşdırıldı. Alınan qərarlar 2025-ci ildə dünyada karbon bazarlarının fəaliyyətə keçməsinə imkan yaradır.
Üçüncü mühüm qərar isə İtki və Zərər Fondu məsələsi idi. COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun fəaliyyətə başlamasını təmin edən qərarlar qəbul olundu. Sadaladığım üç qərarın qəbulu COP29-un qarşısında duran ən vacib vəzifə idi. Uğurun əsas səbəbi isə Azərbaycanın bütün qərarlara aktiv, şəffaf, tərəfsiz və neytral mövqe sərgiləməsi oldu.
Logistika mövzusunda isə bəlkə də COP tarixinin ən yaxşı ev sahibliyini nümayiş etdirdik. Bir ildən az müddətdə şəhərin yollarında, nəqliyyatda yaradılan şərait, qonaqları qarşılayacaq infrastrukturun yaradılması, viza məsələlərinin həlli, Azərbaycanın qonaqpərvərliyi və könüllülərimizin fəaliyyəti sadəcə mükəmməl idi. Bu sahədəki fəaliyyətimiz yuxarıda qeyd edilən qərarların alınması üçün də münbit bir şərait yaratmış oldu.
- Sıfır xalis emissiyaya nail olmaq üçün hansı işlərin vacib olduğunu düşünürsünüz?
- Xalis sıfır emissiya mürəkkəb mövzudur. İnsanlıq tarixinin ən inkişaf etmiş mövcud sivilizasiyası XIX əsrdə sənaye inqilabı ilə başlayıb. Bu isə karbohidrogen yanacaqları olmadan mümkün olmazdı. Proses daş kömürlə başladı, neftlə davam etdii, son illərdə bunlara təbii qaz əlavə olundu.
Alimlərin dedikləri odur ki, iqtisadi inkişafla karbohidrogen yanacaqların istifadəsi əlbəəl getsə dünya məhvə sürüklənəcək. Bu şəkildə inkişaf modeli dayanıqlı deyil. İqtisadi inkişafı karbohidrogen yanacaqlarından ayırmaq lazımdır. Yeni enerji mənbələri tapmaq lazımdır. Yoxsa ənənəvi inkişaf Yer kürəsini o qədər isidəcək ki, bütün iqlim tarazlığı alt-üst olacaq. Alternativ enerji mənbələri isə ənənəvilərdən daha maliyyətlidir və kiminsə əlavə vəsait xərcləməsini tələb edir. İnkişaf Etməkdə olan Ölkələr deyirlər ki, istixana qazlarının əsas tarixi mənbəyi İnkişaf Etmiş Ölkələrdir və əlavə maliyyə mənbəyi də onlar tərəfindən təmin edilməlidir. COP çərçivəsində gedən ən gərgin müzakirələrin məğzi budur.
Kiçik ada dövlətlərini götürək. Onların qlobal emissiyalara təsiri 1 faizdən azdır. Amma bu ölkələr artıq okeanların yüksələn suları altında yox olmaqdadırlar. Bu kimi ölkələrin xalis sıfır layihələri həyata keçirmək üçün maliyyə vəsaiti və texnologiyası yoxdur (mitiqasiya tədbirləri), eyni zamanda, səbəb olmadıqları bir fəlakətə ən çox məruz qalanlar sırasındadırlar (adaptasiya tədbirləri). Beləliklə, inkişafda olan ölkələr həm mitiqasiya, həm də adaptasiya üçün inkişaf edən ölkələrdən maliyyə tələb edirlər.
Azərbaycan da İnkişaf Etməkdə olan Ölkələr kateqoriyasındadır. Ona görə də maliyyə öhdəliyi nəzərindən biz təmin edən deyil, daha çox maliyyə dəstəyindən istifadə etməyə haqqı olan ölkələr sırasındayıq. Buna baxmayaraq, Azərbaycan bərpaolunan enerjiyə keçid, səmərəliliyin artırılması kimi xalis sıfır emissiyaya nail olmaq istiqamətində addımlar atmaqdadır. Çalışırıq ki, sərhədimiz iqtisadi səmərəlilik sərhədi olsun.
Azərbaycan tarixi olaraq enerji inqilablarının ön səfində yer almışdır. Artıq yaşıl enerji inqilabının da ön sıralarında yer almağa hazırıq. Bütün dünyaya Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının 2050-ci ilə qədər xalis sıfır hədəfinə çatacağını bəyan etdik. O cümlədən Naxçıvan da yaşıl enerji zonası elan olundu. Təşəbbüslərimiz ölkə hüdudlarını aşır. Həm Orta Asiya ilə, həm də Avropa ilə yaşıl enerji dəhlizləri quran, bu sahədə qlobal səviyyədə örnək olan ölkələrdənik.
SOCAR tərəfindən atılan bu cəsarətli addımlar ölkəmizdə fəaliyyət göstərən digər şirkətlərə birbaşa örnəkdir
- SOCAR-ın Müşahidə Şurasının üzvü olaraq Dövlət Neft Şirkətinin xalis sıfır hədəfləri, enerji keçidi və dekarbonizasiya sahəsində uzunmüddətli strategiyası ilə bağlı yeniliklər və hədəflər barədə fikirlərinizi oxucularımızla bölüşməyinizi istərdik.
- Fəxrlə deyirik ki, SOCAR COP28-də “Neft və Qazın Dekarbonizasiyası Xartiyası” adlanan sənədə imza atdı. Bu sənəd 2050-ci ilə qədər xalis sıfır emissiya hədəfini nəzərdə tutur. Eyni zamanda, ölkə olaraq 2024-cü ilin fevral ayında dünya üzrə metan emissiyalarının 2030-cu ilə qədər 2020-ci illə müqayisədə 30 faiz məhdudlaşdırmağı hədəfləyən “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulmuşuq.
Digər vacib məqam SOCAR-ın qlobal miqyasda metan emissiyalarının azaldılması sahəsində ciddi niyyətini və bu istiqamətdə elan etdiyi dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək, "Neft Qaz Metan Tərəfdaşlığı"na ("OGMP 2.0") qoşulmasıdır. SOCAR tərəfindən atılan bu cəsarətli addımlar ölkəmizdə fəaliyyət göstərən digər şirkətlərə birbaşa örnəkdir.
Ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı, həmçinin SOCAR-ın dekarbonizasiya hədəflərinə çatması məqsədilə “SOCAR Green” MMC şirkəti təsis edilib. “SOCAR Green” “Masdar” şirkəti ilə birgə quruda 1 qiqavat gücündə külək və günəş enerjisi, BP şirkəti ilə birgə “Şəfəq” layihəsi çərçivəsində Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş enerjisi layihələri reallaşdırmaqdadır. Siyahı bu layihələrlə məhdudlaşmır. SOCAR artıq sadəcə neft-qaz deyil, əsasən enerji şirkətidir.
- Ənənəvi enerji mənbələrindən yaşıl enerjiyə keçid müasir dövrün əsas hədəflərindəndir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. Yaşıl enerji ilə bağlı vəziyyət nə yerdədir?
- İşğaldan azad oulunmuş ərazilərimiz bu istiqamətdə bütün ölkə üzrə örnək bir məkana çevrilib. Ən mütərəqqi addımlar birinci növbədə bu ərazilərimizdə atılır. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji siyasətimizin lokomotivinə çevrilib. Bildiyiniz kimi, Azərbaycanın COP29-da 14 təşəbbüsündən biri məhz yaşıl enerji zonaları idi ki, bu da işğaldan azad edilmiş ərazilərimizdə başladıldı və yaşıl təşəbbüs ideya olaraq bütün dünyaya ixrac edilməkdədir.
- İşğaldan azad olunmuş ərazilərin yaşıl enerji Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir.
- İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur cənab Prezident tərəfindən yaşıl enerji zonası elan edilib. Qarabağda istehlak olunan bütün elektrik enerjisi yaşıl mənbələrdən əldə olunur və olunacaq. Bu gün Qarabağda 270 meqavatlıq su elektrik stansiyaları fəaliyyət göstərir. Kəlbəcərdə, Ağdamda, Tərtərdə müvafiq işlər görülür. “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının yaxın iki il ərzində istismara verilməsi nəzərdə tutulur. Yeni inşa olunan və yenidən qurulan elektrik stansiyalarının gücü 500 meqavatdan çox olacaq. Qeyd edim ki, Sovet dönəmində həmin ərazilərdə istehlak 100 meqavat ətrafında idi. Bu gün işğaldan azad edilmiş ərazilərdə istehsal olunan elektrik enerjisi bu ərazilərin istehlakından daha çox olduğu üçün digər rayonlara ötürülür. Qarabağ və Şərqi Zəngəzurda elektrik enerjisinin ötürmə və paylama prosesində ən son texnologiyalar tətbiq olunur. Yarımstansiyaların daha səmərəli konfiqurasiyada qurulması ilk dəfə Şuşada tətbiq olunub. Bu da elektrik enerjisi itkilərinin azalması deməkdir. İstehlaka gəldikdə isə ən çox istilik izolyasiyası olan binalar məhz Qarabağda inşa olunan binalardır. Eyni zamanda, həm küçə işıqlandırması, binaların damlarında günəş panellərinin qurulması, səmərəli avadanlıqların istifadəsi nöqteyi-nəzərindən də Qarabağ və Şərqi Zəngəzur bütün dünyaya örnək olacaq keyfiyyətdə inkişaf etməkdədir.
- Elnur müəllim, 2025-ci il Energetika Nazirliyi üçün hansı perspektivləri vəd edir? Bununla bağlı fikirlərinizi bizimlə bölüşməyinizi istərdik.
- 2025-ci ildə 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara veriləcəyi nəzərdə tutulur. Azərbaycan -Mərkəzi Asiya və Xəzər dənizi-Avropa İttifaqı yaşıl enerji dəhlizi layihələrində proseslər sürətlənərək davam edir. Bunlarla bağlı Azərbaycanın rəhbərlik etdiyi Birgə Müəssisələr yaradılıb. Bu yaşıl dəhlizlər, nəhəngliyi və maliyyə tutumu baxımından Cənub Qaz Dəhlizi ilə müqayisə olunacaq miqyasda olan layihələrdir.
Bütün bu layihələrin mərkəzində Xəzər dənizinin nəhəng külək enerjisi potensialı dayanır. Bizə ən böyük neft və qaz yataqlarını bəxş edən Xəzər dənizi indi də nəhəng külək enerjisi potensialını ortaya qoymaqdadır.
Mingəçevir şəhərindəki “Azərbaycan” İstilik Elekrtik Stansiyasının yenidən qurulması işlərinin 2025-ci ilin ortalarında tamamlanaraq istifadəyə verilməsinin şahidi olacağıq. Bununla da “Azərbaycan” İstilik Elekrtik Stansiyası səmərəlilik siyahısının ən aşağı hissəsindən ən yuxarı hissəsinə doğru səyahətini tamamlamış olacaq.
2025-ci ildə enerji sahəsində Naxçıvanda əhəmiyyətli tədbirlər nəzərdə tutulur. Burada külək və günəş elektrik stansiyalarında istehsal olunacaq elektrik enerjisinin Türkiyə və Avropaya çıxışının təmin olunması istiqamətində mühüm işlər görülür. Azərbaycanda ən yaxşı günəş radiasiyası məhz Naxçıvandadır. Naxçıvanda istehsal olunan yaşıl enerjinin ixrac olunması Azərbaycanın yaşıl dəhliz layihələrinin tərkib hissəsidir.
Yekunda Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Enerji Effektivliyi Fondunu qeyd etmək istərdim. Artıq vəsaitin toplanmağa başlandığı bu Fondda enerji resurslarından səmərəli istifadə və enerji effektivliyinə təkan verəcək addımlar istiqamətində 2025-ci ildə yeniliklərin baş verəcəyinin şahidi olacağıq.
- Elnur müəllim, maraqlı müsahibə üçün təşəkkür edirik.
Orxan Vahidoğlu, “İki sahil”