Avropa İttifaqı Şurası Aİ və Gürcüstan arasında vizasız rejiminin qismən dayandırılması barədə qərar qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, vizasız rejim aşağıdakı kateqoriyalara aid olanlar üçün dayandırılacaq:
- Aİ ölkəsində hökumətlərarası təşkilatlar tərəfindən keçirilən rəsmi görüşlərdə və digər tədbirlərdə iştirak edən Gürcüstanın rəsmi nümayəndə heyətinin üzvləri,
-Gürcüstanın milli və regional hökumət və parlament üzvləri, Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin üzvləri,
-Diplomatik pasport sahibləri.
Sözügedən şəxslər viza tələblərini yenidən tətbiq edən üzv dövlətə səfərlər üçün artıq qısa müraciət müddəti, aşağı viza rüsumları və daha az sənəd təqdim etmək imkanından faydalana bilməyəcəklər.
Vurğulanıb ki, adi pasport sahibi olan Gürcüstan vətəndaşları qısamüddətli səfərlər üçün Aİ-yə vizasız səyahət imtiyazından istifadə etməyə davam edəcəklər.
Polşanın daxili İşlər və idarəetmə naziri Tomaş Simonyak məsələyə münasibət bildirərək qeyd edib ki, fundamental hüquqlar və demokratik dəyərlər Aİ inteqrasiyasının əsas prinsipləridir:
"Bu dəyərləri tapdalayan ölkəni təmsil edən rəsmilər Aİ-yə daha asan giriş imkanından faydalanmamalıdır".