22 yanvar 2025 09:19
88

Paris Olimpiya kəndinindən narazılıqlar artır

Paris Olimpiya Oyunları ilə bağlı problemlər davam edir. Oyunlar zamanı idmançıların otaqlar və mebellərlə bağlı tənqidi, çempionlara verilən medalların keyfiyyətsizliyi ilə bərabər digər problemlər də aşkarlanıb.

“İki sahil” xəbər verir ki, Olimpiya və Paralimpiya Oyunları üçün tikilmiş Olimpiya kəndindəki mənzilləri alan insanların sevinci uzun sürməyib. Oyunlar bitəndən sonra keçmiş media kəndində yaşamağa başlayan bəzi sakinlər mənzillərdə keyfiyyətsiz iş görülməsindən şikayətlənirlər.

Olimpiya və Paralimpiya Oyunlarının başa çatmasından cəmi dörd ay keçməsinə baxmayaraq, media kəndi hələ də dərin müzakirə mövzusudur. Ötən ilin dekabrın 17-dən etibarən bir çox insanlar bu evləri alıb. Mənzillərdəki acınacaqlı şərait - su borularında kiflənmələr, sınmış pəncərə taxtaları, su sızmaları, inşaatçı tərəfindən tələsik bitirilmiş keyfiyyətsiz işlər yeni sahiblərin narazılığına səbəb olub.

Sakinlər rütubət və kifin çox böyük problemlər yaratdığını bildirərək, belə bir şəraiti olan mənzillərin satılmasının qəbuledilməz olduğunu vurğulayırlar. Bildirirlər ki, mənzillərdəki rütubət və kif allergiya və tənəffüs yollarında problemlərə səbəb olan “aspergillius” göbələyi yaradır və bununla ağciyərləri yoluxdurur.

Qeyd edək ki, Paris Olimpiya Oyunlarının 10 milyard avroya başa gəldiyi bildirilmişdi. Müxtəlif ölkələr Paris-2024 Oyunlarında verilən medalları paslandıqları üçün geri qaytarırlar.