İordan çayının qərb sahilində 29 yaşlı fələstinli İsrail hərbçiləri tərəfindən güllələnib.
“İki sahil” xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi tibbi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, çərşənbə axşamı axşam saatlarında İsrail qüvvələri Cenin qaçqın düşərgəsi ərazisində yerləşən Taanek kəndinə basqın edərək yaşayış binasını atəşə tutub. Nəticədə bina sakini aldığı xəsarətlərdən dünyasını dəyişib. Bununla da İsrail ordusunun Cenin bölgəsində iki günlük əməliyyatı zamanı ölənlərin sayı 10-a çatıb, 40 nəfər isə yaralanıb.
Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti hərbçilərin Cenin bölgəsində "Dəmir Divar" adlı genişmiqyaslı antiterror əməliyyatına başladığını bildirib.
Öz növbəsində, “The Times of Israel” qəzeti mənbəyə istinadən yazıb ki, bu əməliyyatın ən azı bir neçə gün davam edəcəyi gözlənilir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”