Qarabağ Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Universitetdən "İki sahil"ə bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli film nümayiş etdirilib.
Humanitar və sosial elmlər fakültəsinin tarix müəllimi Bilal Dədəyev tədbirdə geniş məruzə ilə çıxış edərək Ümummilli Liderin Azərbaycanın hərtərəfli inkişafı və dövlət müstəqilliyinin qorunmasında göstərdiyi misilsiz xidmətlərdən danışıb.
Bilal Dədəyev vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar müasir Azərbaycanın iqtisadi, siyasi və mədəni inkişafının təməlini təşkil edib.
Tarixçi qeyd edib ki, Ümummilli Liderin dövlətçilik prinsipləri, milli maraqlara söykənən strateji inkişaf siyasəti və xalqla birliyi Azərbaycanı güclü və müstəqil dövlətə çevirməklə yanaşı, həm də ölkəmizin dünya miqyasında nüfuz qazanmasında mühüm rol oynayıb.
Məruzəçi Heydər Əliyevin təhsil sahəsinin inkişafına xüsusi diqqətini vurğulayaraq bildirib ki, Ulu Öndərin milli birlik ideyası və gənclərə olan qayğısı qüdrətli Azərbaycanın parlaq gələcəyinin təmin edilməsində müstəsna rol oynayıb.
Qeyd edək ki, dahi şəxsiyyətin zəngin irsinin tələbə gənclər arasında təbliğinə Qarabağ Universitetində xüsusi diqqət göstərilir.