09 sentyabr 2026 16:32
92

Azərbaycanın qarşısında yeni perspektivlər açılıb - FOTO

Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Culfa rayon təşkilatının XI konfransı keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Culfa rayon təşkilatı sədri Qadir İbrahimov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti ölkəmizin gələcək inkişafının sarsılmaz bünövrəsini yaradıb: “Prezident İlham Əliyev bu siyasi kursu müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Azərbaycanın son illərdə qazandığı nailiyyətlər və güclənən beynəlxalq mövqeyi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması dövlət siyasətinin uğurlarını təcəssüm etdirir”.

Onun sözlərinə görə, YAP Ulu Öndərin xalqımıza dəyərli siyasi mirasıdır: “2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi partiyanın fəaliyyətinə yeni dinamizm gətirib”.

Culfa Rayon İcra Hakimiyyəti başçısı Naim Cahidzadə bildirib ki, müasir Azərbaycan Ulu Öndərin əbədiyaşar ideyalarının təntənəsidir: “Bu gün Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan nüfuzlu dövlətdir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən müvəffəqiyyətlər ölkəmizin qarşısında yeni perspektivlər açıb”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib ki, Prezident İlham Əliyev siyasi kursu Azərbaycanın misilsiz uğurlar qazanmasını təmin edib. O, “Ölkəmizin iqtisadi qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi, müdafiə qabiliyyətinin möhkəmlənməsi və ərazi bütövlüyünün bərpa olunması bu siyasətin ən mühüm nəticələrindəndir”, - deyə qeyd edib.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanıb. Vurğulanıb ki, müasir dövrün tələblərinə uyğun olaraq partiya üzvlərinin fəallığının artırılması, gənclərin və qadınların ictimai proseslərdə daha aktiv iştirakı istiqamətində mühüm addımlar atılıb: “Bu gün rayon təşkilatlarının üzərinə də böyük məsuliyyət düşür. Partiyanın ümumi siyasi xəttinin yerlərdə uğurla həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır”.

YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini Asif İmaməliyev çıxışında Yeni Azərbaycan Partiyasının fəaliyyətinin Azərbaycanın müasir inkişaf tarixinin mühüm səhifələrindən birini təşkil etdiyini diqqətə çatdırıb. O, partiyanın ölkənin ictimai-siyasi həyatında aparıcı rolunun və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində ardıcıl fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Partiya veteranı, Culfa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hüseyn Şəkərəliyev, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin Culfa rayon sektoru ərazi partiya təşkilatının sədri Günel Məmmədova YAP-ın bundan sonra da Azərbaycanın inkişafına və qarşıya qoyulan yeni hədəflərin reallaşdırılmasına layiqli töhfələr verəcəklərinə əminliklərini ifadə ediblər.

Konfransda YAP Culfa rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.