12 noyabr 2026 15:44
112

Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ziyalılarının, gənclərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin Konstitusiya quruculuğu irsi – suveren Azərbaycanın hüquqi dövlətçilik təməli” mövzusunda konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Vüqar Rəhimzadə, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov çıxış ediblər.

Çıxışlarda 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsasını təşkil etdiyi vurğulanıb. Qeyd olunub ki, müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması və qəbul edilməsi prosesi Ümummilli Lider Heydər Əliyevin adı və tarixi fəaliyyəti ilə bilavasitə bağlıdır. Məhz Ulu Öndərin rəhbərliyi ilə yaradılmış Konstitusiya Komissiyası tərəfindən hazırlanmış Əsas Qanunda dövlət müstəqilliyinin və suverenliyin qorunması, hakimiyyət bölgüsü, qanunun aliliyi, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi fundamental prinsiplər öz əksini tapıb.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın hüquqi dövlət kimi formalaşmasında, demokratik institutların inkişafında və milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsində müstəsna rol oynayıb. Onun zəngin siyasi və dövlətçilik irsi bu gün də ölkəmizin inkişaf yoluna istiqamət verən mühüm ideoloji və siyasi mənbədir.

Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycanın dövlət suverenliyi daha da möhkəmlənir, dövlət institutları inkişaf edir, ölkəmizin beynəlxalq mövqeyi güclənir. Əldə olunan nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının uğurla davam etdirilməsinin bariz nümunəsidir.

Konfransın sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.