09 sentyabr 2026 16:25
87

Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib

Aqrar Xidmətlər Agentliyi tərəfindən gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, onların praktiki iş mühitinə hazırlanması və aqrar sahədə kadr potensialının gücləndirilməsi məqsədilə Yay Təcrübə Proqramı həyata keçirilib.

“İki sahil” xəbər verir ki, iki ay davam edən proqramda baytarlıq və zoomühəndislik, aqronomluq və aqromühəndislik, eləcə də torpaqşünaslıq və aqrokimya ixtisasları üzrə ali təhsil almış mütəxəssislər iştirak ediblər. Proqrama qəbul zamanı namizədlərin ixtisas üzrə nəzəri və texniki bilikləri, fəallığı, təşəbbüskarlığı, yeniliklərə açıqlığı və öyrənməyə həvəsi əsas meyarlar kimi nəzərə alınıb.

İyul ayının əvvəlində elan olunan proqrama 200-dən artıq müraciət daxil olub. Müraciətlər müvafiq meyarlar əsasında qiymətləndirildikdən sonra seçim mərhələsini uğurla keçən namizədlər Yay Təcrübə Proqramına cəlb olunublar.

Təcrübə müddətində iştirakçılar Aqrar Xidmətlər Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, struktur bölmələrinin işi və aqrar sahədə həyata keçirilən tədbirlərlə yaxından tanış olublar. Onlara müvafiq ixtisas sahələri üzrə tapşırıqlar verilib, təcrübəli mütəxəssislərin iştirakı ilə nəzəri və praktiki biliklərin artırılmasına yönəlmiş məşğələlər təşkil edilib. Həmçinin aqrar sektorda tətbiq olunan müasir və innovativ texnologiyalar, yeni iş üsulları və qabaqcıl yanaşmalar barədə ətraflı məlumat əldə ediblər.

İki aylıq proqramı uğurla başa vuran iştirakçılar arasında potensial namizədlərin müəyyənləşdirilməsi məqsədilə müsabiqə təşkil edilib. Müsabiqə zamanı iştirakçıların proqram müddətində qazandıqları bilik və bacarıqlar, nümayiş etdirdikləri fəallıq, məsuliyyətlilik və peşəkar hazırlıq səviyyəsi qiymətləndirilib.

Müsabiqənin nəticələrinə əsasən, yüksək göstəricilər nümayiş etdirən iştirakçıların müsahibə yolu ilə müvafiq vəzifələr üzrə işə qəbul imkanlarının dəyərləndirilməsi nəzərdə tutulub. Bu təşəbbüs gənc mütəxəssislərin aqrar sahəyə marağının artırılmasına, onların peşəkar inkişafına və gələcək fəaliyyətlərinin düzgün istiqamətləndirilməsinə töhfə verir.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.