21 oktyabr 2024 15:43
82

Aİ Macarıstanın sədrliyi başa çatdıqdan sonra Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək - "Politico"

Avropa İttifaqı Macarıstanın Aİ Şurasına sədrlik mandatı başa çatdıqdan sonra Rusiya iqtisadiyyatına qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu haqda “Politico” məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin fikrincə, Macarıstanın baş naziri Viktor Orban ölkənin sədrliyindən “sanksiyalar üzrə danışıqları effektiv şəkildə dayandırmaq” üçün istifadə edib.

Macarıstan 2024-cü il iyulun 1-dən Aİ Şurasına sədrlik edib. Yanvarın 1-dən mandat prioritet qaydada Polşaya veriləcək. Polşanın İqlim naziri Kşiştof Bolest bundan əvvəl Rusiya yanacağının Avropaya idxalının artdığını açıqlamışdı.

Diplomatik mənbə Politico-ya bildirib ki, Aİ ölkələri Polşanın bu məsələləri yenidən canlandıracağına ümid edir. “Ümid edirik ki, Macarıstan tərəfindən qeyri-konstruktiv blokadanın girovuna çevrilmiş bütün məsələlər təcili həll olunacaq”, - deyə, mənbə əlavə edib.