21 oktyabr 2024 18:06
124

İsrail ilə Fransa arasında QALMAQAL

İsrail hakimiyyəti Fransa ilə mübahisə vəziyyətində olan öz müdafiə şirkətlərinə kömək etməyə hazır olduqlarını bildirib.

Ötən həftə rəsmi Paris Avropanın ən böyük hərbi-dəniz sərgilərindən biri olan Euronaval-da israilli istehsalçıların iştirakına məhdudiyyətlər tətbiq edib. Qadağa iki ölkə arasında Qəzza zolağı və Livandakı böhranla bağlı mübahisənin davamı idi. İyun ayında israillilər artıq oxşar məhdudlaşdırıcı tədbirlər tətbiq etmək cəhdi ilə üzləşmişdilər. Lakin Paris ticarət məhkəməsi həmin vaxt onların tərəfini tutdu.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, İsrailin xarici işlər naziri İsrael Katz Yelisey Sarayının qadağalarına qarşı ixracatçılara diplomatik və hüquqi fəaliyyətlərində kömək ediləcəyini bildirib. “İsrail şirkətlərinin ikinci dəfə qəbuledilməz şərtlərlə boykot edilməsi antidemokratik bir tədbirdir və fikrimizcə, bu, xüsusilə dost ölkələr arasında qəbuledilməzdir”, - deyə İsrail XİN rəhbəri X sosial şəbəkəsində qeyd edib.

Oktyabrın 15-də Fransa hökuməti rəsmi olaraq Euronaval təşkilatçılarından İsrail şirkətlərini sərgi stendindən məhrum etməyi tələb edib.

Bundan beş gün sonra Euronaval nümayəndələri noyabrın 4-dən 7-dək paytaxtın Le Burje ətrafında keçiriləcək sərgidə yalnız Qəzza və Livanda hərbi əməliyyatlarda iştirak etməyən İsrail şirkətlərinin iştirak edə biləcəklərini açıqlayıblar.  Bu, Beşinci Respublikanın yəhudi dövlətindəki şirkətlərə qarşı ayrı-seçkilik etməyə cəhd etdiyi bir il ərzində ikinci epizoddur. Mayın 31-də Fransa Müdafiə Nazirliyi israillilərə Avropanın ən böyük quru və aviasiya hərbi texnikası sərgilərindən biri olan Eurosatory-də iştirakına qadağa qoyulduğunu elan etmişdi.