10 oktyabr 2024 13:34
116

Güclü iqtisadiyyat müstəqilliyin əsasıdır

Güclü iqtisadiyyat bu gün Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasını təmin edir. Ölkəmiz regionda bütün qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Bu da Azərbaycanın iqtisadi siyasətinin doğru atılan addımlar hesabına inkişafı deməkdir. Qarabağın azad olunması və bərpası işlərinin əsasında da güclü iqtisadi potensial dayanır.

Azərbaycan iqtisadiyyatının hazırkı mənzərəsi bir daha göstərir ki, ölkəmiz təkcə neft gəlirlərindən asılı deyil. Hazırda ölkə iqtisadiyyatının 70 faizə yaxın hissəsi qeyri-neft sektorunun payına düşür. İqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. Bu sahənin əsas istiqamətlərindən biri qeyri-neft sənayesidir. Müasir sənaye müəssisələrinin yaradılması, sənaye parklarının və məhəllələrinin təşkili davam etdirilmiş, texniki avadanlıqlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılmış, bir sıra sənaye obyektləri tikilmişdir. Ən əsası, Azərbaycan heç bir beynəlxalq donor təşkilatdan asılı olmadan milli iqtisadiyyatını inkişaf etdirmək gücündə olan dövlətdir. İrimiqyaslı neft və qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika mərkəzinə, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrilib. Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilib və yenidən qurulub. 

Azərbaycanın beynəlxalq aləmdəki iqtisadi-siyasi və hərbi gücünü görən inkişaf etmiş ölkələrin rəhbərlərinin məmləkətimizə maraqları daha da artdı. İngiltərənin, İtaliyanın, Türkiyənin, Rusiyanın, Macarıstanın, Bolqarıstanın, Almaniyanın, Amerikanın bir çox şirkətlərinin ölkəmizə olan maraqları bir qədər də yüksəldi. Çünki onlar gördülər ki, Azərbaycana yatırdıqları sərmayənin maya dəyərini çıxarıblar, indi də əlavə qazanc əldə edirlər.İlk növbədə xarici dövlətlər, xüsusən də inkişaf etmiş xarici ölkələr o məmləkətlərə sərmayə qoyur ki, həmin yerlərdə sabitlikdir, iğtişaşlar yoxdur və onların yatırdıqları milyonlarla dollar təhlükəsiz dövr edəcək. Bu mənada ölkəmizdəki mövcud ictimai-siyasi durum və eləcə də ölkənin daxilindəki demokratik islahatlar onu deməyə əsas verirdi ki, bu maraq gündən-günə çoxalır. Heç şübhəsiz dünya iqtisadiyyatına inteqrasiya olunmaq yeni-yeni layihələrin gerçəkləşməsi üçün vacib şərtlərdən biridir. Bu vacib şərtləri Azərbaycan dövləti öncədən görürdü və onu da zaman-zaman həyata keçirirdi. Sadəcə olaraq, bəzi xarici və daxili qara qüvvələr buna bu və ya digər dərəcədə maneçilik törətmək istəyirdilər. Amma görünən odur ki, Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində bütün maneələrə baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olundu, orda öz yerini tutdu və bir çox dövlətlərlə yeni möhtəşəm layihələr və kontraktlar bağlandı.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə də bu siyasi və iqtisadi kurs uğurla davam etdirilir. İndi demək olar ki, əksər ölkələrin Azərbaycan iqtisadiyyatına maraqları daha da artıb. Çünki onlar gəlib görürlər ki, Azərbaycana qoyulan sərmayə bir neçə ildən sonra böyük xeyir gətirir. Və bu böyük xeyiri heç bir xarici dövlət əldən vermək istəmir və ölkəmizlə yeni-yeni kontraktlar, müqavilələr imzalayırlar. Son vaxtlar Türkiyə, Rusiya, Macarıstan, İsrail, Bolqarıstan, İtaliya ilə imzalanmış layihələr bunu deməyə əsas verir ki, hələ bizim ölkəmiz bundan sonra çox böyük iqtisadi göstəricilərə və uğurlara nail olacaqdır.

Ölkənin iqtisadi inkişafının davamlı olmasını özünün iqtisadi siyasətinin təməl prinsipi kimi dəyərləndirən Prezident İlham Əliyev güclü iqtisadiyyatın önəmini belə vurğulayıb: “Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil”.

A.Məmmədova,
YAP Xətai təşkilatının “Q.Nəbi 6a” ünvanı üzrə ərazi Partiya təşkilatının üzvü