09 oktyabr 2024 17:48
132

Xalqımız İkinci Dünya müharibəsində həm arxa, həm də ön cəbhədə əsl qəhrəmanlıq nümunələri göstərib 

Prezident İlham Əliyevin Rusiyaya davamlı rəsmi və işgüzar səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmin göstəricisidir. Ölkəmizin başçısı vurğulayıb ki, Vladimir Putinlə görüşdə gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha yaxşı fürsət yaranıb. Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında qəbul edilən və Prezident İlham Əliyevin iclasdakı çıxışında qeyd edilən qərar bu gün ölkəmizdə çox böyük sevinclə qaşılanıb. Ölkəmizin başçısı bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib: «MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar».

Xalqımız üçün sevincə səbəb olan bu xəbər öz növbəsində Ermənistanda ciddi narazılığa səbəb olub. Bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Təbii ki, hayların da iddia etdiyi kimi, Azərbaycan dövləti bu görüşdə də Ermənistan üzərində ciddi uğurlar qazandı.

Prezident İlham Əliyev Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı  zamanı ölkəmiz üçün digər önəmli hadisələrdən danışıb və bildirib ki,  növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Eyni zamanda bir aydan sonra Bakıda ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına ev sahibliyi etməsinin də əhəmiyyətindən danışan ölkəmizin başçısı vurğulayıb ki, ölkəmiz  200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirir.

Həmçinin xalqımızın İkinci Dünya müharibəsində qəhrəmancasına iştirakından danışan Prezident İlham Əliyev deyib ki, Azərbaycan qələbənin əldə olunmasında sanballı töhfələr verib. Bildirib ki, həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib : « Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur «Katyuşalar», «Yak-3» qırıcıları istehsal edilirdi.»

Ölkəmizin başçısı onu da xüsusi vurğulayıb ki, Azərbaycan Böyük Vətən müharibəsi zamanı cəbhəni yalnız neft və silahla təmin etmirdi, həm də Bakıda fəaliyyət göstərən 41 hərbi hospitalda 440 min yaralı müalicə alırdı: « 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar.  Xüsusilə  416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar»

Bütün bunları iclasda həmkarlarına xatırladan Prezident İlham Əliyev bildirdi ki, faşizm üzərindəki ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri