09 oktyabr 2024 00:13
85

"Co dayı"nın "üzgörənliyi"...

Özünü demokratiyanın beşiyi sayan ABŞ daim erməni işğalçılarının yanında olub. O, Azərbaycana heç vaxt xoş məram göstərməyib

Haylara maddi və mənəvi cəhətdən fəal yardım göstərən  Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən maliyyələşən,  külli miqdarda rüşvət müqabilində daşnaklarla əlbir-dilbir olan konqresmen və senatorlar yalan bəyanatlar səsləndirərək iddia edirlər ki, Azərbaycanın “Dağlıq Qarabağ”a hücumu və Ermənistanın suveren ərazisini işğal etməsi Hayastanın təhlükəsizliyinə birbaşa təhdiddir. Bu azmış kimi bir az da irəli gedərək guya Azərbaycanın Ermənistan ərazilərində hərbi mövcudluğunun gücləndirilməsi və Azərbaycanın növbəti hərbi eskalasiyası qarşısında Ermənistanın gücləndirilməsini də müzakirə ediblər. Co dayının başabəla "strateqləri" iddia edirlər ki, guya Azərbaycan sülh danışıqları prosesini uzadır, Konstitusiya ilə bağlı tələblər irəli sürür və sair. Ən çox canfəşanlıq edən ermənipərəst Konqres üzvləri Anna Eşu və Kris Smit ABŞ prezidenti Co Bayden administrasiyasını Azərbaycanı “Dağlıq Qarabağdakı soyqırım təcavüzünə görə məsuliyyətə cəlb etməyə” çağıran absurd qətnamə təklif ediblər.

Bu məsələlərə münasibət bildirən Azərbaycan Milli Məclisinin üzvü Arzu Nağıyev xatırladıb ki, bundan fərəhlənən Amerika Erməni Milli Komitəsi avqust ayında Konqresin sentyabrın 19-da Azərbaycanın Qarabağda 2020-2023-cü illər hadisələrinə görə cavabdehlik daşıması üçün tədbir keçirəcəyini açıqlamışdı. Əlbəttə, Azərbaycan həqiqətdən uzaq bəyanatların qurama olduğunu bilirdi və dünya ictimaiyyətinə də kimin haqlı olduğunu dəfələrlə bildirmişdi. Buna baxmayarq, yenə də 60-a yaxın amerikalı qanunverici dövlət katibi Antoni Blinkenə müraciət edərək Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq göstərməyi xahiş edib, eyni zamanda, Ermənistana qarşı “sülh danışıqlarını pozma riski” daşıyan bəyanatları pisləməyə çağırıblar.

Milli Məclisin deputatı qeyd edib ki, bu iddialara Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhər sakinləri ilə görüşdə faktlara söykənən, beynəlxalq hüquq normalarına uyğun verdiyi cavab mükəmməldir: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.

Dövlət başçısı deyib: “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı ABŞ Dövlət Departamentinin dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri-özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "ABŞ nə vaxt lazım olanda, Azərbaycana qarşı sanksiyalar tətbiq edir və dayandırır. ABŞ Azərbaycana qarşı hələ 1992-ci ildə sanksiyalar tətbiq etdi, lakin doqquz ildən sonra dayandırdı. Çünki Əfqanıstanın işğalına başladılar və Azərbaycan onlara lazım idi. Onlar Əfqanıstanda qaldıqları müddətdə ABŞ prezidenti hər il bu sanksiyaları dayandırırdı. Oradan qaçan kimi - bütün dünyanın gözü qarşısında yenə bizə qarşı sanksiyalar tətbiq etdilər. Yəni bizə ehtiyacları olanda bu sanksiyaları qaldırır, ehtiyacı olmayanda yenidən bərpa edirdilər. Cənab Prezidentin dediyi kimi Vaşinqton Bakı ilə dost olmaq istədiklərini deyir. Belə olduğu halda hansı dostluqdan danışırıq?

Aydındır ki, ABŞ-ın ermənipərəst konqresmenləri və senatorları Azərbaycanın həyata keçirdiyi müstəqil daxili və xarici siyasəti həzm edə bilmirlər. Çünki Azərbaycan regionun müstəqil siyasət aparan güclü dövlətidir. Onlar isə bu mövqedə Ermənistanı görmək üçün gecəli-gündüzlü baş sındırıb yollar axtarırlar. Ona görə də Ermənistana Azərbaycanla sülh sazişi imzalanmağa imkan vermirlər. ABŞ,  eyni zamanda, Ermənistanı vasitə seçərək özü Cənubi Qafqazda möhkəmlənməyə və həlledici nüfuz sahibi olmağa çalışır. Bu səbəbdən də sülhü prosesini "saqqız " kimi uzatmağa cəhd göstərirlər.  Bununla bərabər,  Cənubi Qafqaz ABŞ üçün Rusiyanın təsirini burada hələlik azaltmaq və yaxın gələcəkdə tamamilə aradan qaldırmaq baxımından vacib hesab olunur. Vurğulamaq lazımdır ki, ABŞ-ın Cənubi Qafqaz siyasətinin mərkəzində məhz Rusiya amili dayanır. Digər hərəkətləri isə bu niyyətin reallaşdırılmasına hazırlıqdır. Yəni, "Ayının min oyunu var, bir armudun başında." Məhz buna görə də ABŞ çoxvektorlu dayaz bir siyasət aparır.

Azərbaycan Milli Məclisinin deputatları siyasi mühiti bulandıran konqresmen və senatorların cavabını vermək əzmində olduqlarını bildiriblər. Parlamentin 43 üzvü  bu günlərdə ABŞ-ın gahgir siyasətini, ölkəmizə qarşı özünü erməni lobbisinin poliqonuna çevirməsini qətiyyətlə pisləyib və münasibətlərə yenidən baxılmasını vacib hesab edib. Deputatlar Xarici işlər nazirinə müraciət edərək bu dövlətlə bağlanmış sazişlərin ləğv olunmasını tələb ediblər. ABŞ-ın Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və bu ölkənin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi və USAİD-in ölkəmizdə fəaliyyətinə son qoyulmasını istəyiblər.   Bu da sənə haqq etdiyin cavab, Co dayı!

Vəli İlyasov, “İki sahil”