08 oktyabr 2024 11:19
124

Cəbrayıl əsl cənnət məkana çevriləcək

“Prezident İlham Əliyev 4 oktyabrda Cəbrayıl şəhərində çıxışında olduqca mühüm mesajlar səsləndirib. Cəbrayılın Ermənistanın işğalından azad olunmasının dördüncü ildönümü münasibətilə cəbrayıllıları, Azərbaycan xalqını təbrik edən dövlət başçısı bunun tarixi hadisə olduğunu bildirib. Həmçinin, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü elan edilməsinin tarixi əhəmiyyəti qeyd olunub. Cənab İlham Əliyev Cəbrayılın İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər olduğunu vurğulayıb, qəhrəman oğullarımızın sücaəti nəticəsində ərazilərimizin erməni tapdağından azad edildiyini, tarixi ədalətin bərpa olduğunu diqqətə çatdırıb”.

“İki sahil” xəbər verir ki,  bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

“Cəbrayıl əməliyyatı İkinci Qarabağ müharibəsinin gedişində xüsusi əhəmiyyətə malik idi. Ordumuz böyük peşəkarlıq, qəhrəmanlıq göstərərək işğalçıları Cəbrayıl şəhərindən qovub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərərək 30 illik işğala 44 günə son qoyub. Təbii ki, Cəbrayıl şəhərinin azad olunması müharibənin sonrakı gedişatına müsbət təsir göstərdi. Bu, eyni zamanda, şanlı ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəldib. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının və nəhayət noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Zəfər yürüşünün parlaq nümunəsi idi. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bununla da İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı”, - deyə o əlavə edib.

Deputat bildirib ki, dövlət başçısının qeyd etdiyi kimi, Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilib və artıq tarixi şəhərimiz yeni bir dövrünü yaşamaqdadır: “Çünki bu torpaqların əzəli və əbədi sakinləri öz yurd-yuvalarına qayıdıblar. 30 ilə yaxın erməni tapdağında olmuş digər ərazilərimiz kimi, Cəbrayılda da bərpa-quruculuq işləri ardıcıllıqla həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması, elektrik təchizatı, Cəbrayılda 4-6 zolaqlı yolların çəkilməsi və digər infrastruktur obyektlərinin əsasının qoyulması bu bölgədə qısa zamanda yaşayacaq soydaşlarımızın rahatlığı və firavanlığına hesablanıb. Bununla yanaşı, Prezident İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimi də yaddaşlarımıza həkk olunmuş tarixi hadisə idi. Bu gün isə cəbrayıllılar artıq uzun müddətdən sonra öz doğma yurdlarına qayıdır. Dövlət başçısı 3-4 oktyabr tarixlərində Cəbrayıl rayonuna səfəri zamanı yeni müəsisələrin, istehsalat və xidmət sahələrinin açılışını edib, təməlini qoyub. Belə ki, burada “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməli atılıb. Həmçinin, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər. Bununla yanaşı, rayonun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərinə də qatılıblar. Bütün bunlar onu göstərir ki, işğaldan azad edilən digər ərazilərimiz kimi, Cəbrayılda da qısa zamanda bütün zəruri infrastruktur obyektləri, istehsalat müəssisələri, insanların yaşayışını və məşğulluğunu təmin edəcək sosial layihələr ardıcıllıqla icra edilir”.

Sevinc Hüseynova Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə olduqca mühüm mesajlar verdiyini bildirib: “Dövlət başçısı azad edilmiş torpaqlarda aparılan işlərin öz miqyasına görə xüsusi xarakterindən bəhs edib. Cəbrayılda erməni barbarlarının izi silinir, onların vandallığı, barbarlığı nəticəsində tamamilə viran edilmiş rayon yenidən qurulur. Təəssüf ki, dünya birliyi hələ də ermənilərin 30 ildə törətmiş olduğu bu vəhşiliyə lazımi qiymət verməkdə çətinlik çəkir. Bu, sözsüz ki, ikiüzlülüyün, ikili standartların bariz nümunəsidir. İşğala məruz qalanla işğalçını ayırd etmək istəmirlər. Fransa başda olmaqla ABŞ və erməni lobbisinin təsirində olan ölkələr hələ də köhnə ab-havadadır. Cənab İlham Əliyev cəbrayıllılarla görüşündə Ermənistana və ona havadarlıq edənlərə bir daha xəbərdarlıq etdi. Azərbaycanı bu gün əsassız olaraq bir çox çirkin məsələlərdə ittiham edən ABŞ və Fransa kimi ölkələr erməni lobbisinin istək və arzularının ifadəçisi rolunda çıxış edir. Çox təəsüf ki, bu gün ABŞ Konqresi və Fransa senatı Ermənistan parlamentinin mahiyyətindədir. Bu isə erməni lobbi təşkilatlarının maliyyə vəsaitləri hesabına mümkün olur. Özlərini dünyada az qala hakim və demokratiya nümunəsi kimi təqdim etməyə çalışanlar erməni lobbisinin ayırdığı qrantların əsirinə çevrilib. Sözsüz ki, güclü Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də özünə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı qətiyyətlə mübarizə aparacaq”.