08 oktyabr 2024 13:25
109

ABŞ-ın bölgədə yenidən münaqişə yaratmaq cəhdləri iflasa məhkumdur

Torpaqlarımızın işğalının davam etdiyi 30 ilə yaxın müddətdə Ermənistanın cinayətlərini tam sükutla qarşılayan ABŞ Azərbaycanın erməni separatizminə son qoymasından sonra hansısa hüquqlardan dəm vurmağa başlayıb. Ölkəmiz olduqca nüfuzlu dünyamiqyaslı tədbirə ev sahibliyi hüququ əldə etdikdən dərhal sonra biz həm Avropa institutlarının, həm də ABŞ-ın yeni təzyiq dalğası ilə üzləşmişik. Qərb dairələri bütün imkanları ilə COP-29 tədbiri öncəsi diqqətləri iqlim dəyişikliyindən yayındırmağa cəhd edirlər. Bu cəhdlərin arxasında duran əsas güc isə ABŞ-dır.

Bir neçə gün əvvəl Amerika Konqresinin 60 ermənipərəst konqresmeninin Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etməsi də bunun bariz sübutudur. Belə ki, oktyabrın 3-də bir qrup konqresmen ABŞ Dövlət katibi Antoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə ediblər. Konqresmenlər Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) ev sahibliyi etməsindən istifadə edərək, Ermənistanın gündəliyinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələlərin irəlilədilməsinə çalışıblar.

ABŞ konqresmenlərinin hökumətə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı müraciət etmələrinin yalnız bir adı var: riyakarlıq. Əlbəttə, Azərbaycana qarşı ortaya qoyulan bu çirkin əməllər ölkəmizi öz yolundan döndərə bilməz.  Bunu tarix də sübut edib. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində bəyan etdiyi kimi, bu, bizim iradəmizə təsir edə bilməz: “Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik. Burada erməni yaşayıb? Yox, siz - Cəbrayılın sakinləri”.

 

Əslində, bu, Konqres tərəfindən  ilk belə hal deyil. Qeyd etdiyimiz kimi, ABŞ Konqresinin Ermənistana lobbiçilik edən üzvləri vaxtaşırı olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Həmin konqresmenlərin ABŞ-dakı erməni təşkilatı olan Amerika Erməni Milli Konqresi (ANCA) tərəfindən maliyyə dəstəyi alması hər kəsə məlumdur. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistana havadarlıq edən beynəlxalq dairələr arasında ABŞ konqresmenləri də “fəallıqları” ilə seçilirlər. Erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən qüvvələr COP29-u Azərbaycana qarşı qərəzli kampaniya aparmaq üçün “fürsət” kimi görürlər. “Eurovision-2012” mahnı yarışması və digər tədbirlər ərəfəsində də belə cəhdlər edilmişdi. Tarix göstərir ki, daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətdən danışmayıblar. Azərbaycanı “etnik təmizləmə”də ittiham edən konqresmenlər nə üçün Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə, Qərbi Azərbaycan İcmasının elə həmin Antoni Blinkenə ünvanladığı müraciətlərə heç bir reaksiya vermirlər?  Azərbaycanı sülh müqaviləsini imzalamağı istəməməkdə ittiham edən konqresmenlər nə üçün sülh müqaviləsi təşəbbüsünün məhz Azərbaycandan gəldiyini, elə onun mətninin də məhz Azərbaycan tərəfindən tərtib edildiyini “yaddan” çıxarır, Ermənistan Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiasının yer almasını pisləmirlər?

 Artıq dəfn edilmiş Minsk qrupunun həmsədri olan ABŞ heç vaxt öz məsuliyyətini dərk etməyib, Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışıb. ABŞ-ın gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılıb, təhqir edilib, bütöv şəhərlər və kəndlər yer üzündən silinib. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməyib. Görünən odur ki, ABŞ Konqresi nəyə görəsə otuz il ərzində torpaqları işğal altında qalan, əraziləri dağıdılmış, dinc insanları qətlə yetirilmiş ölkənin Azərbaycan olduğunu unudur.

Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə səssiz qalan, 30 ildən artıqdır ki, taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı bir dəfə də olsun səsini çıxarmayan ABŞ Konqresinin indi bizi nədə isə ittiham etməyə nə hüququ, nə də haqqı çatmır. Çünki insan hüquqlarından dəm vuran ABŞ ən mühüm insan hüquqları konvensiyalarına qoşulmamışdır. BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmayan həmin ABŞ-dır. Saxta əsaslarla insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən müraciətin müəlliflərinə ABŞ-ın İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr zamanı milyonlarla dinc insanın həlak olduğunu, çoxlu sayda insanın işgəncəyə məruz qalması və hüquqi proses olmadan onlara cəza verilməsi də tarixin yaddaşındadır. 

Azərbaycan tərəfi həmişə ikitərəfli münasibətlərin irəli aparılması üçün səbir və təmkin nümayiş etdirərək, iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə tərəfdaşlığı davam etdirmək və inkişaf etdirmək xəttini tutubdur. Yaxşı olar ki, bütün bunları nəzərə alan Amerika Birləşmiş Ştatları Azərbaycana qarşı şantaj və irqi ayrı-seçkilik siyasətini, eləcə də regionda yeni münaqişə yaratmaq cəhdlərini dayandırsın.

Yaqut Ağaşahqızı, “İki sahil”