08 oktyabr 2024 08:26
117

AŞPA Ermənistanın maraqlarının müdafiəçisi olduğu kimi...

Bu təşkilat Avropada insan hüquqlarının kobud pozuntularını niyə tənqid etmir?

Fransa prezidenti Emmanuel Makronun diktəsi ilə oturub-duran Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ermənipərəst deputatları öz simalarını nə qədər gizlətməyə çalışsalar da bacarmır, Azərbaycana qərəzli münasibətlərini açıq büruzə verirlər. Demokratiya və insan hüquqlarından gen-bol danışanların konkret cinayətkarları müdafiə etmələri özünüifşadan başqa bir şey deyil. Nəticədə ölkəmiz ədalətin tapdandığı yerdən öz nümayəndə heyətini geri çağırmalı oldu. Əslində ondan sonra AŞPA-da Azərbaycanla bağlı heç bir məsələ müzakirə edilə bilməz. Ancaq bunlar edirlər. Bu da insan azadlıqlarının və hüquqlarının “müdafiəçiləri”nin özbaşınalığı... Bunu ona görə deyirik ki, AŞPA öz səlahiyyətini aşaraq üzvlükdən imtina etmiş Azərbaycanın daxili işlərinə qarışır, ona təzyiq etməyə, öz ədalətsizliyini qəbul etdirməyə cəhd göstərirdi. Ancaq göstərilən cəhdlər alınmadı, uzun illər ikili standartlara məruz qoyulmuş Azərbaycan bu dəfə qətiyyətlə "yox" deyərək qurumda fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdı. Qurumun sırtıq deputatları isə öz əməllərini davam etdirməkdən utanmırlar. Azərbaycanı tənqid etməyə, onu küncə sıxışdırmağa səbəb tapa bilməyən parlamentarilər hətta Bakıda  beynəlxalq miqyasda keçiriləcək humanist bir tədbir barədə də məsuliyyətsiz bəyanatlar verirlər.

Hazırda AŞPA-nın Azərbaycan üzrə məruzəçisi və əksər deputatları ölkəmizə qarşı COP29 ərəfəsində böhtanla dolu qərəzli təbliğat kampaniyası aparırlar.  Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu getdikcə  artırması bunları dərindən narahat edir, bütün istiqamətlərdən hücuma keçirlər. Deputatlar xalqımıza qarşı kütləvi qırğınlara başçılıq etmiş və hazırda Bakıda həbsdə olan separatçı erməni cəlladlarının azadlığa buraxılmasını həyasızcasına tələb edirlər. Halbuki onlar minlərlə Azərbaycan vətəndaşını vəhşi üsullarla qətlə yetirənlərin, Xocalı soyqırımını törədənlərin və 250 mindən çox Qərbi azərbaycanlını doğma yurdundan didərgin salmış cinayətkarların tutulub cəzalandırılmasını tələb etməkdənsə əksinə, sinələrini irəli verib terrorçuların və hərbi cinayətkarın müdafiəsinə qalxıblar. Nə isə...Mətləb üstünə gələk.

 Oktyabrın əvvəllərində Avropa Şurası Parlament Assambleyasının şeytan yuvası olan Strasburqda keçirilən sessiyasında “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi” mövzusunda müzakirələr adından da göründüyü kimi, yenə də anti-Azərbaycan əhval-ruhiyyədə keçib. Azərbaycan üzrə məruzəçi, norveçli deputat Liz Kristofersen iddia edib ki, COP29 yaxınlaşdıqca Azərbaycanda hadisələr “pis istiqamətdə” inkişaf etməyə davam edir.

Buna sübut kimi Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsinə səs verdiyinə görə AŞPA-nın 76 deputatını persona-non-qrata elan etməsini göstərib. Bəs necə olmalı idi? Heyif ki, böhtançı Kristofersen bizim sadə atalar sözümüzü bilmir: “Etmə, edərlər.” Unudur ki, “pis istiqamətdə” vurnuxan elə onların özləridir. Kristofersenə görə, Azərbaycanda sentyabrın 1-də keçirilmiş parlament seçkiləri beynəlxalq standartlara cavab verməyib. O, bunu niyə və nəyə əsaslanaraq deyib yəqin ki, heç özü də bilmir. Axı, seçki prosesində AŞPA-dan bir nəfər də olsun nümayəndə iştirak etməyib. Yoxsa avrodeputat münəccimdir?

Qəribə məntiqdir, AŞPA Azərbaycanı qurumda səsvermə hüququndan məhrum edir, sonra umub-küsür ki, onun 76 deputatına Azərbaycana gəlməyə niyə qadağa qoyulub? Sərhesab siyasətçi heç vaxt belə axmaq iddiaya düşməz. Yaxşı olardı ki, Kristofersen özü bu suala cavab tapaydı.

Aranı qatmağa çalışan məruzəçi vergi cinayətləri ittihamı ilə həbs edilən vətəndaşları və xarici qrantlardan maliyyələşən kanalların əməkdaşları ilə bərabər erməni separatçılarına da açıq şəkildə qahmar çıxıb, “Azərbaycanda saxlanılan erməni hərbi əsirlər və mülki əsirlər ətrafında həll olunmamış vəziyyət” olduğunu qeyd edib. Kristofersen cinayət törədənlərə və erməni qaniçənlərə vəkillik edərkən gərək bir az da humanist olaydı. Ermənistanda qətlə yetirilən 4 min nəfər azərbaycanlının nəşinin bugünədək Azərbaycana qaytarılmasını tələb edəydi. Hələ də 4 kəndimizin Ermənistanın işğalı altında saxlandığını pisləyəydi, şəhər və kəndlərimizin dağıdılıb xarabazara çevrildiyini və Ermənistanın buna görə bədəl ödəməsi məsələsini irəli sürəydi. Xeyr, etməzlər, çünki haqqı müdafiə etmək bunların "məqsədinə müğayirdir." XXI əsrdə yaşasalar da səlibçi ata-babalarının vəsiyyətlərinə canı-dildən əməl etməkdədirlər. Onlar Ermənistanda parlament binasına silahlı hücum zamanı spikerin, eks-dövlət başçısının, baş nazirin və ümumiyyətlə, 8 nəfət deputatın gülləbaran edilərək öldürüldüklərini isə yaddan çıxarıblar. O hadisədən on il sonra, yəni 2008-ci il martın 1-də İrəvanda mitinq edənlərin 10 nəfərinin hökumətin əmri ilə güllələnməsi, 200 nəfərin isə həbs edilməsi də "unudulub."

İndi avrodeputatlar özlərini elə aparırlar ki, sanki Cənubi Qafqazda separatizmin çiçəkləndiyi Ermənistanda heç bir neqativ hal baş vermir. Budur Avropada “demokratiyanın keşikçilərinin” iyrənc sifətləri. Yaxşı olar ki, özlərinə güzgüdə diqqətlə baxsınlar və sifətlərinin nə gündə olduğunu görsünlər...

Vəli İlyasov, "İki sahil"