08 oktyabr 2024 02:29
99

ABŞ-ın bitməyən separatçı sevgisi

Son günlər ABŞ rəsmiləri tərəfindən ölkəmiz əleyhinə genişmiqyaslı qərəzli  kampaniyaya start verilməsi bu ölkənin siyasi dairələrinin öz məkrli maraqları naminə Azərbaycanın iradəsinə təsir göstərmək, onun bölgədəki aparıcı roluna kölgə salmaq məqsədindən irəli gəlir. Oktyabrın 3-də ABŞ-da 10 senator və Nümayəndələr Palatasının 48 üzvü Konqresin Ermənistanla iş üzrə komitəsinin həmsədri Frenk Fallon və senator Ed Murkinin Dövlət katibi Entoni Blinkenə ünvanladıqları məktuba qoşularaq Ermənistanın revanşist niyyətlərinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd tələbin ABŞ hökumətinin diqqətində olmasının vacibliyini bəyan edib və ABŞ-ı Azərbaycana sanksiyalar tətbiq etməyə çağırıblar. Bunun ardınca ertəsi gün daha bir ABŞ konqresmeni Adam Şiff tərəfindən “2024-cü il Artsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsinin müzakirəyə təqdim edilməsi destruktiv fəaliyyətlə müşayiət olunan bu qərəzli qarayaxma kampaniyasının tərkib hissəsi kimi dəyərləndirilməlidir.

ABŞ Konqresində Azərbaycana qarşı formalaşan qəbuledilməz mövqe, həmçinin Ermənistandakı revanşistlərə maliyyə yardımı ayrılması barədə təşəbbüslər  Ermənistanı müdafiə edən, regionda yeni münaqişə yaratmağa xidmət edən çağırışlara açıq-aşkar dəstəyin ifadəsidir. Müraciət müəlliflərinin ermənilərin sifarişi ilə tərtib etdikləri bu qanun layihəsi etnik və dini simpatiyadan doğan ayrı-seçkilik xarakteri daşıyır. ABŞ siyasi dairələrinin ölkəmizə qarşı qərəzli mövqeyini sübut edən digər məqam onunla bağlıdır ki, müraciət məhz Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) ev sahibliyi ərəfəsində ortaya çıxıb. Belə ki, fəaliyyət istiqaməti fərqli olan tədbirdən sui-istifadə edərək, profilə uyğun olmayan məsələləri qabartmağa çalışmaq absurd və şantaj xarakterlidir. Görünən isə odur ki, bunun arxasında beynəlxalq erməni mafiyasının çirkli pulları dayanır. Təsadüfi deyil ki, məktubu şərh edən “Hay Dat” terror təşkilatının Vaşinqton ofisinin erməni əsilli icraçı direktoru Aram Hambaryan açıqlayıb ki, Qarabağın soyqırım və etnik təmizlənməsinə görə Azərbaycan məsuliyyət daşımalıdır.

Göründüyü kimi, Bayden administrasiyası konkret olaraq anti-Azərbaycan hərəkətləri üçün şərait yaradır, ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurur. Bir sözlə, ABŞ faktiki olaraq anti-Azərbaycan siyasətinə görə öndə olan ikinci Fransaya çevrilir. Azərbaycana qarşı oxşar təxribatların sırasını uzatmaq olar. Məsələn, separatçı rejimin nümayəndələrinin ABŞ Konqresinə dəvəti, ABŞ Konqresində “Dağlıq Qarabağın süqutu”na həsr olunan, həmçinin Amerika və Fransanın aparıcı qurumlarının (hökumət, parlament və vətəndaş cəmiyyəti səviyyəsində) ləğv edilmiş “Dağlıq Qarabağ erməniləri”nə dəstək verən çoxsaylı təşəbbüslərinə həsr olunmuş tədbirləri qeyd etmək olar. Bu anti-Azərbaycan fəaliyyətinə, həmçinin daxildir: Samanta Pauerin (Ruben Vardanyanın tərəfdaşı) “USAID araşdırması ermənilərin Qarabağdan kütləvi köçü” bəyanatı və ümumillikdə USAID-in Ermənistana dəstəyi, Nathalie Loiseaunun “Dağlıq ermənilərin etnik təmizlənməsi” gününü Avopa Parlamentində qeyd etmək üzrə fəaliyyəti təşəbbüsü və bu deputatın ermənipərəst fəaliyyəti, ABŞ-ın aparıcı piar şirkətlərinin (məsələn, “Edelman” şirkəti – ABŞ-ın ən iri piar şirkətidir) Azərbaycana qarşı beynəlxalq media kampaniyasına cəlb edilməsi, Ermənistanın ABŞ və Fransa tərəfindən silahlanması (həmçinin Fransa lisenziyası altında Hindistan silahları) və s. Görünən odur ki, dünyanın istənilən nöqtəsinə siyasi böhran, dövlət çevrilişləri və müharibələr ixrac edən Qərb ölkələri Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığa adekvat davranış nümayiş etdirməkdə çətinlik çəkir. Qərbin proseslərə qızışdırıcı mövqedən yanaşması, o cümlədən rəsmi Yerevanın qeyri-sabit və pozucu mövqe sərgiləməsi bu qəbildəndir. Belə ki, Ermənistan hələ də Azərbaycanın sülh təkliflərinə cavab vermir. Əksinə, Qərbdəki himayədarlarının manipulyasiyasına uyaraq vaxtı uzadır.

Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Bakı Vaşinqtondan gələn bəyanatları bəziləri kimi qeyd-şərtsiz yerinə yetirəcək paytaxt deyil. Heç bir ölkə, o cümlədən ABŞ Azərbaycanla təzyiq dilində danışa bilməz. Vaşinqton bir nüansı anlamalıdır ki, onun Azərbaycan müstəqillik qazandığı ilk gündən indiyə kimi tutduğu mövqe ümumilikdə Azərbaycan xalqı tərəfindən qəbul edilmir. Azərbaycan xalqı ABŞ-ın ona münasibətdə həmişə ədalətsiz olduğunu, haqsız, işğalçı Ermənistanı dəstəklədiyini bilir və bunu unutmur. Azərbaycan hər bir ölkə ilə dostluq istəyir, əməlində də həmişə bunu göstərir. Ancaq ABŞ da daxil olmaqla, riyakar, ikiüzlü ölkələr hər zaman əks mövqe tutub. Erməni lobbisinin əsirinə çevrilmiş Konqresdən isə danışmağa dəyməz. ABŞ özü ciddi problemlərlə üz-üzədir. Dövlət borcu günbəgün artır, irqi ayrı-seçkilik, polis zorakılığı, kriminal, qətllər və digər problemlər baş alıb gedir. Çoxsaylı daxili problemlərlə məşğul olmaq əvəzinə Konqres erməni lobbisinin təsiri ilə mənasız işlərlə məşğuldur. Bundan başqa, bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi təlatümlər, iğtişaşlar, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrinin içindən mütləq Vaşinqton çıxır. ABŞ artıq bütün dünyada münaqişələrin, gərginliklərin baş rolunun ifaçısına çevrilib.

ABŞ dünyanın müxtəlif ölkələrində törətdiyi kimi, Cənubi Qafqaz ölkələrində də rəngli inqilablar ssenarisi həyata keçirməyi qarşısına məqsəd qoyub. Lakin Vaşinqtonun 2000-ci illərin əvvəllərindən başlanan rəngli inqilablar ssenarisini Azərbaycanda da gerçəkləşdirmək cəhdi iflasa uğradı. Ən əsası isə ABŞ-ın artıq tarixin arxivinə atılmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğu mövqe idi. ABŞ keçmiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ərazilərimizin işğalı, etnik təmizləmə, milli-mədəni irsimizin məhv edilməsi, sərvətlərimizin talanmasına görə də məsuliyyət daşıyır. ABŞ 30 il ərzində bir dəfə də olsun işğalçı Ermənistanı qınamadı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmadı. Amma 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz “907-ci düzəliş”i qəbul etdi. İşğala məruz qalan ölkəyə qarşı birbaşa yardımı qadağan edən “907-ci düzəliş”i qəbul etməkdən böyük haqsızlıq ola bilərmi? ABŞ Qarabağ işğal altında olduğu müddətdə buradakı oyuncaq separatçı rejimə hər il öz büdcəsindən maliyyə yardımı ayırırdı. Vaşinqtonun Qarabağdakı separatçılara minatəmizləmə adı altında ildə 10 milyon dollar vəsait ayırması, separatçıların ABŞ-da yardım kampaniyaları keçirib pul yığmalarına şərait yaradılması, rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə imkan yaradılması faktdır. Təkcə bu faktlar ABŞ-ın Azərbaycana, beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə, suverenliyinə münasibətinin göstəricisidir. Azərbaycan xalqı uzun illər ABŞ-dan bu pisliyi, riyakarlığı görüb.

Bu gün Ermənistan son dərəcə riskli, onun üçün böyük faciə ilə nəticələnə biləcək oyuna qoşulub. Nikol Paşinyan da qumarbaz kimi geosiyasi stavkaları artırır, itirilənləri geri qaytarmağa çalışır, nəticədə ölkəsini daha böyük təhlükə qarşısında qoyur. Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onların İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini vurğulayan dövlət başçısı qeyd edib: “Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır. Bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir”. Ölkə başçısı onu da vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində böyük dərəcədə öz hərbi gücümüzü artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, xüsusi təyinatlı qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni xüsusi təyinatlı qüvvələr, komanda qüvvələri yaradıldı və onların da say tərkibi ildən ilə artır və artacaq. Ordumuzun döyüş qabiliyyətinin artdığını, texnika ilə təchizatın lazımi səviyyədə təmin edildiyini və ediləcəyini vurğulayan dövlət başçısı xəbərdarlıq edib: “Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”.

Sevinc Azadi, “İki sahil”