07 oktyabr 2024 23:46
86

Bizim işimiz haqq işidir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl və Zəngilan rayonlarına səfər etdilər. Həmişə olduğu kimi, bu səfər də Böyük Qayıdış Proqramının uğurlu icrasının aydın mənzərəsini yaratdı. Səfər çərçivəsində həm bu ərazilərin inkişafına, həm də bura qayıdacaq soydaşlarımızın rahat yaşayışına, məşğulluğunun təmin edilməsinə xidmət edəcək addımlar atıldı. Yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə müşayiət olunan səfərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak etdi və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər.

Dövlətimizin başçısının mərasimdəki çıxışında diqqət göstərdiyi əsas məsələlərdən biri məhz dünyanın ikili standartlara əsaslanan siyasətinin hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesində uzanmasında rolu, 44 günlük Vətən müharibəsini şərtləndirən amillər oldu. Cənab İlham Əliyev bildirdi ki, Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. “Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Ermənistanla dil tapmalısınız, barışmalısınız, müharibəni uduzmusunuz, bununla barışın” söyləyən cənab İlham Əliyev vurğuladı ki, bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək: “Ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır.”

Dövlətimizin başçısı bu çağırışı da edir ki, biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq. Bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydurur, tirajlayır, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik. Qərb Cənubi Qafqazı rahat buraxmalıdır. Əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Reallıq budur ki, Ermənistan təhlükəli oyunlara qoşulub. Dövlət başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın: “Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik.”

Bu günlərdə Bakıda Aşıq Ələsgərin abidəsinin açılış mərasimində cənab İlham Əliyevin çıxışı mühüm çağırışlarla diqqətdə oldu. Bir daha tarixi Zəfərimizdən, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsindən geniş bəhs edən cənab İlham Əliyev diqqəti tariximizə yönəltdi və vurğuladı ki, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar. İndiki hədəfimizin tarixi torpağımız оlan Qərbi Azərbaycana qayıtmaqdır.

Qərbi Azərbaycanın tarixini və azərbaycanlıların üzləşdiyi ədalətsizlikləri, fəlakətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Qərbi Azərbaycana Qayıdış Proqramı hazırlandı, təsdiqləndi və hazırda uğurla icra edilir. Qərbi Azərbaycanda ermənilərin törətdikləri vandallıqları, tarixi, dini və mədəni abidələrin necə məhv edildiyini dünya ictimaiyyəti bilməlidir. Ədalətli mövqeyimizi dünyaya çatdırmaqla Qərbi Azərbaycana qayıdışımızı təmin etməliyik. Cənab İlham Əliyev Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında bu çağırışı etdi ki, heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik: “Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir.”

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri