07 oktyabr 2024 13:57
93

Bu torpaqlara əsl sahibləri qayıdıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl və Zəngilan rayonlarına səfər etdilər. Hər bir səfər özündə bir sıra mühüm məqamları ehtiva edir. Tarixi Zəfərimizdən dərhal sonra başlanan bu səfərlər davamlılığı, eyni zamanda, Böyük Qayıdış Proqramının icrasının daha da sürətləndirilməsi ilə müşayiət olunur. Yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilir. Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin bəzi sosial obyektlərdə görülən işlərlə tanış oldular. Bir səfər çərçivəsində atılan addımların  miqyasına diqqət yetirməklə ümumilkdə bu torpaqlarda bərpa-quruculuq işlərinin  miqyasının nə qədər geniş olduğunu görərik.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Şəhəri Günündə bu şəhərdə inşa olunan yaşayış kompleksinin açılışında iştirak etdi və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər. “Əminəm ki, bundan sonra biz hər il bu gözəl günü qeyd edəcəyik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardı. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi.  20-yə yaxın kənd, o cümlədən Cəbrayıl rayonunun kəndləri azad edilmişdi.  Ancaq şəhər olaraq birinci  Cəbrayıl şəhəri azad olundu. Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərdi və işğalçıları Cəbrayıl şəhərindən qovdu. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərdi, eyni zamanda, Ordumuzun,  ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltdi. Hamıda bu inam var idi ki,  müharibə bizim Zəfərimizlə başa çatacaq.

44 gündə rəşadətli Ordumuz böyük qəhrəmanlıq göstərdi. 30 ilin işğalına son qoyuldu, tarixi ədalət bərpa edildi. 2020-ci il 10 noyabr tarixində imzalanan  ümtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu.

Azad edilmiş ərazilərimizdə dərhal bərpa-quruculuq işlərinə başlandı. Cəbrayılın inkişafı ilə bağlı dərhal müvafiq tapşırıqlar verildi. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası başlandı. Sovet vaxtında olan yol yenidən quruldu. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana, Qubadlıya və oradan da Laçına qədər davam edir.

Cənab İlham Əliyev çıxışında bu məqamı da qeyd etdi ki, gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü göstərir, həm də keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni əsirgəmir. Birinci məhəllədə çoxmənzilli 33 bina, 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verildi.

Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur.  Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. Artıq indi isə görülən bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqlara  əsl sahibləri qayıdıb.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Bakıda Aşıq Ələsgərin abidəsinin açılış mərasimində bu məqamı xüsusi diqqətə çatdırdı ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da eyni hissləri yaşayacaqlar.

Cənab İlham Əliyev onu da bildirdi ki, Qarabağın işğalı dövründə bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr  göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz.  Suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırdı.  Hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.

Hazırda qələbələrimizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtmasıdır. Xalqımız tezliklə bu qayıdışın da şahidinə çevriləcək.

Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri