06 oktyabr 2024 11:00
112

Vüqar Rəhimzadə: Müzəffər Ali Baş Komandanın azad edilmiş ərazilərimizdən hər bir çağırışı Ermənistana və onun yeni havadarlarına ciddi mesajdır

Qalib, bütövləşən və yeni dövrə qədəm qoyan Azərbaycan tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının yaratdığı reallıqlar əsasında sözünün imzası qədər əhəmiyyətli olduğunu atdığı addımları, səsləndirdiyi çağırışları ilə təsdiqləyir. Son dörd ilin qürurverici hadisələrindən biri də odur ki, bu çağırışların səsləndiyi məkanlar sırasında işğaldan azad edilmiş ərazilərimiz də var. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  azad Qarabağa və Şərqi Zəngəzura davamlı səfərləri bu torpaqlara Böyük Qayıdışın daha da sürətləndirilməsi  məqsədilə atılan addımların ardıcıllığı ilə yanaşı, buradan verdiyi mesajlarla da zəngin olur.

 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 4 oktyabr Cəbrayıl Şəhəri Günündə bu  şəhərdə inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək  yeni evlərə köçən cəbrayıllılara mənzillərin açarlarını təqdim etdilər. Dövlətimizin başçısı bu münasibətlə keçirilən mərasimdəki çıxışında 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun qəhrəmanlığından, şücaətindən geniş bəhs etdi, 44 günün hər gününün tariximizin Zəfər səhifəsi kimi yaddaşlarda qalacağını bildirdi. Vurğuladı ki, Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərdi, eyni zamanda, ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltdi.  Cəbrayıl azad olunduqdan  bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirildi.  Hadrud əməliyyatı da çox böyük peşəkarlıqla həyata keçirilən əməliyyat idi. Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi.  Bu mühüm strateji əhəmiyyətli yaşayış məntəqəsini azad etmək üçün  qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idilər və bunu edə bildilər.  Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatdı və yolumuz  Şuşaya, Zəngilan və Qubadlı istiqamətinə açıldı. Müzəffər ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getdi və döyüş meydanında böyük yaşayış məntəqələrini - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad etdik. Bütövlükdə 300-dən çox şəhər, kənd və qəsəbə  döyüş meydanında azad edildi. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, istər 30 il davam edən işğal, istərsə də postmünaqişə dövrü dünyanın bəzi aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların məsələyə  ikili standartlar mövqeyindən yanaşmalarının yaratdığı problemlərlə diqqətdədir. Prezident İlham Əliyev hər bir çıxışında bu məqamlara xüsusi diqqət yönəldir. Ermənistanın işğalının davam etdiyi 30 ilə yaxın dövrdə Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün ciddi səylər göstərdi. Ermənistan isə əksinə, havadarlarının dəstəyinə arxalanaraq,  sülh danışıqlarına imitasiya naminə qatılaraq vaxt qazanmağa, Azərbaycanın yeni ərazilərini zəbt etmək üçün  planlar çızmağa başladı. Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına məhəl qoymamasına göz yuman bəzi dünya güclərinin  davamlı şəkildə Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etmələri çoxsaylı sualların yaranmasına səbəb oldu. Azərbaycanın tarixi Zəfərindən, Ermənistanın biabırçı məğlubiyyətindən sonra bu yanaşmalara son qoyulacağını düşünsək də, əksinə, Qələbəmizi həzm edə bilməyən  qüvvələr təcavüzkar dövlətə dəstəklərini daha da artırır, onu sürətlə silahlandırmaqla ərazi iddialarına son qoymamasına yardımçı olduqlarını açıq-aşkar nümayiş etdirirlər.

Dövlət başçısı İlham Əliyevin  Cəbrayıl şəhərində keçirilən mərasimdəki çıxışında mövcud reallıqlar geniş təhlil edildi və bu məkandan Ermənistana, onun yeni dəstəkçilərinə çiddi mesajlar ünvanlandı. Prezident İlham Əliyev Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiyanın tətbiq edilməməsini xüsusi vurğuladı. “Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir” söyləyən Prezident İlham Əliyev onu da diqqətə çatdırdı  ki, Ermənistanın havadarları müharibəni uduzduğumuzu, bununla barışmalı olduğumuzu  bildirirdilər.  Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi bəzi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Azərbaycanın isə mövqeyi birmənalı, qətiyyətli  və dəyişməz idi: bir qarış torpaq işğal altında qala bilməz! Məsələ sülh yolu ilə həllini tapmasa,  məsələni müharibə yolu ilə həll edəcəyik.

Vüqar Rəhimzadə  bildirib ki, bu gün də ölkəmizə qarşı olan düşmənçilik siyasəti səngimək bilmir. Azərbaycana qarşı yeni sanksiyaların tətbiq olunması ilə bağlı absurd bəyanatlar səsləndirilir. Bizim heç bir ölkənin torpaqlarında gözümüz yoxdur. Biz tarixi Zəfərimizə, suverenliyimizin bərpasına beynəlxalq hüququn norma və prinsipləri əsasında nail olmuşuq. Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanındadır. Bəzi dünya güclərinin beynəlxalq hüququn bu ali prinsiplərinə özlərinin maraqları baxımından yanaşmaları  haqlının haqsız, haqsızın isə haqlı tərəf kimi təqdim edilməsi ilə nəticələnir. Bu gün 30 illik işğal dövrünün reallıqları bütün məqamların açıqlanmasında yardımçıdır. Artıq tarixin arxivinə atılmış keçmiş  Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan ATƏT-in Minsk qrupu, xüsusilə onun  həmsədri olan dövlətlər 28 illik “fəaliyyətləri” dövründə bir dəfə də olsun Ermənistanın işğalçı dövlət olduğunu dilə gətirmədilər. Belə əsassız, yalnız özlərinin maraqlarına xidmət edən fikirləri ilə diqqətdə oldular ki, guya işğalçının adı ilə çağrılması məsələnin həlli prosesinə mane olar. Bu addım neytrallığın pozulması kimi dəyərləndirilə bilər.  Bu yanaşmanın nə qədər absurd, nə qədər  qeyri-ciddi olduğunu həmin dövlətlərin özləri də yaxşı bilirdilər. Lakin buna baxmayaraq özlərinin ikili standartlar mövqelərindən əl çəkmirdilər. Azərbaycanın çağırışlarına diqqət yetirsək görərik ki, işğalın davam etdiyi  illərdə vasitəçinin neytral mövqedə dayanmasını tələb edən məhz ölkəmiz olub. Ermənistana dəstək, bu dövləti işğalçı kimi tanımaq istəməmək, onu silahlandırmaq  neytrallığın pozulması deyil, bəs nə idi? Prezident İlham Əliyev qeyd etdiyimiz çıxışında bununla bağlı həqiqətləri bir daha açıqladı: “Minsk qrupu nə ilə məşğul idi - ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və bizi alçaldıcı sülhə təhrik etməklə. Minsk qrupunun fəaliyyəti bundan ibarət idi.”

Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı ABŞ Konqresinin Azərbaycana qarşı növbəti sanksiyanı tətbiq etmək çəhdinə də münasibət bildirdi. Vurğuladı  ki,  60 ermənipərəst konqresmen Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Qeyd etdiyimiz kimi, Azərbaycan daim belə cəhdlərlə qarşılaşır. Bunun üçün 1992-ci ildə ABŞ Konqresinin ermənipərəst konqresmenlərin təkidi ilə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq etməsini yada salmaq kifayətdir. Bu  kimi qərarların hansı ölkələrə tətbiq edildiyinə nəzər  yetirəndə onun ədalətsizliyini görməmək mümkün deyil. Həmin dövrdə ABŞ-ın Ermənistanın bu istəyini reallaşdırmasında əsas məqsədi Azərbaycanı işğalçı dövlət kimi təqdim etməklə yanaşı, ölkəmizi iqtisadi cəhətdən zəiflətmək, özündən asılı vəziyyətə salmaq idi. Lakin Azərbaycan bu ədalətsiz qərarın tətbiqi şəraitində yaşadığı 10  ildə nəinki iqtisadi cəhətdən zəiflədi, əksinə təkmil inkişaf modeli ilə dünyanın diqqətində oldu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra əsas diqqət göstərdiyi məsələ bu qərarın ədalətsizliyini sübut etmək, onun ölkəmizə vurduğu mənəvi zərbəni aradan qaldırmaq idi. Azərbaycan dövlətinin  uğurlu xarici siyasəti diplomatik mübarizədə qələbəmizi şərtləndirdi. 2001-ci ildə ABŞ hökuməti bu qərarın ədalətsizliyini təsdiqləməyə məcbur oldu və  fəaliyyətinin bir illik dondurulması barədə qərar qəbul etdi. Dövlətimizin başçısı sözügedən çıxışında  bu ədalətsiz addımın atılmasından bəhs edərək bildirdi ki, Amerika 1992-ci ildə bizə qarşı sanksiya tətbiq etmişdir, o vaxt ki, torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən aradan qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar,  özü də bütün dünyanın gözü qarşısında,  bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Prezident İlham Əliyev ermənipərəst konqresmenlərin məlum müraciəti ilə bağlı  bu çağırışı etdi ki,  bu çirkin müraciət iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır.  Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Azərbaycan öz hüququnu heç kimdən soruşmadan, heç kimdən qorxmadan bərpa etdi. Bunu ölkəmizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan güclü, müstəqil dövlətdir. Hər bir addımını öz gücünə, imkanlarına arxalanaraq atır. Heç bir dövlətin diktəsi ilə oturub-durmur. Ölkəmizin ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində  əməkdaşlığı  qarşılıqlı hörmətə və maraqlara əsaslanır. 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük antiterror tədbirləri ölkəmizin imkanlarının təqdimatıdır. Ermənistanın  təhlükəli oyunlara qoşulduğunu əsaslı şəkildə diqqətə çatdıran Prezident İlham Əliyev rəsmi İrəvana bu mesajı ünvanladı ki,  İkinci Qarabağ müharibəsinin tarixçəsi,  necə diz üstə bizdən imdad dilədikləri,  necə Rusiyaya gündə bəlkə 10 dəfə   müharibənin  dayandırılması ilə bağlı müraciət etdikləri yaddan çıxmasın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Heç kimə, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik. Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişiksə bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın: “Mən bu sözləri istənilən yerdə deyə bilərdim… Ancaq hesab etdim ki, mən bu sözləri bax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onu həm Azərbaycan xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və bir daha bizim Qələbəmizə sevinsin, düşmənlərimiz də eşitsin və düzgün nəticə çıxarsın.”