04 oktyabr 2024 00:08
83

Qərəzli iddialar, əsassız ittihamlar sabun kopüyü kimi dağılıır

Anti-Azərbaycan dairələrin ölkəmizə təzyiq göstərmək üçün ən çirkin vasitələrə əl atması heç bir məntiqə və ölçüyə uyğun gəlmir

Qərbdəki ermənipərəst dairələr COP29 ərəfəsində yenə Azərbaycanı hədəf seçiblər. Məlum qüvvələr öz məkrli planlarını həyata keçirmək üçün ölkəmizdəki antimilli ünsürlərin ötürdükləri donoslardan, eləcə də onların saxta məlumatlarından böyük məharətlə istifadə edirlər. Respublikamızda iqlim dəyişikliklərinə həsr ediləcək mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərinin həyata keçirildiyi bir dönəmdə həmin qərəzli qüvvələr ölkəmizin beynəlxalq aləmdə imicini zədələmək məqsədilə nəzarətlərində olan nəşrlərdən, “Freedom House”, “Human Rights Watch” və.s ermənipərəst təşkilatlardan, eləcə də AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli kimi ünsürlərdən istifadə etməyə üsütünlük verirlər.

 Baş verənlər hec də təəccüblü deyil. Biz əvvəllər də anti-Azərbaycan dairələrin heç cür mənəvi, əxlaqi, siyasi, hüquqi çərçivəyə sığmayan qarayaxmalarına şahidlik etmişik. Belə ki, məlum məkrli dairələr və onların “sapı özümüzdən olan” əlaltıları Bakıda “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, daha sonra I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları keçiriləndə də ermənipərəst dairələrlə səs-səsə verərək həyasızcasına Azərbaycan əleyhinə təbliğat aparırdılar.

Bütün dünyada mənfi imicə, çirkli reputasiyaya malik olan, bəzi geosiyasi güclərin əlində maşaya çevrilən həmin qurumlar yenə də səs-səsə verərək “Azərbaycandakı dözülməz vəziyyət”dən, “yüzlərlə siyasi məhbus”dan, “demokratiyanın yoxluğundan” dəm vururlar. Şübhəsiz, COP29 ərəfəsində onların bu cür canfəşanlıq etmələrinin, ölkəmizə qarşı “qara piar” kampaniyası aparmalarının arxasında Azərbaycanın güclənməsini, ərazi bütövlüyünü təmin etməsini istəməyən qüvvələr dayanır.

 Bəhs etdiyimiz qüvvələr ölkəmizdə xaos, qarşıdurma yaratmaq istəyən ermənipərəst dairələrin əlində maşa rolunu oynayan, ötən əsrin 90-cı illərində Azərbaycan Müdafiə Nazirliyində işləyərkən hərbi sirlərimizi ermənilərə ötürən, bir vaxtlar “hüquq müdafiəçisi” donuna bürünərək “xalq diplomatiyası” adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun hazırladığı saxta, böhtan dolu “siyasi məhbus” siyahısı ilə ölkəmizə təzyiq edirlər. Əxlaqi-mənəvi deqradasiyaya məruz qalan Leyla və Arif Yunuslar bu gün də utanmadan, mənəviyyatsızcasına anti-Azərbaycan dairələrdən aldıqları külli miqdarda pulun hesabına onların sifariş və tapşırıqlarını xüsusi canfəşanlıqla yerinə yetirirlər. Bütün bunlar həyasızlığın, şeytani xislətin ən eybəcər formasını bir daha nümayiş etdirib. Oktyabrın 2-də Polşanın paytaxtı Varşavada keçirilən İnsan Ölçüsü üzrə Varşava Konfransında ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Monika Yakobsenin çıxışında Azərbaycanda insan haqları ilə bağlı “problemlərdən” danışması, əsassızcasına “siyasi məhbus” məsələsəni gündəmə gətirməsi  məhz satqın yunusların, eləcə də şər-böhtan makinası olan Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın xəyanətkar xidmətinin nəticəsidir.

Bu günlərdə ermənipərəst dairələrin şər yuvasına çevrilən AŞPA-da ölkəmizlə bağlı əsassız, şər-böhtan dolu ittihamlar səsləndirilməsi və AXCP sədri Əli Kərimlinin bütün bunları mənəviyyatsızcasına, sevinərək təqdir etməsi, mövzunu tələsik sosial şəbəkə seqmentlərinə daşıması əxlaqi-mənəvi deqradasiyanın pik nöqtəsidir.

Şübhəsiz, məlum anti-Azərbaycan dairələrin ölkəmizə təzyiq göstərmək üçün ən çirkin vasitələrə əl atması heç bir məntiqə və ölçüyə uyğun gəlmir. Ona görə də öz qətiyyətli yolundan sapmayan ölkəmiz qərblilərin bu cür ikiüzlü və məkrli siyasəti qarşısında bir daha mübarizlik, əzm və prinsipiallıq nümayiş etdirərək öz qətiyyətli yolundan dönməyəcək. Bu mənada əminliklə demək olar ki, sümüyünə, iliyinə qədər ermənipərəst olan məlum dairələrin Azərbaycana təzyiq mexanizmləri qeyri-effektiv olduğundan heç bir nəticə verməyəcək.

Zahid Rza, “İki sahil”