03 oktyabr 2024 16:53
112

Heydər Əliyev yolu Azərbaycana möhtəşəm uğurlar qazandırır

Ulu Öndər Heydər Əliyevin ilk dəfə Prezident seçildiyi 3 oktyabr 1993-cü il tarixindən 31 il ötür. Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında xidmətlərinin ölçüyəgəlməzliyini müstəqilliyin bərpasının ilk illərini xatırlamaqla daha aydın görərik. Müstəqilliyimizin bərpasının ilk illərində yaşanan siyasi gərginlik, hakimiyyət böhranı hər kəsə məlumdur.

O dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin olmaması Azərbaycanı faciələrlə, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə çətin bir dövrdə xalq öz xilaskarına - Heydər Əliyevə üz tutaraq onu hakimiyyətə dəvət etdi. Ölkədə xaos, anarxiya və özbaşınalığın hökm sürməsi, iqtisadi böhranın baş alıb getməsi, digər tərəfdən torpaqlarımızın işğalı xalqın sabaha ümidini itirmişdi. Həyatının mənasını dövlətinə, xalqına xidmətdə görən, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi düşünərək biri-birindən mühüm addımlar atan Ümummilli Lider Heydər Əliyev xalqını yenə də tək qoymadı, 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizin müstəqillik tarixinin mühüm səhifəsini yazdı.

Müasir tariximizə Ulu Öndər Heydər Əliyevin qayıdışı kimi daxil olan tarixi dövr Azərbaycanın sabitlik diyarına çevrilməsi, iqtisadiyyatın dinamik inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının müasirləşməsi, dünya miqyasında nüfuzunun yüksəlməsi, ordumuzun qüdrətinin artması və digər uğurlarla müşayiət olundu. 1993-cü il oktyabrın 3-də ölkədə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə Prezident seçilən Ümummilli Lider andiçmə mərasimində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı. Hazırda Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bu inkişafın təməli məhz o illərdə qoyulmuşdur. Hər bir ölkənin tərəqqisində sabitliyin rolunu xüsusi qeyd edən Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Region dövlətləri ilə iqtisadi əlaqələrin qurulmasına geniş imkanlar yarandı. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Lakin Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra sabitliyin yaradılması bu tərəddüdlərə son qoydu. Onun səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanın enerji sektorunda malik olduğu imkanlardan səmərəli istifadə təmin olundu. Neft gəlirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımların atılmasını şərtləndirdi. Daim bi fikir səsləndirilir ki, neftlə zəngin çox ölkələr var, amma bu resurslar heç də onlara uğur gətirmir, əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanın iqtisadi strategiyasını dünya təcrübəsinə əsasən hazırlaması bu çətinliyin yaşanmamasına, əksinə əldə olunan gəlirlərin insanlar arasında ədalət prinsipi əsasında bölgüsünə yol açdı.

Ümummilli Liderin böyüklüyü, dünənimizin, bu günümüzün və sabahımzın əsası kimi dəyərləndirilən ideyalarının əbədiyaşarlığı öz ifadəsini 2003-cü ildə cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsində tapdı. Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində özünün sona çatdıra bilmədiyi işlərin  cənab İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə əminliyini ifadə etmişdir. Həmin müraciətdən bizi ayıran 21 il Ümummilli Liderin bu inamının reallıqda əksini tapmasına bələdçilik edir. Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafı, ölkənin müasirləşməsi, hərbi qüdrətinin artması və işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi Heydər Əliyev siyasətinin təntənəsidir.

Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması, keçmiş köçkünlərin öz doğma yurd-yuvalarına qayıdışının sürətlə davam etdirilməsi Heydər Əliyevin ən böyük arzusu idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev dahi şəxsiyyətin bu arzusunu gerçəkləşdirdi və 2020-ci il noyabr ayının 8-də Şuşanın azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirdi ki, bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim: “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atmaqla son dörd ildə daha möhtəşəm uğurları, zəfərləri ilə diqqətdədir. Azərbaycanın sözünün imzası qədər əhəmiyyəti daha da artıb. Regionda, dünya siyasətində yeniliklər baş verir. Azərbaycan bu gün sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanır. Suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan yeni hədəflərə doğru inamla addımlayır, Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Soydaşlarımızın bu torpaqlara qayıdışı hər birimizi qürurlandırır.

Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 4 oktyabr - Cəbrayıl Şəhəri Günü elan edilib. 27 ildən sonra işğaldan azad edilən Cəbrayıla sentyabrın 26-da ilk köç başladı. Artıq soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. Bu qayıdışı xalqımıza yaşadan Heydər Əliyev yoludur. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı bundan sonra da möhtəşəm uğurlar, zəfərlər gözləyir.

Məhəmməd Balaqadaşov,
​YAP Xaçmaz rayon təşkilatının sədri