03 oktyabr 2024 11:27
100

Şanlı tarix: Qələbəyə gedən yolun başlanğıc günü

1993-cü ilin 15 iyunu Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır. Həmin gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətət qayıdaraq Ali Sovetin Sədri seçildi. Sonra da Milli Qurtuluş günü kimi tarixə düşən bu hadisə ölkəmizin müasir tarixində yeni səhifənin əsasını qoydu.

1988-ci ildə Azərbaycanın Qarabağ bölgəsində separatçı meyllər başlanmış, imperiya rəhbərliyi, Bakıdakı oyuncaq iqtidarlar isə buna səssiz qalmışdı. 1993-cü ilin iyunun 15-ə qədər ölkədə siyasi çaxnaşma, qarışıqlıq dövrü kimi xarakterizə olunur. Hakimiyyətlər bir-birini hərbi qiyam yolu ilə əvəz edir, nizami ordunun yaradılması ləngiyir, buna paralel olaraq ölkənin ərazi bütövlüyünə təhlükə artırdı. Artıq 93-cü ilin yayında ölkə fəlakətin astanasına gəlib çatmışdı. Belə bir vaxtda zəngin idarəetmə təcrübəsinə malik, görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi. Səs çoxluğu ilə Ali Sovetin sədri seçilən Ulu Öndər az sonra dövlət başçısının səlahiyyətlərini də icra etməyə başladı. Çünki o zamankı prezident Bakının tərk etmişdi. Avqustun 29-da ölkədə referendum keçirildi, mövcud prezidentin səlahiyyətlərinə xitam verildi və oktyabrın 3-də ölkədə yeni prezident seçkiləri təyin edildi.

1988-ci ildən hökm sürən siyasi xaosdan usanmış, yüzminlərlə qaçqın və köçkünü qəbul etmiş, qurulu düzənini itirmiş Azərbaycan xalqı böyük ümidlərlə seçki məntəqələrinə üz tutdu. Azərbaycan xalqı sabitliyə, müsətqilliyə, milli dövlətçiliyə səs verdi. Xalqın 98.83% faizinin səsini alan Ulu Öndər Heydər Əliyev prezidenti seçildi.

Ulu Öndəri qarşısında böyük vəzifələr var idi. Ona güvənən, inanan milyonlarla insanın ümidini doğrultmaq, sabitlik, dayanıqlı iqtisadiyyat, güclü ordu yaratmaq qarşıya qoyulan hədəf idi. Ulu Öndər xalqın ona olan ümidlərini doğrultdu və dövlətimizi yox omaqdan xilas etdi.  Zəngin dövlətçilik təcrübəsinə malik olan Ulu Öndər qısa zaman kəsiyində dağıdılmış iqtisadiyyatın yenidənqurulması istiqamətində ciddi addımlar atdı. Kənd insanlarını işlə təmin etmək üçün torpaq islahatları həyata keçirildi. Nizami ordu quruculuğu sürətləndirildi. Qarabağda Ermənistan işğalçılarına qarşı müqavimətin gücləndirilməsinı başlanıldı. 1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin kontraktı” Azərbaycanın xarici inteqrasiya kursunun yol xəritəsi idi. Ölkəmiz Qərbə inteqrasiyanı, bazar iqtisadiyyatı yolu ilə inkişafı əsas prioritet olaraq götürmüşdü. Bu kursun memarı Ulu Öndər Heydər Əliyev idi. Ulu Öndər hər çıxışında “müstəqlliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” deyir və “bəlkə də qaytardılar” sevdası ilə yaşayan imperiyapərəsətlərin planlarını alt-üst edirdi.

Ulu Öndərin zərgər dəqiqliyi ilə apardığı daxili siyasət kursu dövlətçiliyin möhkəmlənməsinə, ordunun güclənməsinə, vahid komandanlığın yaranmasına hesablanmışdı. Lakin Azərbaycanı “banan respublika”ya çevirmək istəyən xarici və daxili düşmənlər boş oturmur, xalqın dəstəklədiyi legitim hakimiyyəti devirməyə çalışırdı.

1994-cü ilin  oktyabr və 1995-ci ilin mart aylarında iki dəfər xarici və daxili düşmənlər hakimiyyət çevrilişinə cəhd etdilər. Lakin hər iki cəhddə Azərbaycan xalqı Heydər Əliyevin ətrafında sıx birləşərək düşmənin istəyini gözündə qoydu.

Azərbaycan Qarabağ cəbhəsində Ermənistanla atəşkəs sazişi imzalamışdı. Bu məcburi addım səriştəsiz iqtidarlar tərəfindən dağıdılmış iqtisadiyyatın bərpası və xaos və qarışıqlıq yaradan qanunsuz silahlı dəstələrin ləğvi, nizami ordunun yaradılması üçün vacib idi. Sonrakı tarixi hadisələr göstərdi ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi və prezdident seçilməsi Azərbaycan xalqının ən doğru seçimi oldu. Xalqımız müdrik oğluna inandı, güvəndi. Ulu öndər isə ona ümid bəsləyən insanların inamını boşa çıxarmadı.

Azərbaycan həmin illərdə atılmış sağlam təməllər üzərində inkişaf etdi, güclü dövlətə çevrildi, qüdrətli orduya, dayanıqlı iqtisadiyyata malik oldu. Bu üzdən haqlı olaraq 1993-cü ilin 3 oktyabrı Azərbaycan üçün böyük uğura gedən yolun başlanğıcı olaraq qiymətləndirilir.

Zibaxanım Cəfərli,
YAP Xətai rayon təşkilatının "Məhsəti 3" ünvanı  üzrə ərazi partiya təşkilatının üzvü