02 oktyabr 2024 20:37
107

Hər kəs üçün ekoloji cəhətdən təmiz gələcək…

Milli Məclisin deputatı: COP29 iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın liderliyini nümayiş etdirmək üçün bir platforma olacaq

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən tədbirlər şübhəsiz ki, Azərbaycan dövlətinin ölkə əhalisinə və gələcək nəsillərin sağlamlığına göstərdiyi diqqətin və qayğının əyani təzahürüdür. İqlim dəyişikliklərinə və ekoloji problemlərə həsr edilmiş mühüm beynəlxalq tədbirin– COP29-un cari ilin noyabrında Bakıda keçirilməsi də məhz Azərbaycanda  dövlət siyasətinin parlaq nümunəsi kimi dəyərləndirilməlidir.

Dünya liderlərinin, ictimai-siyasi xadimlərin, vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə planetin ən böyük problemlərindən olan iqlim dəyişikliyi məsələlərinin müzakirəsinə həsr ediləcək belə bir mötəbər tədbirə ev sahibliyi etmək ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Belə ki, bu konfransda ciddi ekoloji problemlərin müzakirəsi və həlli yollarının axtarılması ilə yanaşı, Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini ekoloji terrora məruz qoyması bir daha sivil dünyanın diqqətinə çatdırılacaq.

COP29 Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ölkəmiz noyabr ayında BMT-in mötəbər konfransına ev sahibliyi edəcək. COP29-dan əsas gözlənti inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə ödəniləcək iqlim maliyyəsi hədəflərinin müəyyənləşdirilməsidir. Bu, qlobal istiləşmənin 1.5 dərəcə selsi hədəfinə nail olmaq və iqlim dəyişmələrinin ən çox təsir etdiyi ölkələrin problemlərinin həlli üçün vacibdir.

Milli Məclisin deputatı qeyd etdi ki, COP29-da konsensusa nail olunacağına ümid edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi məsələlərində bir-birini ittiham etmək və günahlandırmaq əvəzinə öz imkanları daxilində iqlim problemlərinin həllinə töhfə vermələrinin vacibliyini vurğulayıb. Ölkəmiz tarixi "Bakı Sazişi"nin əldə olunması üçün çalışsa da, real irəliləyiş əldə etmək üçün bütün tərəflərin birgə səyləri və konstruktiv iştirakı vacibdir. Bu məsələdə bütün tərəflər kollektiv məsuliyyət daşıyır. Beynəlxalq ictimaiyyət COP-29-dan yeni iqlim maliyyəsi hədəflərinin müəyyənləşdirilməsi ilə bağlı iddialı addımlar gözləyir.

P.Vəliyevanın sözlərinə görə, Azərbaycan Fəaliyyət Planı (Action Agenda) təqdim edib. Burada 14 təşəbbüs müəyyən edilib. Bu təşəbbüslər iqlim dəyişmələrinin özəyində dayanan bir sıra problemlərin, qlobal istiləşmə, su qıtlığı, kənd təsərrüfatı, enerji olmaqla, ümumilikdə dəyişmələrə adaptasiya və mitiqasiyanın yaxşılaşdırılmasına xidmət edəcək.

Təşkilat Komitəsinin üzvü vurğuladı ki, ötən həftələrdə Bakının ev sahibliyi etdiyi “İtki və Zərər” Fondunun 3-cü İdarə Heyəti iclası da xüsusi əhəmiyyətə malikdir. İdarə Heyəti iclasının gündəliyində bir neçə məsələ vardı: Fonda icraçı direktorun seçilməsi, ev sahibi ölkənin (Filippin) müəyyənləşdirilməsi, Dünya Bankı ilə Fondun İnam razılaşmasının (Trustee Agreement) imzalanması. İdarə Heyəti Katibliyə ev sahibliyi edən və Fond üçün müvəqqəti qəyyum kimi fəaliyyət göstərən Dünya Bankı ilə müqavilə bağlanması barədə danışıqlar apardı. Fonda İcraçı direktoru məhşur Afrika Risk Qabiliyyəti (Africa Risk Capacity) təşkilatının rəhbəri, seneqallı bankir seçildi. Yəni, Qlobal Cənubdan, ölkəsi keçmiş müstəmləkə olan birisi. Təbii ki, iqlim dəyişmələri fəsadlarını öz ölkəsində yaşamış bir şəxsin Fondun İcraçı direktoru seçilməsi siyasi cəhətdən uğurlu addım olub. Bu Fondun tez bir zamanda işlək olması və maliyyələşmədə aktiv iştirakı gözlənilirdi. Artıq növbəti ildən maliyyə imkanı təsirlənən ölkələr üçün açıq olacaq.  Fondun 4-cü İdarə Heyəti iclası da bu il 2-5 dekabr tarixlərində  Bakıda keçiriləcək. Bakının – COP29 Sədrliyinin bu cür strateji qərarların qəbul edildiyi tədbirlərə ev sahibliyi etməsi də çox əhəmiyyətlidir.

Pərvanə Vəliyeva əlavə etdi ki, "Bakı İqlim Fəaliyyəti Həftəsi" COP29-a hazırlıq məqsədilə keçirilən  önəmli tədbirlərdən biridir. Tədbirdə iqlim dəyişmələrinin fəsadları ilə bağlı geniş müzakirələr aparılır. Bu təşəbbüsün növbəti illərdə də keçirilməsi planlaşdırılır. Ötən həftə BMT Baş Assambleyası çərçivəsində keçirilən Nyu -York iqlim həftəsindən sonra bu tədbir xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar bir daha belə bir əminliyə əsas verir ki, Bakıda keçiriləcək COP29 iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın liderliyini nümayiş etdirmək üçün bir platforma olacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”